Qarabağda və Ukraynada döyüşlər başlana bilər

 

Rusiya prezidenti Vladimir Putinin şərqi Ukraynadakı separatçı bölgələrin pasportlarının tanınması barədə fərmanına rəsmi Kiyev sərt reaksiya verib.Xatırladaq ki, həmin sənəd Ukrayna vətəndaşlarına və vətəndaşlığı məlum olmayan şəxslərə verilmiş şəxslərin pasportlarının Rusiya federasiyası tərəfindən tanınmasını nəzərdə tutur.Bununla da Moskva qondarma Donetsk Xalq Respublikası və Luqansk Xalq Respublikasında yaşayan rusdilli əhalinin müstəqil dövlətin vətəndaşı kimi tanınması üçün hüquqi əsas yaradıb.
 

Əslində, separatçıların pasportlarının tanınması Rusiyanın xarici siyasətində postsovet ölkələrinə təsir alətinə çevrilib.Analoji addımın Gürcüstanla münaqişə zamanı atılması Abxaziyanın və Cənubi Osetiyanın Rusiya tərəfindən işğalı ilə nəticələndi.Ancaq Ukrayna Putinin sözügedən fərmanını cavabsız qoymayacağını bəyan edib.Yəni, Kremlin son davranışı Şərqi Ukraynada döyüşlərin yenidən başlanmasına təkan verə bilər. Artıq Ukraynanın daxili işlər nazir Pavel Klimkin bununla bağlı açıq mesaj da verib: “Rusiyanın “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikasının pasportlarını tanıması Minsk sazişinin məntiqinə ziddir və Donbasda münaqişənin gərginləşməsinə yönəlmiş addımdır”-Münhen Təhlükəsizlik Konfransında “Normand dördlüyü” ölkələrinin daxili işlər nazirlərinin görüşündə belə deyib. Onun sözlərinə görə, Rusiyanın danışıqlarda yaraqlıların səlahiyyətli nümayəndəsi kimi onlara dəstək verməsi şüurlu şəkildə gərginlik yaratmaqdır.

Pavel Klimkinin atəşkəsin pozulmasından söz açması Rusiyanın şərqi Ukraynanı özünə birləşdirmək cəhdinə hərbi müqavimət göstərəcəyini deməyə əsas verir.Siyasi ekspertlərin fikrincə, Vladimir Putinin qeyd edilən fərmanı verməsi son günlər ABŞ-la Rusiya arasında vəziyyətin gərginləşməsi ilə bağlıdır.Vaşinqtonun Rusiyaya qarşı sanksiyaların ləğvindən imtina etməsi, eyni zamanda Ağ Evin Krımı Ukraynaya qaytarmağa yönəlik bəyanatları Moskvanın sərt addımları ilə qarşılanıb.Ukraynada separatizmin fəallaşması ilə eyni vaxtda Dağlıq Qarabağda qondarma rejimin referendum keçirməsi Ermənistan-Azərbaycan cəbhəsində də vəziyyəti gərginləşdirə bilər.Ermənistanda parlament seçkiləri öncəsi Dağlıq Qarabağda uydurma konstitusiya islahatının keçirilməsi Dağlıq Qarabağın müstəqilliyinin möhkəmləndirilməsi və tanınması barədə ictimai rəyin formalaşdırılmasına xidmət edir.Bu isə seçkilərdə prezident Sarkisyanın və Qarabağ klanının hakimiyyətdəki siyasi mövqeyini gücləndirmək məqsədi daşıyır.Dağlıq Qarabağda separatçıların son addımı eyni zamanda, Ermənistanın nizamlanma prosesində Azərbaycana təzyiqi kimi başa düşülə bilər.Ona görə də siyasi müstəvidə yaranmış gərginliyin cəbhə xəttindədki vəziyyətə təsir edəcəyi istisna edilmir.Yəni 2016-cı ilin aprel ayında olduğu kimi irimiqyaslı hərbi əməliyyatlar başlana bilər.
Qeyd edək ki, mart ayının 5-də Ermənistanda təbliğat-təşviqat kampaniyası başlayır.Aprel ayının 2-də isə səsvermə günüdür.Daima elektoratın dəstəyini almaq üçün Qarabağ münaqişəsindən siyasi kart kimi istifadə edən Ermənistan hakimiyyətinin qeyd edilən bir ay müddətində cəbhədə çoxsaylı təxribatlar törədəcəyi gözləniləndir. Siyasi müşahidəçilərin fikrincə, cəbhə xəttində daha böyük miqyaslı döyüşlər başlansa, onun qarşısını almaq vasitəçi dövlətlər üçün çətin olacaq. ATƏT-in Mİnsk Qrupu həmsədrlərinin ötən həftə Dağlıq Qarabağdakı “referendum”u pisləyən bəyanat yayması, eyni zamanda ABŞ-ın Azərbaycandakı səfirinin Xocalıdan olan məcburi köçkünün evinə gedərək ABŞ-ın Dağlıq Qarabağ adlı bir qurumu və “referendum”un nəticələrini tanımadığını bəyan etməsi mümkün qarşıdurmanın qarşısını almağa yönəlik diplomatik gediş hesab oluna bilər. Buna baxmayaraq, Rusiya-ABŞ münasibətlərində gərginliyin artması öz təsirini post-Sovet məkanındakı münaqişələrin yenidən fəallaşmasında ciddi şəkildə büruzə verməyə başlayıb. Ukraynada döyüşlərin yenidən başlaması ehtimalının artması, Gürcüstanda NATO-nun hərbi Təlim Bazasının yaradılması, əlavə olaraq, ötən həftə Qara dənizdə ABŞ hərbi gəmisi ilə Rusiya qırıcıları arasında hərbi qarşıdurmanın yaranması, Dağlıq Qarabağda “referendum”un keçirilməsi həmin bölgələrdə münaqişələrin baş verməsi riskini xeyli yüksəldib.

Müşfiq Abdulla

 

09:57