QIR SAQQIZ! (felyeton)

 

 

Bəri başdan onu deyim ki, ömrü boyu Hacı və Kərbəla tituluna sahib olmaq niyyətində olmayan və Allah-təala tərəfindən bu arzusuna çatdırılan Mirzə Cəlil Məmmədquluzadə qağamı Allah qəni-qəni rəhmət eləsin! “Amin” deyən dillər var olsun!

Hə, onu da bu başdan deyim ki, elə uşaqlığımız da bu cür keçib. İndiki kimi... Yoxsul, səfil.

İl - on iki ay kəndə yay tətilinə gələn erməni dığalarının tez getməsini arzulayardıq ki, böyük qardaşımızın (bəlkə də dədəmizin) erməni haxciklərinin diqqətini cəlb eləməkdən ötəri onlara aldıqları topu bizə qoyub gedəcəklər, biz də hər gün dərsdən qaçıb, quzularımızı qabağımıza qatıb gedib kövşəndə top-top oynayacağıq.

Əlqərəz ki, olmayan ağlımızla min bir xəyal qurduğumuz bu cür vaxtların birində müsəlman gədələrdən kimsə, hardansa qapqara, qıra bənzər bir şey tapıb gətirirdi, adını da qoyurdu saqqız. Biz də sevinə-sevinə onu bölüşdürürdük və salırdıq ağzımıza, "larchalarc"la başlayırdıq çeynəməyə. Çeynəyə-çeynəyə də xoşbəxtcəsinə başlayırdıq qan-tər içində qardaşımızın (bəlkə də dədəmizin) aldığı topun dalınca o yan, bu yana cuman axmaq erməni dığalarına tamaşa eləməyə…

Amma bir azdan həmən o ”saqqız” adında qır necə yapışırdısa dişlərimizə, ya uzun müddət qalardı dişlərimizin arasında. Ya da dişlərimizin bir neçəsi çıxıb qalardı ”saqqız” adında qırın arasında…

Bax o qara şey, hansı ki, bizə saqqız adıyla sırınardı, həyasızcasına ədəbiyyata qədər gedib çıxdı. Adını da qoydu QIR SAQQIZ...

Hə, bu eşitdikləriniz QIR SAQQIZın el arasındakı yığcam tərcümeyi-halı idi ki, qulluğunuza ərz elədim.

İndi isə həmən o elin arasında QIR SAQQIZ kimlərə deyilər, onu da deyim, sayəmdə bir az mərifət sahibi olun. Birdən gərəyiniz olar dana…

Keçək mətləbə…

Məsələtün, əgər ki, sən vətən deyilən zadı şəksiz və şübhəsiz sevirsənsə, özü də lap dərdindən dəli divanəsənsə, o isə sən binəvanı bəyənmirsə... Məsələn, bütün günü sən onu vəsfi-cahan edirsən, amma o vəsfi-cahan etdiyin vətənindəcə acından az qalırsan öləsən, yəni, qərib kimi bir şeysən...

Demək ki, sən bir tuği-lənət olub keçmisən bu yazıq vətənin boğazına, yəni ki, sən QIR SAQQIZ olub yapışmısan bu yazıq vətəndən.

Bax bu sənin üçün, necə deyərlər, bir "məqami-mahmuddu"...

Əgər istifadə eləməsən, deyərlər:

– Balam, nə istəyirsən bu yazıq vətəndən. Sənə nə var, nəyi düzdü, nəyi qıyqacıdı?!. Çəhənnəm ol çıx qoy get işinə, gücünə. İmkan ver, istədiyimiz kimi dövranımızı sürək!..

Hə, bax QIR SAQQIZ budur! Doğrudan da cəhənnəm ol çıx get da. Bir halda ki, bu "vətən" dediyin məmləkətdə bəni-adəm yerinə qoyulmursan...

Və yaxud da ki, vətən olmasın olsun bir bəni-adəm. Tutalım ki, onun dərdindən dəli divanəsən... O bəni-adəm isə sən ona lazım olandan-olana sənin mürdəşir yumuşama, yəni suratına gülür. Səni əldən buraxmamaqdan ötəri hərdən (lap hərdən e...) əlaqeyi-siyasiyyə qurur...

Sənsə qulağı sallaq bir davar, yəni qoyun kimi (əlavə oxu: İraq qoyundan) başını salıb aşağı səmtə, yəni sinənin qənşərinə, ağına-bozuna baxmadan elə hey deyirsən:

"Sən mənim qəlbimə hakim,

Sənə qul oldu könül..."

Bir sözlə, yapışmısan bu binəvadan, əl götürmürsən inadından...

Bax onda, bil və agah ol ki, sən QIR SAQQIZSAN ...

Bil və agah ol ki, o xanım səni xoruza yük eləyəndən sonra sənə deyəcəklər:

– Balam, nə QIR SAQQIZ olub yapışmışan bu qaragündən. Açıl yazığın başından, qoy rahat həyatını yaşasın da...

Ya da ki, tutalım lap qənşərindəki öz əhli-əyalındı…

Sən onu sevirsən, ona sadiqi-qul kimi bir şeysən. Sənə desə ki, dombalaq aş, sən beş dəfə aşırsan… İntəhası, o da səni heç belə adam yerinə qoymur ha... Necə deyərlər, qazancını yeyir, özünü də sütül supa kimi minir! (araqızışdırmaq olmasın) Gecə-bə gündüz harda gəldi veyillənir, sən də səsini çıxardanda qardaşları cumuşub səniciyəz salırlar təpiklərinin altına, qəşəngcənə çığnayırlar, lap hamiləlik dövrünü təzəcə başa vurmuş eşşəyin əziz balası kimi...

Bax bu cür məqamlarda adama deyərlər:

– Balam, nə QIR SAQQIZ olub yapışmışan bu övrətdən?

Görmürsən səni saymır!? Bəyəm, bu gen dünyada başına zövcə-zənən xeylağı qəhətdir?!.

Və yaxud da ki, hesab elə sən bir ağsaqqal adamsan. Bir dənə də şirin-şəkər nəvən var! Onu ciyəz o qədər sevirsən, o qədər sevirsən ki, heç öz balalarını o qədər sevməmisən. Az qalırsan ki, gözünün yağını yedizdirəsən uşağa.

Hər axşam işdən gəlirsən. Sürücü səni düşürüb canını səndən qurtaran kimi o boyda şirkət müdürü, dönüb olursan balaca bir meymun. Ki, uşağın könlünü oxşayasan...

Bu nəvən gözünə döndüyüm də heç səni adam yerinə qoymur ha... Amma sən inadından əl götürmürsən. Hətta ona bir dənə də küçük alıb bağışlayırsan…

Günlərin bir günü nəvən qəfil dilə gəlib deyir:

– Əşi nə QIR SAQQIZ olub yapışmısan yaxamdan?! Çəhənnəm ol, imkan ver da... Görmürsən itimlə oynayıram?!

Qıraqdan QIR SAQQIZA bu cür də məsəl çəkmək olar...

Tutalım ki, sən tez-tez naxoşlayırsan... Dərdinə də əlac tapılmır. Ölüm də səhərdən axşama qədər bütün işlərini atıb, düşüb dalınca. Bir sözlə, sənin avarandı... Fırlanır ətrafında

Sən də yarı canınla yapışırsan ömrün boyu əyyaşlıqla yaşadığın həyatın ətəyindən ki, ölmək istəmirəm...

Bax, bu cür anlarda lap əvvəldən dediyim məqami-mahmudu gözləməyə əşşədi ehtiyac yoxdur... Onsuz da onu sənə heç kəs verməyəcək.

QIR SAQQIZ olma...

Öl qurtar ki, sənin də canın qurtulsun, səndən də canları qurtulsun...

Uzun sözün mustafası budur ki, heç vədə QIR SAQQIZ olma...

Özün bil, ola da bilərsən... Amma mütləqdir ki, olsan, nə hörmətin qalacaq, nə də izzətin...

Odur ki, mən də sənə məsləhət verməkdən vaz keçirəm ki, deməyəsən :

– Nə QIR SAQQIZ olub yapışmısan yaxamdan, əl çək da?!

Xudaferin.eu

15:59