Qazaxıstan telekanalı yeni Bakı Limanından reportaj hazırlayıb

Qazaxıstan telekanalı yeni Bakı Limanından reportaj hazırlayıb.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən AZƏRTAC-a bildirilib ki, Qazaxıstanın ilk milli peyk telekanalı və ölkənin ən böyük media holdinqi olan “Khazakh TV”nin “Visa Free” proqramının çəkiliş qrupu Azərbaycanda olub. Proqramda Ələt qəsəbəsində yerləşən yeni Bakı Limanına xüsusi yer ayrılıb. Reportajda “Şimal-Cənub” və “Şərq-Qərb” nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən yeni Bakı Limanının Xəzər dənizinin ən qədim limanı olduğu qeyd edilib.

Bakı Limanının baş direktoru Taleh Ziyadov Qazaxıstanla Azərbaycan arasında olan ticari münasibətlərdən söhbət açaraq deyib: “Kurik limanı vasitəsilə artıq 1 milyonadək yük aşırılıb ki, bu da qısa müddət öncə fəaliyyətə başlayan liman üçün böyük göstəricidir. Mən güman edirəm ki, yaxın 5 ildə məhz bu dəhlizin effektiv və rahat istifadəsi nəticəsində qarşıya qoyduğumuz məqsədlərə daha rahat çata biləcəyik”.

AZƏRTAC

18:50