Qaragözün hıçqırtısından boğuluram...boğuluram...!

"Günlərin bir günü Almaniyada çox maraqlı bir söhbətin şahidi oldum və bu söhbət mənə acı xatirələrimdən birini xatırlatdı...

Səhər idman meydançasında bir qoca alman, müharibəni və nasistləri lənətləyirdi. Onun dediyinə görə müharibə zamani 10 yaşı olub və evdə yeməyə heç nələri olmayıb. Yalnız hökumətin vətəndaşlarına pulsuz verdiyi qarabaşaq və azyaşlılar üçün nəzərdə tutlan şokaladla dolanırmışlar.

Bu qoca alman kədərlə söyləyirdi ki, səhərdən axşamacan qarabaşaq yeyirmişlər. Qoca almanın söhbətini dinləyən Rusiya və Qazaxıstan almanlarının gözləri az qala kəllələrinə çıxacaqdı. Bir azdan ara qızışdı. Sanki buz tutmuş bulaqların gözü açılırdı. Müharibə ilə bağlı hər kəs öz xatirəsini danışmağa başladı. Yerli almanlar bu xatirələri çox diqqətlə dinləyirdilər. Qocaların anlamadığı bəzi sözləri gənclər tələsik tərcümə edirdilər.

Müharibə aurası mənə də təsir etmişdi. Ruhum çox uzaqlarda, o illərdə idi artıq. Sanki reallığı unutmuşdum, müharibənin acısını, insanı sümüyünəcən sızıldadan ağrısını duyurdum. Getdikcə o illərin, aclığı, səfaləti, hər an qəlbimizi gəmirən itirmək hissini təsdiqləyəcək "qara kağızların" göylərdə uçuşduğunu və hər qapıya qonduğunu görürdüm. Bəli, müharibə belədir-Müharibə alovdur, düşdüyü yeri yandırsa da acı tüstüsü bütün ətrafı bürüyür, canlıların nəfəs almasını çətinləşdirir, boğulursan...boğulursan.

Anamgil 5 bacı, 2 qardaş olublar. Ailənin ilk övladının 17 yaşı varmış. Sonbeşiyin isə hələ qırxı çıxmayıbmış, çağa imiş. Ataları müharibəyə yollanır, özləri isə səhərdən axşamacan kolxozda işləyirmişlər. Bu qədər əziyyətin, zəhmətin müqabilində yeməyə doyunca çörək də tapmırlarmış, aclıqdan zülm çəkirmişlər.

Evdə yeməyə heç nə olmadığı üçün beşikdəki Oflənin (Ofelya) acından ağlamağına döz bilməyən 14 yaşlı dayım Adışirin, 7 yaşlı bacısı Qarozu (Qaragöz) yanına alıb, gecə taxıl zəmisinə başaq oğurluğuna gediblər. Yaxalarından asdıqları torbaları başaqla doldurub geri dönmək istəyəndə Qarozu yuxu tutur. Dayım gözləyir ki, bacısı bir azca yatıb dincəlsin, sonra zəmidən çıxıb gedərlər.

Səhərə yaxın kolxoz sədri, əzazilliyi və idbarlığı ilə bütün Hindarx camaatının nifrətini qazanmış Naqif (ad şərtidir) atla gəlir taxıl zəmisinə. O, bu iki uşağı zəmidə tutur. Yəqin ki, sizin yadınıza bu yerdə "Səfillər"dəki zavallı Jan Valjan düşdü. Evdəki ac uşağa çörək oğurladığına görə həbsə düşən günahsız...

Dayım və xalam nə qədər imdad diləsələr də insanlıqdan kənar olan Naqifin qəlbini basmış cahillik, murdarlıq kifi ona rəhm etməyə imkan vermir. Naqif aç uşaqları şallaqla döyə-döyə kolxoz idarəsinə tərəf aparır.

Tərbiyədən uzaq olan kolxoz sədri dayımı şallaqlaya-şallaqlaya ata-anasına söyür, lakin dayım yaşının az olmasına baxmayaraq bu zülmə dözür. Çox qəribədir. Bəlkə də niyə dözürdü, cavabını verəydi deyəcəksiz. Amma evdə Adşirini, uşaqlığını yaşamadan, müharibənin böyütdüyü dayımı ac-yalavac körpələr gözləyirdi. Dayım bu imansızın yumşalacağına ümidini üzmürdü. Bəlkə də ümidi yox idi, amma insan xisləti adətən, gördüyünüə deyil, istədiyinə inanar. Lakin o anda elə bir hadisə baş verir ki... Naqif dayıma "Aye, sənin bajjını s...." deyib, göz yaşları tozlu üzünü isladan körpə qızcığazı şallaqlayır. Bəzən bir damla bir dənizin daşmasına səbəb olur. Əslində Naqifin insanlıqdan kənar hərəkəti son damla olur. Dayım dönüb ağlayan bacısına baxır. Aclıqdan, qorxudan heydən düşən körpə zərif kürəyinə, bədəninə dəyən şallaqların ağrısından yana-yana ağlayırdı. O, qorxurdu, amma hıçqırtısında bir uşaq inadkarlığı var idi. Sanki zəif canından çıxan bu hıçqırtısı ilə dünyanı ağuşuna alan müharibəyə, yoxsulluğa, ədalətsizliyə üsyan edirdi.

Söyüşün təsirindən donan dayımı sanki bu inadkar hıçqırtı ayıldır. O, ağlayan, hələ də ona ümidlə baxan 7 yaşlı biçarə, məsum bacısına baxır, dönüb qəddar, ləyaqətsiz Naqifə, bir də əlindəki atasından qalma germesoul agacına baxır və...

Heç vaxt qorxubilməz, fiziki cəhətdən çox güclü olan və bu anda baş verənlərdən əsəbləri tarıma çəkilmiş 14 yaşlı dayım var gücü ilə əlindəki ağacı Naqifin təpəsinə endirir. Bir zərbə ilə bu məlunu cəhənnəmə göndərir. Beləcə, bir zərbəsi ilə bütün kəndi bir alçağın zülmündən xilas edən 14 yaşlı dayım həbs edilir. Uzun zaman istintaq gedir. Yaşının az olmasına baxmayaraq onu güllələmək istəyirlər. Lakin dayımın əmisi, Hindarx kəndinin hörmətli ziyalılarından olan Məhəmmədhəsən müəllim Mircəfər Bağırova məktub yazır. O, məktubunda hadisəni olduğu kimi nəql edir. Məktub ünvana yetişdikdən sonra yenidən məhkəmə qurulur və dayıma 6 il həbs cəzası verilir. 6 il həbs cəzası güllələnməklə müqayisədə cənnətə düşmək idi. Lakin bu acı tale dayımı bütün ömrü boyu rahat buraxmır. Rəhmətlik sonralar ikinci dəfə məhkumluq yaşadı. Amma məhz bu hadisədən sonra hindarxlılar kənddə başqa yerdən gələn kimsəni vəzifə tutmağa qoymurlar. Çünki hardan gəldiyi, əsli-nəsli bilinməyən Naqif bu kənddə qan uddurmuşdu.

İkinci Dünya müharibəsi Azərbaycandan uzaqlarda baş versə də o odun, alovun tüstüsü xalqımızı elə qarsdı ki, aradan keçən bu qədər tarix acıları unutdura bilmədi. Sadəcə olaraq o, əzizini müharibədə itirən və müharibənin səfalətini yaşayan insanlar onların doğmasının yerini almış və onlara doğmalaşmış dərdləri ilə birgə məzara gedənə qədər sürdü bu ağrı. Hə, bir də zaman ən yaxşı həkimdir. O, insanlar acılarını mərdliklə yaşadılar, acılara deyil, Allahın yaratdığı bütün canlıların təslim olduğu zamana yendilər.

Bu tarixçəni xatırlamağıma səbəb olan o, qoca almanın dediklərində acı həqiqət yükü çox idi. Təsəvvür edin ki, müharibəni başladan və dünyanı viran qoyan bir ölkənin əhalisi savaşın ən qzğın çağlarında hökumət tərəfindən qarabaşaq və şokoladla təmin olunurmuşlar. Amma bu onları qane etmirmiş. Əzizi oxucum, sizə qəribə gələ bilər. Amma bu məqamda bir sifətini dəyişməyən həqiət gizlənib.

Almanlar hər zaman özlərini ali irq, elit xalq sayıblar və hər şeyin ən yaxşısına layiq olduqlarını iddia ediblər. Məhz bu tələbkarlıqları və özlərinə bu dərəcədə qiymət vermələri onların bu günki inkişafına gətirib çıxarıb. Biz isə... Bu gün təhqir edilən, söyülən Qaragözlərin, haqqı uğrunda özünü oda atan, kişi kimi döyüşüb, kişi kimi yaşayan Adşirinlərin, bir də aclıqdan beşikdə ağlamaqdan səsi batan Ofelyaların iniltisi gəlir qulağıma. Bu inilti, bu inadkar hıçqırtı ürəyimi göynədir. O zaman uzaq Hollandiyada müharibənin tüstüsündən boğulduğumu hiss edirəm...boğuluram... boğuluram...

Elman Mustafazadə Xudafərin jurnalının baş redaktoru

Niderland krallığı

Elman Mustafazadə

Mənbə:vetenugurunda.az
Xudaferin.eu

09:19