Qazaxların Azərbaycanda batan milyonları: Kim qaytaracaq?

 

Hafiz Babalı: “Vəsaitin qaytarılmaması ehtimalı yoxdur”

Qazaxıstanın Vahid Yığım Pensiya Fondunun bir qədər əvvəl xarici borclarını restruktizasiya etməyə qərar vermiş “Azərbaycan Beynəlxalq Bankı” ASC-də (ABB) 71 milyard tengedən çox (bugünkü məzənnə ilə 383,4 milyon manat) pulu qalıb. Qazaxıstan mətbuatının məlumatına görə bu ölkənin Xarici İşlər Nazirliyi həmin vəsaitin geri qaytarılması üçün Azərbaycan tərəfi ilə diplomatik kanallar vasitəsilə aktiv əməkdaşlıq etməyə qərar verib.Rəsmi Astana ABB-nin qiymətli kağızlarına qoyulmuş pulların batacağından ehtiyat edir. Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı 3,3 milyard dollar həcmində borcun restrukturizasiyasına nail olmaq məqsədi ilə mayın 11-də Nyu-Yorkda məhkəməyə müraciət edib. Restrukturizasiya kreditin və ya onun qaytarılması şərtinin dəyişdirilməsi deməkdir. ABB-ın ən azı 2,3 milyard dollar borcu və Dövlət Neft Fondundan 1 milyard dollar depoziti olduğu bildirilir. Martda bankın iri kreditor Cargill Financial Services International Inc. -ə 715 milyon dollar həcmində kreditə görə ödəniş etmədiyi iddia olunub. 2016-cı ilin iyun ayına olan vəziyyətə görə bankın aktivləri 8,3 milyard dollara yaxın olub. Müştərilərin hesabları da daxil olmaqla, öhdəliklərin ümumi məbləğinin 8 milyard dollar təşkil etdiyi bildirilir.Mayın 11-də Azərbaycan hökumətinin bankın öhdəliklərinin dövlətə ötürülməsinə qərar verdiyi açıqlanıb. Bu öhdəliklərin cəmi məbləği barədə isə rəsmi bilgi verilmir.Maraqlıdır, Beynəlxalq Bankın borclarının ödənilməsi istiqamətində öncəlik necə müəyyən olacaq? Ümumiyyətlə, Qazaxıstanın borc tələbi necə yerinə yetiriləcək?

İqtisadçı-ekspert Hafiz Babalı bildirib ki, vəsaitin batma ehtimalı sıfır səviyyəsində qiymətləndirilə bilər. Ekspert fikrini Azərbaycan dövlətinin Beynəlxalq Bankın xarici valyuta öhdəliklərini qarşılamaqla bağlı qərarı elan etməsilə əlaqələndirib: “Söhbət ABB-nın avrobondlarından gedir ki, onları Qazaxıstanın pensiya fonu alıb. İstənilən halda qiymətli kağızların ödənilməməsi ilə bağlı hər hansı problem yoxdur.Sadəcə o borcların qaytarılma müddəti var. Restrukturizasiya kreditin və ya onun qaytarılması şərtinin dəyişdirilməsi kimi məqamları nəzərdə tutulur.Ümumiyyətlə, borcun geri qaytarılmaması məsələsi yoxdur.Sadəcə borclar müəyyən dövrə qədər təxirə salına bilər. Təbii ki, Qazaxıstanın Vahid Yığım Pensiya Fondunun narahatçılığı başa düşüləndir.Çünki həmin borclar üzrə faizlərin ödənməsi də dayandırılır.Amma Azərbaycan dövləti məbləği də elan edib, həmin borcları ödəməyə hazır olduğunu da bildirib.Azərbaycan hökuməti hesab edir ki, ABB borcu müəyyən olunmuş müddətlərdə qaytara bilmir və o, öhdəlikləri özü qarşılamağı elan edir.Hesab edirəm ki, bu halda ciddi narahatçılığa əsas yoxdur”.

İqtisadçı onu da qeyd edib ki, beynəlxalq təşkilatlar, maliyyə qurumları ABB-a kredit vəsaitləri yerləşdirib, eyni zamanda bankın qiymətli kağızların alıb: “Təbii ki, müəyyən dövrlərdə restrukturizasiya planı tətbiq olunana qədər problemlər olacaq. Plan təsdiq olunacaqsa, o vəsaitlərin geri qaytarılması ardıcıllığı müəyyən olunandan sonra məsələlər gec-tez öz həllini tapacaq.Burda ciddi bir məqam var. Qazaxıstanda vətəndaş cəmiyyəti, eləcə də hakimiyyət bu problemdən çox narahatdırlar.Çünki orada Qazaxıstan vətəndaşlarının vəsaitlərindən formalaşmış bir fond var və o fond vəsaitlərini maliyyə bazarlarında yerləşdirib. ABB-nın bu qədər vəsaitləri açıq şəkildə talan olunub. O vəsaitləri ötən il, hətta bir il ondan öncəki ilin büdcəsindən ödəməyə başlamışıq. Amma vətəndaşlar bundan narahatlıq keçirmirlər.Bizim dünya ilə fərqimiz budur.İtirilən, batan və büdcəmizdən ödənilən vəsaitləri öz vəsaitimiz kimi qəbul etmirik.Halbuki bu gün Azərbaycanın gündəmi məhz bu müzakirələr olmalıdır. “İslam Oyunları”nda qazanılan ucuz qızıl medallar və digər “nailiyyət”lər müzakirə olunmalı deyil.Bugünkü Azərbaycan cəmiyyətinin iqtisadi-siyasi gündəmi məhz bu problem olmalıdır.Çox acınacaqlı haldır ki, vətəndaş cəmiyyəti susqunluq nümayiş etdirir, eyni zamanda dövlət sanki iqnor siyasəti yürüdür.Yəni, vətəndaş cəmiyyətin saymamaq, problemləri sanki təkbaşına həll edir kimi özünü göstərir”.
 

Azərbaycan hökuməti ABB-nin xarici borc öhdəliyini yerinə yetirə biləcəkmi?
 

Hafiz Babalı vurğulayıb ki, qanunvericiliyə görə bank öz öhdəliklərini yerinə yetirə bilmirsə, o, müflis sayılır: “Öhdəliklərin həcmi məlumdur. 3.3 milyard dolların içində Neft Fondunun ABB-a yerləşdirdiyi depozitlər də var. Hansısa məntiqlə dövlət Neft Fondunun vəsaitini də ödəməyi boynuna götürür, amma əslində göstərilmir.Bugünkü gündə həmin borcu qarşılayacaq ilk ağıla gələn mənbə Neft Fondu olur. Digər mənbə Mərkəzi Bankın ehtiyatları hesabına ola bilər. Amma Mərkəzi Bankın bunu edib-etməyəcəyi sual altındadır.Eyni zamanda növbəti mərhələdə ABB-ın krediti geri qaytarılması öhdəliyi olmalıdır.Yəni, dövlət birtərəfli bağışlama qaydasında bu vəsaitləri verməməlidir. ABB nə qədər dövlət bankı olsa da, bu, eyni zamanda bir kommersiya təşkilatıdır. Necə ki, bankın köhnə rəhbərliyi və müşahidə şurası bu banka bir növ əlavə cib kimi baxırdılar. Təminatsız kreditlər, arxasında heç bir iqtisadi səmərə hiss olunmayan layihələrə, həmçinin xarici ofşor (vergidən tamamilə azad olunmuş və nəzarəti zəif olan) zonalara təminatı qiymətli kağızlar olan vəsaitlər veriblər.Cəmiyyət bu məsələləri müzakirə etməli, öz məsuliyyətini dərk etməlidir. Milyardlar ölkəyə gəldi getdi.Mərkəzi Bankın iştirakı ilə bunun böyük bir hissəsi Beynəlxalq Bank vasitəsilə istifadə olundu. Amma bu banka ictimai nəzarət olmadı. Bankın müşahidə şurası istədiyi qərarları verir, amma məsuliyyət anında sanki burda müşahidə şurası olmayıbmış kimi davranır.Hər şeyi Cahangir Hacıyevin üzərinə atmaqla hökumət sanki öz məsuliyyətini kənara qoyur.İndi bunun əziyyətini vətəndaşlar çəkir.Hakimiyyət isə bunun fərqində deyil sanki.Azərbaycan dövləti öz vətəndaşları ilə hesablaşmır”.

 

Yeganə Oqtayqızı

Cebhe.info

 

09:28