Qazaxlı şairin yubileyi qeyd edilib

 

Qazaxda Ədəbiyyat Muzeyində Azərbaycan Yazıçılar və Aşıqlar birliklərinin üzvü, şair Mübariz Qaragözlünün 50 illiyinə həsr olunmuş yubiley tədbiri keçirilib. Əvvəlcə Aşıq Ədalət Nəsibovun xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov M.Qaragözlünü səmimi qəlbdən təbrik edib, ona gələcək işlərində, yaradıcılığında daha böyük nailiyyətlər arzulayıb. Qeyd edilib ki, bu gün Qazax torpağı öz şairləri, yazarları, saz-söz adamları ilə bütün dünyada məşhurdur. Sevindirici haldır ki, həmin yaradıcılıq ənənəsi bu gün də davam edir. M.Qaragözlü kimi şairlər poeziyamızda öz dəst-xətti ilə seçilərək o ənənəni yaşadırlar.

Tədbirin aparıcısı, AYB-in Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal yubilyarın həyat və yaradıcılığından ətraflı söz açıb. Qeyd edib ki, şeirləri ardıcıl olaraq respublikanın ədəbi qəzet və jurnallarında, almanaxlarda çap olunur. M.Qaragözlü çıxış edərək respublikamızda şairlərə, saz-söz adamlarına göstərdiyi diqqət və qayğıya görə ölkə başçısına öz dərin minnətdarlığını bildirib. Onun yaradıcılığına yüksək dəyər verdiyinə görə tədbirin təşkilatçılarına təşəkkürlərini çatdırıb, yeni şeirlərini oxuyub. Sonda aşıqlar sazda şairin şeirlərini oxuyublar.

Xudaferin.eu
“Qazax Bürosu”

10:00