Qaynarcanın qaynar duyğularının ritmi

 

Qasım Pәnahi Güney Azərbaycanın Xiyav şəhərinin Qaynarca kəndində anada olub. 19 yaşından ədəbi prosesə addım atan Qasım bəy gənc olmasına baxmayaraq, bu gün Çağdaş Güney Azərbaycan ədəbiyyatında özümlü yeri olan şairlərdən biri sayılır. Onun poeziyasının mayası yaşadığımız XXI yüzilin zaman və məkan metaforasının məcazi ricətlərinə tam uzlaşan dəyərin axarı ilə fərqlənir. Ortaçağ didaktik ədəbi düşüncənin çoxdan öz təsirini itirməsi, bu yöndə yazılan əsərlərin dəyərinin elə keçmiş zamanın nəfəsində ilişib qalması Qasım Pənahinin yaradıcılığının özəlliyinə özümlü bir rəng qatır. Çağdaş Güney Azərbaycan ədəbiyyatının bunca sürət dönəmində inkişafının özü belə çox dəyərlidir. Əslində ədəbiyyat, kültür və tarix keçmişə deyil, cəmiyyətin daha da irəli getməsi üçündür. Min dəfələrlə təəssüflər olsun ki, qatı mühafizəkar baxışlar bizi bir millət kimi irəli getməyə öz dar düşüncələri ilə problemlər yaradırlar. Hər bir millətin yeni nəsli həm də zamanın nəfəsi, enerjisi, ruhu deməkdir. Bu üç təməl prinsipin bir ortamda bütünləşməsi isə əslində həmin millətin zamanın axarı ilə inkişafa doğru baxışlarının irəli getməsi üçün çox vacibdir. Qasım Pənahinin şeirlərinin ruhunu elə buna görə dəyərlidir. Əslində dünyanın gəlişməsinin sirri də bundadır.
Böyük alman filosofu və şairi Yohan Volfanq Höte deyir ki: “Batıda insanların hər biri öz fərdi azadlığı və özgürlüyü üçün mücadilə aparır. Fərdlərin bunca davranışı həm də toplu olaraq bir millətin özgürlüyünə gedilən ən möhtəşəm yoldur. Doğuda isə durum taamamilə fərqlidir. Burada toplum bir nəfərin, yəni diktatorun, avtoritar şəxsiyyətin özgürlüyü haqqında düşünür. Ona görə də Doğuda azad insan sadəcə bir nəfər hesab olunur. Bu diktatora verilən şəxsiyyət azadlığıdır. Yalnız dikatator azad insane ola bilər. Yalnız o istədiyi kimi düşünə, davrana və fikir sahibi ola bilər”.
Bu gün Güney Azərbaycan ədəbiyyatının mahiyyəti də bundadır. Hər bir yazar və şairin əsərlərini diqqətlə oxuduqda bu özgür ruhu nəinki görmək, hətta duymaq belə, böyük bir qürur mənbəyidir. Didaktik patetik düşüncə tərzinin içində bir Türklər 1300 ildir ki, onun əzabını yaşamağa məhkum edilmişik.  Özgəsinin düşüncə tərzinin yabanı alaq kimi olumsuz anlamlarının ardınca getdikcə özümüzdən ayrı düşmüşük. Özümlü olmanın tək yolu isə, özgürcəsinə, Tanrının yaratdığı varlıq kimi özümlü duyumlarımızla ədəbiyyat yaratdıqda biz güclü görünürük. Ona görə ki, özmüzü ifadə edirik. Bu gün təməli ötən yüzilin başlanğıcında Tağı Rüfət və Cəfər Xameneyi tərəfindən qoyulan və Bulud Qaraçorlu Səhənd, Əlirza Nabidil Oxtay, Mərziyə Üskülü Dalğa, Səməd Behrəngi tərəfindən inkişaf edən modern ədəbi proses möhtəşəm biçimdə gəlişməkdədir. İsmayıl Ülkər, Məsud Barış, Əziz Səlami, Hadi Qaraçay, Ərsan Ərel, Məlihə Əzizpur, Kiyan Xiyav, Məhəmməd Rza Təbrizli, Ramin Cahangirzadə, Elvar Qulivənd, Rəsul Yunan, Səkinə Purhəsən, Nasir Mirqati, Atilla Maralanlı, Solmaz Məhəmmədrzayi, Saray Məhəmməd Rzayi, Nigar Xiyavi və başqa onlarca şari-yazıçılarımız bu günün ədəbiyyatı anlamını inkişaf etdirmək üçün böyük bir yola çıxmışlar. Çox sevindirici haldır ki, ədəbi prosesdə daim yeni imzalar ortaya çıxmaqdadır. Bu imzalardan biri də Qasım Pәnahiyə məxsusdur. Onun şeirərindəki dinamizm, fikrin ritmi bədiiliklə bir ortamda olduğu üçün sevilə-sevilə oxunur. Onun şeirlərinin başqa özəlliyi ondadır ki, Qasım Bəy dünyaya bir Türk övladı kimi gəldiyi üçün, Türk kimi də düşünərək yazır. Bu şeirlərdə çoxlarının nə dediyi deyil, nəyi deyə bilmədikləri öz ifadəsini tapıb. Beləliklə də zaman, məkan və ruh anlamı bir araya asanlıqla gələ bilir. Bu gün dünya ədəbiyyatı fəlsəfədə deyildiyi kimi, sinergetik anlamlarla proseslər irəli gedir. Yəni şeir də bu axarla gedəndə öz zamanının ruhuna çevrilə bilir. Bizlər süni olaraq ortaçağın bəlirsiz qavramlarına sürükləndikcə həm də özümüzdən qopuruq. Qasım Pəhaninin şeirlərinin təsir dairəsində yer alan mövzular da sübut edir ki, insanlar keçmişində ilişib qaldıqca zamanın axarında da geri qalırlar. Zamanı haqlamaq deyil, zamanın özü ilə birgə addımlamaq, onun bədii-estetik dəyərini ədəbi prosesə çevirəndə xalqın əfəndisi olmaq da asanlaşır. Qasım Pənahinin şeirlərinin dəyəri də elə buna görə özümlüdür.

Sәn hәminkisәnmi ?

Saat , gәlәcәyә bir addım

Boylu buludların iniltisilә dağılır düşüncәlәrimin damazlığı

Sabah ,

Aksiya keçirәcәk bu xiyaban haqsızlığa qarşı...

Saat gәlәcәyә bir addım

Öksüz uşaqların cındırını sәrir telefon simlәrinә

Sevdiyim qadın...

Ah, Xәzәr gözlüm

Sәn hәminkisәnmi?

Roma paltarında yapdırdı Amerika heykәlini

Dün

Urmu çölündә basdıranda dәnizini…

Köçәri bir durnanın gözlәrindә getdi ürәyinin püsgürtüsü...
 

Bu gün, sabah,

Nәm hansı qitәnin mәhkәmәsindә

Dәniz yanğını üçün suçlandırıb bölәcәklәr gövdәni...

 

Saat, gәlәcәyә bir addım

Boylu buludların iniltisindә gizlәnir hıçqırığım…

Öksüz uşaqlarının cındırını sәrir telefon simlәrinә sevdiyim qadın…

Bir azdan günәş doğulacaq xiyabandan…

 

 

Ağ yağış

Yağış yağır…
Fəhlə atam alışdırır siqarertini, 
Xəyanət edir siqaretlər…
Xalçamızın çiçəklərini su aşırır,
Anam, ora-bura qaçır.
Bulud, bəsdir bu ağ yağış
Bizim qarnımız yağır 

 

Bizim fahişә şәhәr

Nә zaman getdiyini bilmәdim
Gözlәrimdә şәhәr soyunurdu
Peşәkar bir fahişә kimi balkonun bucağında
Vә çatlaq xәyalım çatlarını axtarırdı
Bütün qızğınlığıyla...

Göbәyindәn aşağı
önündə qarışmışdı xiyabanların sancısı.
Boşaldıqca ölürdülәr
Damarlarına taxılmış iynәlәrin ucunda erkәklәr

Boşaldıqca ,
Dolurdular
Doldururdular payplarını*
Özlәrindә yabançılanmış qadınlar
Üzürdülәr әllәrini cocuqlar
Çiyinlәrindәki yaşam adlı saxta sözcükdәn
Düşürdü yaşam
Vә qırılırdı ayaqların altında cocuq - cocuq

Döşlәrinin çatında
Gözlәrinin mavisini yeriklәyirdi feminizm
Vә modernitәyә әl uzadırdı demokrasiyә geyinmiş bir şair

Yuxarı çatlarında
Vampirlәr sorurdu şәhәrin boğazını...
Ayy...
Yandırdı barmaqlarımı siqaretimin alışmış filtiri
Açıldı qapı
Gәtirdi özümә hardasan sәsin

*narkotik maddәni onunla çәkirlәr .

Bu gecә

Bu gecә
Pәncәrәmizdәn düşdü ayın yolu
Gümüşü saçları dib otağımda әsdikdә
Su ilbizi parladı gözlәrimdә...
Sәnә sarıldığım fotolar
İçimdәki ac qurdun bәbәklәrindә görünәndә
İllәrdir, içim sәnsizliyinə ulayır
sancılanmış kimi…
Sükut
Yoxluğunun musiqisini saksofonla çalır qulağımın dibindә.
Şeirlәrimin dodağı uçuxlayır,
İkimiz üçün düzәnlәnmiş otaqda.
Vә xәyalım heydәn düşür
Gözlәrinin ilğımında...
Nәdәnsә
Kanekt ola bilmәdi
Ürәklәrimiz sevgi paylaşmağa
İlk olaraq giziltiyә düşdü canım...
Ah...
Bu ay getsә
Qara dolacaq otağım
Sibirin gecәlәri kimi
Damo kimi
Vә mәn sәnsizliyinә alışdıqca
Qar adamına çevrilәcәyәm
Şeirimin son misrasında

Vә sonra

...vә sonra
Gözlәrinin maviliyindә tapdım
Qırmızı balığa çevrilmiş özümü
Özünün
Maskalı üzünü görmәzliyә vurub
A
X
D
I
M
Gözlәrinin axınında
Vә sevәrkәn tanrıçamın
Yedim gilәlәrini

Sonra
Başlandı gözlәrinin manifesti
Kimsәnin qarmaq sayaq barmağı
Toxundu dodaqlarıma.
Alma bağırdım
Yəni, ayırma mәni dünyamdan.
Çәkildi qarmaq
Çәkindim
Cırıldı dodaqlarım...
Aldın gözlәrini
Ayaqlarına düşdüm
Qapandı gözlәrinin qapağı
Vә basıldı üstümә
Әlindә tapışan kimsәnin ayağı

Urmu gölünә

Tükәndim hay - küylәrin içindә
Bir addım qaldı
Bir dә keyimiş yumruq çatlaq döşümdә.
Gәlsәn
Bir qab su gәtir
Durnalar intihar etmәsin gözümdә...

Minimal şeir

Şeir dәftәrimi külәk apardı
Sabah bütün şәhәr
Sevәcәk sәni…  

 

 

Son cizgi

Yalnız bir cizgilik yer qalmış divarda
Çәkilirsә, yenilәcәk gizlicә yellәndirdiyim yaylıq
O zaman
Sәninlәyәm a... qalacaq boğazımda
Bir mәn sevgilimin qucağından әksilәcәyәm
Vә bir şәhәr dörd divarın arxasından…

Dörd yanımda dörd mәhbus
Suçsuz suçlulardırlar onlar
Әllәri qanlı
Ayaqları qandallı…

Günәş sevdalısıdır uğursuz divarlar
Qoşqularımı dinlәyәrәk hәr axşam
Şәhәrә uçururlar doğduğum göyәrçinlәri
Çәkilirsә o cizgi
Burax xalçanın quşlarını yavrum
Divarlar yalqız qalmasın divarsiz hәbsxanamızda

Şәhid anası

Bir ana qanadı sınmış quş kimi,
Ürәyi az qalır ağzından çıxa.
Bir әsgәr fotosu gülәr üzünә
Sankı sinәsindәn asılıb mıxa.

Bu ana gözündә damar qırılıb,
Başına qohumlar dostlar yığılıb.
Gövdәsi büzülüb, qәlbi sıxılıb,
Az qalır dünyanı kökündәn yıxa.

Şәrәf sınağında oğul üzü ağ,
Oğul tabut içrә, ana özü sağ.
Hayqırır sağ olsun başın Qarabağ,
Yapışır oğulun әllәrin sıxa.

 

 

Yaşamım

Bu necә hәyatdır, bu necә yaşam,
Ürәk qabar, beyin qabar, әl qabar.
Pozulub dünyanın bütün qaydası,
Әzrail, qadası gәl mәni apar.

Maskalar içindә gәzirәm insan,
Vicdansız hәyatda azacıq bir vicdan.
Bu dünya mәnim üçün zindandır, zindan,
Әzrail, qadası gәl mәni apar.

Dilimdәn yaralı, elimdәn sürgün,
Normalca görmәdim hәyatda bir gün.
Qoyma olum qohum qardaşdan üzgün,
Әzrail, qadası gәl mәni apar…

 

 

00:30