QAT Qarabağ mitinqi üçün yenidən BŞİH-ə müraciət etdi

QAT mətbuatından verilən məlumata əsasən Qarabağ Azadlıq Təşkilatı İdarə heyəti Qarabağ mitinqinin keçirilməsi ilə əlaqədar qərar qəbul edib.

QAT hesab edir ki, torpaqlarımızın bu qədər uzun müddətə işğal altında qalmasına artıq dözmək olmaz. İşğalçı Ermənistan Qarabağımızda ağalıq edir, ərazilərimzin sərvətlərini amansızcasına talan edir, qanunsuz məskunlaşdırma həyata keçirir, erməniləri oraya köçürür, oranı Ermənistanın bir hissəsi kimi idarə edir, işğalçı ölkənin prezidenti, baş naziri və digər nümayəndələri istədikləri vaxt oraya səfərlər edirlər. Beynəlxalq təşkilatlar bu prosesləri kənardan müşahidə edir, heç bir təsirli addımlar atmaq istəmirlər. Bu rəzalətə birdəfəlik son qoyulmalı, torpaqlarımız işğaldan azad edilməlidir. Mitinqin məqsədi Qarabağlıların, bütün Qarabağsevərlərin, Azərbaycan cəmiyyətinin Qarabağla bağlı vahid iradəsinin nümayiş etdirilməsindən ibarətdir. Azərbaycan hakimiyyəti xalqın vahid iradəsinin nümayiş etdirilməsinə şərait yaratmalı və xalqın iradəsinə arxalanaraq torpaqlarımızın azadlığı üçün dərhal ən radikal addımlara əl atmalı, işğalçılara qarşı azadlıq müharibəsinə başlamalıdır. Qarabağ mitinqi artıq cəmiyyətdən gələn sosial sifarişə çevrilmişdir, hər bir azərbaycanlının istək və tələblərinə cavab verir. Biz Azərbaycanda və ya kənarda yaşamasından, siyasi mənsubiyyətindən, iqtidarda və ya müxalifətdə olmasından, işindən, məşğuliyyətindən, sosial vəziyyətindən asılı olmayaraq hər bir azərbaycanlının mitinqə dəstək verəcəyinə, iştirak edəcəyinə əminik. Biz hər kəsi fəal vətəndaş mövqeyini nümayiş etdirməyə, Qarabağın azadlığı naminə davamlı mübarizəyə çağırırıq.
Bu amilləri nəzərə almaqla QAT-ın BŞİH-ə göndərdiyi müraciətdə mitinqin 2018-ci il iyulun 21-də “Məhsul” stadionunda və ya hakimiyyətin təklif edəcəyi hər hansı digər məkanda keçiriləcəyi göstərilir : “Biz, Qarabağ Azadlıq Təşkilatı olaraq, aşağıda imza edənlərin təşkilatçılığı ilə Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsinə, “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Dağlıq Qarabağ və digər ərazilərimizin hələ də Ermənistanın işğalı altında qalmasına etiraz etmək, həmçinin torpaqlarımızın azadlığı işinə ictimai dəstəyi nümayiş etdirmək məqsədilə Qarabağ mitinqi keçirmək haqda qərar qəbul etmişik. Qarabağ mitinqinin 2018-ci il iyulun 21-də, saat 15.00 dan 17.00 dək 10 min nəfərin iştirakı ilə Yasamal rayonu ərazisində “Məhsul” stadionunda və ya təklif edəcəyiniz digər yerdə keçirilməsi nəzərdə tutulur. Mitinqdə “Qarabağa azadlıq!”, “Ya Qarabağ, ya ölüm! Başqa yol yox artıq!”, “Beynəlxalq qurumların qərəzli vasitəçiliyini rədd edirik!” şüarları səsləndiriləcək, eyni məzmunda plakatlar qaldırılacaq, çıxışlar ediləcək, qətnamə qəbul olunacaq.

Xahiş edirik ki, Qarabağ mitinqinin keçirilməsi üçün qanunvericiliyə uyğun olaraq şəraitin yaradılması və təhlükəsizliyin təmin olunması üçün tapşırıqlarınızı verəsiniz.”

Xudaferin.eu 

01:02