QHT Koalisiyası dağılma ərəfəsində: “Altılıq” kompromisdən qaçır

 

Ötən ilin aprel ayında “Mədən sənayesində şəffaflığın artırılması” QHT Koalisiyasına keçirilən seçkilər ciddi narazılıqlara səbəb oldu. Seçkilərdən sonra Koalisiya təmsilçiləri arasında yaranan problem 1 ilə yaxındır ki, öz həllini tapmır. Qeyd edək ki, seçkilər zamanı Milli Şuranın Koordinasiya Mərkəzindən göndərilən məktubda yazılan 400 min manatlıq ittihamdan sonra yaranan narazılıq Koalisiyanı parçaladı. Hal-hazırda da Koalisiyada narazılıq qarşılıqlı ittihamlar şəklində davam edir. Hazırda Koalisiya 6-nın 5-ə nisbətində parçalanıb. Altılıq Koalisiyada çoxluğa sahib olduğu üçün kompromisə getməkdən imtina edir. Koalisiyada təmsil olunan beşlik isə təkrar seçkilərin keçirilməsini tələb edir və ötən il keçirilən seçkilərdə qanunsuzluqların olduğunu deyir. Qarşı tərəf isə bu iddiaları qəbul etmir və sahib olduqları səs çoxluğundan istifadə edərək problemin həllinə mane olurlar. Problemin həlli üçün “Mədən sənayesində şəffaflığın artırılması” QHT Koalisiyasının əsas koordinatorlarından sayılan Sabit Bağırov Koalisiyada yaranan narazılığın aradan qaldırılması üçün Şuraya müraciət ünvanlayıb. Müraciətdə deyilir: “Öncəki müzakirələrdə tez-tez səslənən belə bir fikir var idi: Koalisiyanın son Ümumi Yığıncağında demokratik seçkilər keçirilib və hər şey qaydasındadır. Narazılıq bildirənlər isə haqlı deyil.

Bəli, seçkilər demokratik keçirilib. Bunu heç kəs inkar edə bilməz və inkar etmir. Amma bu o deməkdirmi ki, narazılar olmamalıdır? Fikrimcə, bu səhv yanaşmadır. Narazılar ola bilər və bizim halda var. Haqlıdırlar və ya haqlı deyillər, bu başqa məsələdir. Amma varsa, buna normal baxmaq lazımdır. Məgər demokratik seçilən prezidentlərə impiçment kimi bir tələb olmurmu? Olur. Səhv etmirəmsə son dəfə impiçment tələbi Venesuela prezidentinə qarşı irəli sürülmüşdü. Lakin Konstitusiya Məhkəməsi parlament qərarını səhv etmirəmsə, rədd etdi.

Yəni narazılığa normal münasibət olmalıdır. Narazılarla dil tapmağa, kompromislərə getməyə çalışmaq lazımdır. Mən təkliflər üzərində düşünəndə çalışdım ki, kompromislər əks olunsun bu təkliflərdə. Konfliktin tərəfləri kompromislərə getməzlərsə, ÇQ-nin növbəti toplantısına çox güman ki, Koalisiyanın bütün üzvləri dəvət ediləcək. Bu isə heç də yaxşı hal deyil. Şura üzvlərinin çoxluğu (6 nəfər) yenə deyə bilər ki, demokratik seçkilər keçirilib və ÇQ iclasına çoxluğun seçdiyi üzvlər getməlidir. Amma bu seçimlə razı olmayan Şura üzvləri də var və sayca az deyillər. Ona görə kompromislərə fikrimcə, getmək lazımdır. Başqa variant da var. Növbədənkənar Ümumi Yığıncaq keçirilir və rəhbər orqanlar yenidən seçilir. Yəni, belə görünür ki, Koalisiyanın birliyini saxlamaq üçün ya kompromislərə və ya ümumi yığıncağa getmək lazımdır. Başqa alternativ varmı?”

Sabit Bağırov kimi seçkilərdən narazı olan digər Koalisiya üzvləri də kompromislərə və ya ümumi yığıncağa getməyin tərəfdarıdır. Bir ilə yaxındır ki, davam edən narazılığın başqa cür həll olunacağı da çətin görünür. Müzakirələrdə iştirak edən QHT Koalisyasının üzvləri də bu təklifi dəstəkləyir. Bu problemin həlli üçün bu günə aparılan heç bir müzakirə nəticə vermədiyi üçün bunun başqa yolu da qalmayıb. Qeyd edək ki, Koalisiyada çoxluğa (altılığa) rəhbərlik edən Qubad İbadoğludur və məhz onun kompromisə getməkdə imtina etdiyi üçün bu problemin həll olunmadığı deyilir. Sabit Bağırovun Koalisyaya təqdim etdiyi müraciətə yazılan rəylərə nəzər salsaq, görərik ki, əslində bir çox Koalisiya üzvləri bu təkliflə razıdır və Koalisiyanın yeni seçkilərə getməsinin tərəfdarıdır. Ancaq qarşı tərəfin (altılığın) bu təkliflərlə razılaşacağına o qədər də ümid bəslənilmir. Belə ki, Koalisiyanın aparıcı simalarından olan Sahib Məmmədov yazdığı şərhdə qeyd edir ki, “Çoxluq dediyiniz buna razı ola bilməyəcək. Ən azı öz iradələrini ifadə etmək imkanında deyillər. Ən yaxşı halda manevr edəcəklər. Sabit bəy, Sizin də iştirak etdiyiniz bir görüşdə onlar şifahi razılaşmışdı bu məslələrin çoxuna”. S.Məmmədovun yazdığından belə məlum olur ki, qapalı müzakirələrdə altılıqda təmsil olunan bir çox şəxslər Sabit Bağırovun verdiyi təkliflərlə razılaşır, ancaq sonra məlum səbəblərdən fikirlərini dəyişirlər.

Hər bir halda bu problem özümü tezliklə tapmalıdır ki, Koalisiya öz normal fəaliyyətini bərpa edə bilsin. Hal-hazırda Koalisiya yalnız formal xarakter daşıyır. Bu isə Azərbaycanda Vətəndaş Cəmiyyətinin imicinə ciddi zərbə vurur. Qeyd edək ki, Koalisiyada hər 2 ildən bir seçkilər keçirilir. Son seçkilərdən 1 ilə yaxın vaxt keçib, amma Koalisiya yaranan problemi həll edə bilmir. Bu isə Azərbaycanın ən böyük QHT Koalisiyasını dağılmaq dərəcəsinə gətirib. Görünən odur ki, QHT Koalisiyasının dağılmasında da maraqlı olan tərəf var. Məhz buna görə də uzun zamandır davam edən narazılığa nöqtə qoyulmur.

Vilayət Muxtar

Cebhe.info

 

10:59