“Qazancım xalqımın məhəbbəti olub...”

Xalq artisti Ağasadıq Gəraybəyli haqqında

O, Fransada, ya da Avropanın inkişaf etmiş ölkələrinin birində anadan olsaydı, bu gün dünya teatr və kino sənətinin ən parlaq ulduqlarından biri sayılacaqdı. Hətta Moskva kimi mədəniyyət paytaxtında “Rus Teatrı”nın xarakterik obrazlar silsiləsindən ən dahi sənətkarı kimi qəbul ediləcəkdi. Bu böyük və müqtədir sənətkar sadəcə Azərbaycanın mədəni mühitinin ünlü sənətçilərindən biri olaraq parladı. Bütün həyatı boyu bir-birindən maraqlı yaratdığı parlaq obrazlar palitrası Azərbaycan mədəniyyəti durduqca Ağasadıq Gəraybəylinin adı azman səhnə ustalarımızın sırasında ən layiqli yerlərdən biri kimi qeyd olunacaq. Dünya teatr sənəti tarixində 80 il səhnədə parlaq obrazlar yaratmaq hər aktyora nəsib olmayan bir taledir. Bunu ancaq Ağasadıq Gəraybəyli kimi azman, usta sənətkar bacarmışdır.  

Böyük səhnənin fədaisi 

Xarakterik obrazlar palitrasının böyük ustadlarından biri olan Ağasadıq Gəraybəylinin sənəti realizm prinsiplərindən güc almış, onun tələbləri fonunda inkişaf etmiş, qol-budaq atmışdır. Bu böyük aktyor bütün janrda olan obrazları yüksək bədii səviyyəyə qardırmaq qüdrətində olan bənzərsiz sənətkarlardandır. O, özü ilə səhnəyə sağlam gülüşdən əlavə, həyatilik gətirmək qabiliyyətinə malik idi. Onun səhnədə və çəkildiyi filmlərdəki  bütün jestləri, mimikaları, hərəkətləri obrazın açılmasına dəlalət edirdi. Ağasadıq Gəraybəyli 1908-ci ildən 1988-ci ilə kimi düz səksən il Azərbaycan səhnədə müxtəlif xarakterli obrazlar yaradan nadir aktyorlardandır.
Xalq artisti Ağasadıq Ağaəli oğlu Gəraybəyli 1897-ci il yazın gəlişinə çox az müddət qalmış bir vaxtda, martın 15-də Şamaxıda dünyaya göz açıb. Çox kiçik yaşlarında ailəsi ilə birlikdə Bakı şəhərinə köçüblər və o bu şəhərdə Azərbaycan-rus məktəbində təhsil alıb. Təhisl aldığı dönəmdə Müslüm bəy Maqomayevdən, Məmmədhənifə Terequlovdan musiqi təhsili mənimsəyib, nəsli alətləri sərbəst ifa edə bilirdi. Atasını çox erkən itirən Ağasadıq Gəraybəyli 11 yaşı olanda yəni 1908-ildə böyük qardaşı, görkəmli faciə aktyoru, Azərbaycanda romantik aktyorluq məktəbinin banisi Hüseyn Ərəblinskinin yaratdığı teatr truppasının rejissor köməkçisi Ağaların təşəbbüsü ilə ilk dəfə səhnəyə çıxır. Ağasadıq Gəraybəyli bu haqda belə yazır: “Məni teatra böyük qardaşım Ağalar gətirib. O, teatra bağlı adam idi. Həvəskar kimi tamaşalarda çıxış edirdi. Həm də Azərbaycanın görkəmli faciə aktyoru H. Ərəblinski ilə dostluq edirdi. Biz bir küçədə yaşayırdıq. Hüseyn bizə tez-tez gələrdi. Hətta öz rollarını bizim evdə məşq edərdi. İlk dəfə 1908-ci ildə H. Ərəblinski ilə birgə onun xeyir-duası ilə səhnəyə çıxmağım məni həmişəlik teatrla doğmalaşdırdı. Hüseynin səhnəyə daxil olması, iti baxışları, özünəməxsus danışıq tərzi nəinki tamaşaçıları, elə biz aktyorları da tamaşa vaxtı ovsunlayırdı. Mən H. Ərəblinski, Abbas  Mirzə Şərifzadə, Üzeyir Bəy və Zülfüqar Hacıbəyli qardaşlarının rəhbərlik etdikləri truppalarda işləmişəm. 1921-ci ildən “Tənqid-Təbliğ Teatrı”nın aktyoru olmuşam. Bu teatrın əsasında “Bakı Türk İşçi Teatrı” təşkil olunanda ora işləməyə keçmişəm. 1933-cü ildən indiyə kimi Azərbaycan Dövlət Dram Teatrında çalışıram. Amma kinematoqrafla əlaqəmi heç vaxt qırmamışam. Hər iki sahədə eyni həvəslə və  şövqlə çalışmışam. Kinoda, teatrda çəkdiyim zəhmət layiqincə qiymətləndirilib. Qazancım xalqımın məhəbbəti olub...”

Zəngin sənət təcrübəsi və sənətin zirvəsi

Ağasadıq Gəraybəyli 1916-cı ildə Politexnik məktəbinin tələbəsi olan vaxtlarda, görkəmli  dramaturq Cəfər Cabbarlı ilə dostluğunun təməli qoyulur. O, bu illərdə “Nicat” və “Səfa” cəmiyyətlərinin teatr truppalarında çıxışlar edib, epizodik obrazlar ifa edir. 1921-1932-ci illərdə o vaxt kı, “Bakı Türk Azad Tənqid və Təbliğ Teatrında (sonralar Bakı Türk İşçi Teatrı adlandı) çalışır. 1932-ci ilin sonunda teatr Gəncəyə köçür. Ağasadıq Gəraybəyli Gəncədə qısa müddət qaldıqdan sonra indiki Akademik Milli Dram Teatrına gəlir və ömrünün sonuna kimi bu sənət ocağından ayrılmır.
Ağasadıq Gəraybəylinin ifa etdiyi mürəkkəb xarakterli obrazları üç qismə ayırmaq olar. Faciə, komik və dramatik rollar. Aktyor bunların üçünə də eyni dərəcədə müvəffəq olurdu. Nəyə görə? Çünki, A. Gəraybəylidə müşahidə etmək qabiliyyəti güclü olmaqla bərabər, o, obraza yanaşmağın üsulunu da yaxşı bilirdi. Buna görə də onun ifa etdiyi bu bir-birinə zidd obrazlar tamaşaçı təəccübünə səbəb olurdu. O, Əfrasiyab (“Səyavuş”), Prezident (“Qacaqlar”), Altunbay (“Od gəlini”), Niyaz (“Pəri cadu”), İsgəndər (“Ölülər”), Dəmirçi Musa (“Toy”), Əliqulu (“Əliqulu evlənir”), Mindilli (“Nişanlı qız”), Mahmud Səfayi (“Kəndçi qızı”), Vasya dayı (“Nazirin xanımı”), Böyükkişi Qəmbəroviç (“Mənziliniz mübarək”), Qraf Albofiorita (“Mehmanxana sahibəsi”), Anton Antonoviç (“Müfəttiş”), Dövlət bəy (“Aydın”), General qubernator (“1905-ci ildə), Satin (“Yurdsuz insanlar”), Murov (“Günahsız müqəssirlər”), Məşədi Hüseyn (“Məhəbbət”), İmran (“Yanar dərə”), Qraf de Qranşan (“Ögey ana”), Naçalnik (“Qacaq Nəbi”), İbrahim xan (“Vaqif”), Xosrov (“Fərhad və Şirin”), Vasilyev (“İşıqlı yolar”), Qoca Knyaz (“Xurşidbanu Natəvan”), Karranti (“Uzaq sahillərdə”), Atakişi (“Sevil”) və başqa müxtəlif tipli obrazlar yaratmışıdr.
A. Gəraybəylinin tamaşalarda ifa etdiyi maraqlı və uzun illər yaddaşlardan silinməyən səhnə qəhrəmanları bir çox xüsusiyyətləri ilə seçilirlər. Bu obrazlar müxtəlif təbəqədən olan insanlardır. Aktyor onların həyatda tutduğu mövqeləri dəqiq göstərməklə, tamaşaçını inamını qazanırdı.
Xalq yazıçısı, akademik Mirzə İbrahimov yazır ki; “...Məmmədquluzadənin “Ölülər” komediyasında İsgəndər, ... Qoqolun “Müfəttiş” əsərində bələdiyyə rəisini o parlaq realist boyalarla canlandırmışdır. Gəraybəyli səhnəmiz tarixində yaratdığı silinməz izlər buraxmış surətləri müxtəlif xasiyyətlidir, zəngindir... Hətta “kiçik rollarda” belə onun müstəsna səy göstərdiyi, bütün qüvvəsi ilə işlədiyi, unudulmaz və təsirli boyalar tapdığı məlumdur. Bu, sübut edir ki, Gəraybəyli üçün xırda, əhəmiyyətsiz rol yoxdur və onun ilhamı rolun ağırlığına-yüngüllüyünə görə azalıb-çoxalmır. Bu gözəl artistin sənət eşqi, yaşamaq həvəsi daim gözərən bir ocaqdır ki, böyük də, kiçik də orada eyni hərarətlə qızınır”.
Ağasadıq Gəraybəylinin səksən illik yaradıcılıq fəaliyyətinə nəzər saldıqda, onun səhnə qəhrəmanları haqqında fikirləşəndə görürük ki, bu obrazlar həmişə tamaşaçılara təsir etmiş, onları düşündürmüşdür. Onun yaradıcılığında səthi rol olmayıb. Aktyor ona tapşırılan hər hansı obrazı ətə-qana gətirə bilib, tamaşaçıya canlı insan səviyyəsində təqdim edib. A. Gərabəyli öz istedadı və zəhməti nəticəsində yaradıcılıq fəaliyyətinin öhdəsindən layiqincə gəlmiş, Azərbaycan səhnəsini bir-birindən maraqlı olan obrazlar qalereyası ilə zənginləşdirmişdir. O, ifa etdiyi obraz haqqında daim düşünmüş, onu tamaşadan tamaşaya təkmilləşdirmişdir. Gəraybəyli üçün obrazın fərqi olmamış, hansı-rol olursa olsun, onun ətrafında daim düşünmüş, ifa etdiyi personajı qəlbinin hərarəti ilə isitmişdir. Ağasadıq Gəraybəyli Azərbaycan səhnəsində mürəkkəb obrazlar yaradan görkəmli səhnə ustası idi. O, bu məsuliyyəti bütün varlığı ilə dərk edirdi. Və yaxşı başa düşürdü ki, ifa etdiyi obrazlar, artıq özünə məxsus deyil. Azərbaycan teatrının və ekran sənətinin, incəsənətin milli sərvətinə çevrilmiş örnəkləridir.

Şedevr obrazlar və əbədi sənət taleyi

Xalq artisti Ağasadıq Gəraybəylinin bir aktyor kimi çəkildiyi “Bəxtiyar” filmindəki Ağabala rolu Azərbaycan kinosunun ən şedevr obrazlarından birini yaratmışdır. Onun bu obrazın sayəsində öz fitri istedadının bütün özəlliklərini, xarakterin məzmununu bəlağətli olsa da deyə bilərik ki, Avropanın heç bir ustad sənətkarı ifa edə bilməzdi. Ağabala obrazı elə bu gününün özündə də, ən çox sevilən rollardan biridir. “O olmasın, bu olsun” filmindəki Rüstəm Bəy klassik kino sənətimizin parlaq örnəyi kimi çox dəyərlidir. Bu, film dünyanın 90-dan çox ölkəsində nümayiş etdirilmiş nadir Azərbaycan kinolarından biri sayılır.    
O, Azərbaycan kinosunda öz mövqeyi olan aktyorlardandır. Elə aktyorlar var ki, sırf teatr artistidir o, filmdə özünü göstərə bilmir. Eləsi də var ki, kino aktyorudur, səhnədə oynaya bilmir. Tam cəsarətlə deyə bilərəm ki, Azərbaycanın mədəniyyət tarixində barmaqla sayılan 2-3 aktyor var ki, onlar üçün teatr səhnəsi ilə ekranın fərqi olmayıb. Onlardan biri, bəlkə də birincisi A. Gəraybəyli idi. O, ilk dəfə 1923-cü ildə 26 yaşında “Qız qalası” filmində həkim roluna çəkilmiş və sonra ardıcıl olaraq onlarla filmdə müxtəlif obrazları ekranın yaddaşına köçürmüşdür. Onun çəkildiyi son film 1985-ci ildə 88 yaşında çəkildiyi “Nəvəmin nəvəsinin nəvəsi” filmindəki Baba obrazı oldu. Bu faktın özü sübut edir ki, dünya kinosu tarixində belə bir yaşda heç bir aktyor kino sənətinin ağırlıqlarını görüb də, 88 yaşında parlaq obraz yarada bilməzdi.
Ağasadıq Gəraybəyli otuza yaxın filmə çəkilib. Bu filmlərin hamısında aktyor bir-birindən dolğun və mənalı obrazlar yaradıb. Fikrimizcə onun bu ekran qəhrəmanları içərisində üç obraz xüsusilə seçilir ki. Bu obrazlar ilə Ağasadıq Gəraybəylinin dünyanın ən məşhur kino aktyorları ilə müqayisə etmək olar. Bu, “Bəxtiyar” filmindəki Ağabala, “O olmasın bu olsun” filmindəki, Rüstəm bəy və “Qızmar günəş altında” filmində ifa etdiyi kolxoz sədri Niyaz Sərdərov obrazlarıdır. Bu üç mükəmməl ekran obrazların içərisində Rüstəm bəy öz koloriti ilə seçilir. Əgər Ağasadıq Gəraybəyli “O olmasın bu olsun”da Rüstəm Bəydən başqa hər hansı bir filmdə çəkilməsəydi, yenə də onun adı kino tarixində qızıl həriflərlə yazılmış olardı.
Ağasadıq Gəraybəylinin böyük sənəti layiqincə qiymətləndirilmiş, 1936-cı il fevralın 1-də 39 yaşında əməkdar artist və 1940-cı ildə may ayının 4-də 43 yaşında xalq artisti fəxri adları ilə ğdülləndirilmişdir. O, həm nadir sənət xadimlərindən biri kimi altı dəfə çağırış Azərbaycan parlamentinin deputat seçilmişi. 
Ağasadıq Gəraybəyli 1988-ci ildə dekabr ayının 5-də ömrünün 91-ci qışında həyatla vidalaşdı. Onun səhnədə səksən il döyünən sənətkar ürəyi susdu. Bu cismani susmaq idi. Əbədi olaraq susmaq isə mümkün deyil. Nə qədər teatr və kinomuz var, Ağasadıq Gəraybəyli kimi nəhəng sənətkarın sənəti də yaşayacaq. Gələn il bu görkəmli incəsənət xadiminin 120 yaşı tamam olur. Əminik ki, ictimaiyyət bu müqtədir sənətkarı yenidən anacaq, onun möhtəşəm yubileyini sənətinə layıq səviyyədə qeyd edəcək. Əsil sənətkar ölmür, onu yaşadan xalqın yaddaşı və əbədi olaraq qoyub getdiyi irsidir.  

İmran AXUNDOV, fəlsəfə doktoru 

 

12:07