Qarabağla bağlı yeni plan

 

Üzeyir Cəfərov: “Həmsədrlər hoqqabazlıqla məşğuldurlar”

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Riçard Hoqland Dağlıq Qarabağla bağlı yeni plandan danışıb. “Cümhuriyət” qəzeti xəbər verir ki, Hoqland münaqişənin nizamlanması ilə bağlı danışıqlar masasında bir sıra ağlabatan planların olduğunu diqqətə çatdırıb. “Ola bilsin ki, bu planlar yekun deyil, amma onlar hazırda dövriyyədədir. Bu isə o deməkdir ki, onlar ətrafında danışıqlar davam etməlidir”, - deyə həmsədr vurğulayıb. R.Hoqland bildirib ki, münaqişə tərəflərinin rəhbərləri siyasi iradə nümayiş etdirərək danışıqlar masasına qayıtmalıdır. “Lavrov planı”na dair sualına cavablandıran diplomatın sözlərinə görə vasitəçilər bu ifadədən istifadə etmir: “Biz belə ifadə işlətmirik. Dövriyyədə olan plan var və o, 3 hissədən ibarətdir. Lakin hazırda mən bu planın detallarını açıqlamağı məqsədəuyğun hesab etmirəm. Tərəflər onun üzərində işləyir”.

 

Söhbət hansı plandan gedir?
 

Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu “Cümhuriyət” qəzetinə bildirib ki, Riçard Hoqland 3 mərhələli həll planından danışır. M. Əhmədoğlunun sözlərinə görə bu plan Sankt-Peterburqda Azərbaycan, Rusiya və Ermənistan prezidentləri arasında keçirilmiş görüşdə müzakirə olunub: “Azərbaycan da mərhələli həll planının tərəfdarıdır. Amma Azərbaycan iki mərhələli həll planını istəyir. Putin də təklif etdi ki, münaqişə 3 mərhələdə həll olunsun. Azərbaycanın təklifinə görə birinci mərhələdə 7 rayon qaytarılır, ikinci mərhələdə də Dağlıq Qarabağın statusu müəyyən olunur. Putinə görə birinci mərhələdə 5 rayon Azərbaycana qaytarılır, ikinci mərhələdə Kəlbəcər və Laçın qaytarılır, “Laçın dəhlizi”nin parametrləri müəyyənləşdirilir, üçüncü mərhələdə isə Dağlıq Qarabağ və “Laçın dəhlizi”nin statusu müəyyənləşir. Putinin 3 mərhələli həll variantı budur. Bunu ABŞ qəbul edir. İndi də çalışırlar ki, Ermənistana qəbul etdirsinlər. Hoqland bu plandan danışır”.

“Planları o “tülkü yığnağı”nın başına dəysin”

 

Hərbçi-ekspert Üzeyir Cəfərov “Cümhuriyət” qəzetinə deyib ki, həmsədrlərin regiona səfər çərçivəsində bir söz demək lazım idi. Ü.Cəfərov hesab edir ki, məhz buna görə də Hoqland 3 hissəli planın olmasını gündəmə gətirir: “Əslində ortada heç bir plan yoxdur. Bu plan odur ki, mənasız və nəticəsiz danışıqlar prosesi uzadılsın. Ən çox da prezidentləri bir araya gətirməyə çalışırlar. Həmsədrlər hoqqabazlıqla məşğuldurlar. Yalnız özlərinin və Ermənistanın maraqlarını müdafiə edirlər. Məsələn, bir müddət “Lavrov planı”ndan danışdılar, indi də Hoqland deyir ki, belə bir plan yoxdur. Daha əvvəl isə Minsk Qrupu 2 hissəli plandan danışırdı, indi bura “3 hissə” sözünü əlavə ediblər. Bunun tərkib hissəsi olaraq, bir müddətdən sonra xarici işlər nazirlərini Moskvada, prezidentləri də hansısa Avropa ölkəsində görüşdürəcəklər. Bundan sonra da həmsədrlər görüşəcəklər. Planlar, imkanları varsa, başlarına dəysin, Hoqlandın da, o biri həmsədrlərin də. Onlar “tülkü yığnağı”dır. Ümumiyyətlə, həmsədrləri Azərbaycana buraxmamaq haqqında fikirləşmək lazımdır. Onlar BMT Təhlükəsizlik Şurasının bütün qətnamələrini unudublar. Azərbaycan da böyük günah sahibidir ki, onların bura gəlib boş-boş danışmalarına şərait yaradır. Viskonte, Hoqland və Popov Ermənistanın cinayətkar prezidentinin qarşısında oturmuşdular, amma ona sual vermədilər ki, biz danışıqları davam etdirmək istəyirik, amma siz niyə Azərbaycanı “İsgəndər”lə hədələyirsiz? Soruşmurlar, çünki onlara belə sərf edir”.
Ekspert qeyd edib ki, həmsədrlər Dağlıq Qarabağdan çox, öz şəxsi mənafelərini güdürlər: “Ortada heç bir plan yoxdur, yalnız mənasız Sankt-Peterburq və Vyana danışıqları var. Buna görə də onlara inanmıram. Ümumiyyətlə, Azərbaycan Minsk Qrupundan imtina etməlidir. Bu insanların indiyədək münaqişənin nizamlanmasıyla bağlı heç bir əməli addımı olmayıb, bundan sonra da olmayacaq. Əgər ortada bir plan varsa, bu, onların öz şəxsi maraqlarını müdafiə edir. Ermənilərlə razılaşdırılıb ki, 2020-ci ilədək mənasız danışıqları uzatsınlar. Azərbaycan bunları nəzərə alaraq, tədricən Minsk Qrupundan imtina etməlidir. Onlar Azərbaycanın başını qatmaqla Ermənistana istədiyini həyata keçirmək üçün şərait yaradırlar”.

Mənsur Rəğbətoğlu

Cebhe.info

06:32