Qazaxıstan üçün YENİ DÖNƏM

 

Məhəmməd Əsədullazadə:“Konstitusiya dəyişikliyi ölkənin inkişafına, iqtisadi və siyasi sferada geniş islahatlara gətirib çıxaracaq”

Qazaxıstan parlamentinin Məclis və Senatının (Aşağı və Yuxarı Palata) birgə iclasında ikinci və yekun oxunuşda ölkə konstitusiyasına əlavə və dəyişikliklər edilməsi barədə qanun layihəsi qəbul olunub. Konstitusiyaya edilən əlavə və dəyişikliklər ölkədə Parlamentin rolunun artırılmasına istiqamətlənib. Sənəd hökumətin formalaşmasında Məclisin rolunu genişləndirməklə yanaşı, parlament palatalarının Nazirlər Kabinetinin fəaliyyətinə nəzarət etmək səlahiyyətini gücləndirir. Bu isə onu deməyə əsas verir ki, Qazaxıstan artıq Parlamentli respublika olacaq. Müstəqillik dövründən bu günə qədər prezident üsul-idarəsi ilə idarə olunan Qazaxıstan, parlamanetli respublika kimi özünü doğruldacaqmı? Əgər yaxın ətrafındakı bütün ölkələr prezident üsul-idarəsindədirsə, parlamentli respublikaya çevrilmək Qazaxıstanda qarşıdurmalara, xaosa səbəb ola bilərmi?

Politoloq Məhəmməd Əsədullazadə bildirir ki, Nazarbayevin bu addımı özündən sonrakı Qazaxıstanın idarəsində yarana biləcək boşluqları aradan qaldırmağa hesablanıb: “Özbəkistan prezidenti İslam Kərimovun ölümündən sonra Qazaxıstan prezidenti Nursulatan Nazarbayev xalqa müraciətində öz hakimiyyətini parlamentlə bölüşəcəyini qeyd etməsi region üçün gözlənilməz oldu. Bu dəyişikliklər Mərkəzi Asiyada yeni dönəmin başlanmasına səbəb olacaq. Nazarbayev bu addımı atmaqla özündən sonra ölkənin idarə etməsində boşluqların ortaya çıxmasının qarşısını almaq, dövlətin institusional srtukturlarını möhkəmləndirmək və xarici güc mərkəzlərin daxili siyasətə təsirini azalmaq məqsədi güdür. Qeyd edim ki, bu dəyişikliklər ölkənin inkişafına, iqtisadi və siyasi sferada geniş islahatlara gətirib çıxaracaq. Konstitusiya dəyişikliyi prezidentin maliyyə, iqtisadiyyat və inzibati sahələr daxil olmaq üzrə 35 səlahiyyətinin parlamentə təhvil verilməsini nəzərdə tutur. Ancaq islahatların 26 ildir prezident olan Nazarbayevin mövqeyində gerçək bir dəyişiklik etməsini gözləmirəm”.

Xaos təhlükəsi varmı?

 

Politoloq əlavə edib ki, Qazaxıstanda baş verə biləcək hər-hansı bir qarşıdurma bütün regionu bürüyəcək: “İndiki konstitusiyaya görə, bütün kabinet üzvləri prezident tərəfindən seçilir. Əksəriyyəti Nazarbayevin “Nur Otan” partiyasından olan parlamentdə güclü bir müxalifət partiyası də yoxdur. Prezidentin əleyhdarları islahat paketinin demokratik bir irəliləyiş deyil, yalnız Nazarbayevin vəzifəsini oğluna təhvil vermək üçün etdiyi bir hazırlıq olduğunu deyir. 76 yaşlı Nazarbayev isə prezidentliyindən sonra kimi dəstəkləyəcəyinə dair indiyə qədər dəqiq bir açıqlama verməyib. Həmçinin bu dəyişikliklərlə bağlı suallar qalmaqdadır. Hesab edirəm ki, Nazarbayev uzaqgörən siyasətçidir və ölkəsində baş verəcək hər hansı siyasi böhranın bütün regionu bürüyəcəyini çox gözəl bilir. Qonşu ölkələrdə güclü prezident üsul-idarəsinin möbcudluğuna rəğmən parlamentli respublika sistemi Qazaxıstan üçün ciddi təhlükə deyil. Çünki, bu ölkələr iqtisadi və siyasi cəhətdən çox zəifdirlər və ciddi təsir imkanlarına malik deyillər”.

M.Əsədüllazadə əlavə edib ki, regionda marağı olan böyük güclər siyasi boşluqdan istifadə edib, ölkədə xaos yarada bilər: “Hazırda Mərkəzi Asiyada ABŞ, Rusiya və Çinin maraqları toqquşur. Maraqları toqquşan güclər müəyyən boşluqdan istifadə edib ölkədə siyasi böhran və xaos yarada bilər. Ona görə də daxili siyasi sabitlik üçün bu çox vacib idi. Nazarbayevin hakimiyyəti illərində müxalifət partiyaları sıxışdırılıb, vətəndaş cəmiyyəti institutları zəiflədilib. Hal-hazırda da ciddi şəkildə vətəndaş cəmiyyəti problemlər yaşamaqdadır. Bunları nəzərə alaraq qeyd etmək lazımdır ki, parlament respublikasında siyasi partiyaların inkişafı və digər müxalif siyasi-ictimai təşkilatların inkişafına təkan verəcək. Parlament üsul-idarəsi Qazaxıstan üçün optimal variantdır və bunun gələcək perspektivdə özünü tam doğruldacağına şübhə yoxdur. Nazarbayev bu dəyişikliklərə getməsəydi özündən sonra siyasi böhran və Rusiyanın siyasi müdaxiləsi qaçılmaz olacaqdı. Bu da ciddi siyasi proseslərə yol açacaqdı. Qazaxıstan Özbəkistan deyil, bu ölkə regionda inkişaf etmiş iqtisadi və mədəni həyatın tərkib hissəsinə çevrilib və bu dəyişikliklər zərurətdən irəli gəlib”.

 

Vilayət Muxtar

Cebhe.info

 

09:46