Qarabağda müharibə təhlükəsi: Rəsmi Bakıya dipolmatik təzyiq artıb

 

"Aprelin 28-də Moskvada Rusiya tərəfinin təşəbbüsü ilə Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Sergey Lavrov, Elmar Məmmədyarov və Edvard Nalbandyanın işgüzar görüşü keçirilib. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqların inkişaf perspektivlərinin müzakirəsi davam edib.2016-cı ilin aprel və iyun aylarında Vyana və Sankt-Peterburqda əldə olunmuş razılaşmaların yerinə yetirilməsinin vacibliyi vurğulanıb”.APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə nazirlərin üçtərəfli görüşünün yekunları ilə bağlı bəyanatda bildirilir.

 

Qeyd olunur ki, Azərbaycan və Ermənistan xarici siyasət idarələrinin rəhbərləri münaqişənin sülh yolu ilə həllinə kömək səylərinə görə Rusiya XİN rəhbərinə təşəkkür ediblər: "Nazirlər bütün müzakirə olunan məsələlər üzrə təmasları davam etdirməyə razılaşıblar. Üçtərəfli danışıqların yekunları əsasında onların ATƏT-in Minsk Qrupunun həmsədrləri - Rusiya, ABŞ və Fransanın səfirləri, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə görüşü olub. Görüşdə münaqişənin həlli məsələsi ilə bağlı fikir mübadiləsi aparılıb”.

Danışıqların tam konfidensiallıq şəraitində keçməsi Azərbaycana və Ermənistana münaqişənin həlli istiqamətində konkret planın təklif edildiyi ehtimallarını da meydana çıxarıb.Yəni tərəflərdən “yol xəritəsi” əsasında qərar qəbul etmək istənildiyi güman edilir.Əgər bu görüşdə razılaşma baş tutmasa, yaxın vaxtlarda müharibə yenidən başlaya bilər.Görüş ərəfəsində Ermənistan prezidenti Serj Sarkisyanın Qarabağda tezliklə müharibənin başlanacağı barədə açıqlama verməsi Moskva danışıqlarının çox gərgin atmosferdə keçdiyi qənaətini yaradır. Belə ki, münaqişənin aradan qaldırılmasına yönəlik konkret addım atılmasa müharibə qaçılmaz ola bilər. Xatırladaq ki, S.Sarkisyan “Frans-Press” agentliyinə müsahibəsində Ermənistanla Azərbaycan arasında müharibənin başlanacağı barədə həyəcan təbili çalan fikirlər söyləyib: “Qarabağda yeni müharibə təhlükəsi mövcuddur. Bu, bir neçə həftəyə, yaxud bir neçə aya baş verə bilər.Buna görə də baş komandan və müdafiə naziri müharibəyə hazır olmalıdır.Hansı ki, bu, sabah başlaya bilər”.Serj Sarkisyan Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın öhdəliklərini yerinə yetirməsi tələbini xatırladaraq, müharibə qorxusunun olduğunu bildirib.Əlavə edib ki, ən yaxın gələcəkdə müharibə yenidən başlaya bilər.Serj Sarkisyan həmsədr ölkələr olan Fransa, Amerika Birləşmiş Ştatları və Rusiyadan kömək istəyib. O, Azərbaycanın qarşısını ala bilməyəcəklərini etiraf edib. Həmçinin, Rusiyanın Azərbaycana silah satmasından təəssüfləndiyini bildirib. Ona görə də Moskva görüşünü zəruri edən səbəb ilk növbədə, 2016-cı ilin iyun ayından sonra tərəflər arasında dayanmış danışıqlar prosesini bərpa etmək və döyüşlərin yenidən başlanması riskini aradan qaldırmaqdan ibarət ola bilər. Ancaq müzakirələrin Rusiya XİN-in vasitəçiliyi ilə təşkil olunması nizamlanma prosesində rəsmi Moskvanın dominantlığını qoruyub saxlamaq üçün diplomatik fəallığının yenidən artmasından xəbər verir.Hətta prezident Sarkisyanın yaxın günlərdə müharibənin başlayacağına dair hay-küylü bəyanatla həmsədr ölkələrə müraciət etrməsi böyük ehtimalla Rusiyanın danışıqlara müdaxilə etməsinə hesablanmış bir siyasi jestdir.ABŞ-ın dövlət katibi Reks Tillersonun dağlıq Qarabağ problemini sülh yolu ilə həll etməyə dair bəyanatı və Fransa prezidentliyinə əsas namizəd Emmanuel Makronun münaqişənin aradan qaldırılması üçün fəallığını artıracağı mövzusunda söylədiyi fikirlər görünür, Kremli hərəkətə gətirib.Əks təqdirdə, rəsmi İrəvan Azərbaycanın tezliklə hərbi əməliyyatlara başlayacağını sübut edən dəqiq kəşfiyyat məlumatları təqdim etməlidir.Bu cür dəlillərin olmaması Ermənistanın hansısa planına xidmət edən siyasi blef kimi qiymətləndirlə bilər. Digər tərəfdən, Ermənistanın görüş ərəfəsində bir daha güzəştdən imtina etməsi Moskva danışıqlarında razılaşmanın olduğuna dair ehtimalları istisna edir. Görüşdən bir gün əvvəl Ermənistan Respublika Partiyasının mətbuat katibi Eduard Şarmazanov Dağlıq Qarabağ məsələsində rəsmi İrəvanın mövqeyinin dəyişmədiyini bəyan edib:  “Biz dəfələrlə demişik ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Minsk Qrupunun səylərini müsbət qiymətləndiririk”-deyən Şarmazanov problemin həllinə “Azərbaycanın destruktiv mövqeyinin” mane olduğunu söyləyib.Eduard Şarmazanov 2016-cı ildə Vyanada və Sankt-Peterburqda əldə olunmuş razılaşmalara uyğun danışıqların davam etdirilməsinin vacibliyini bildirərək Ermənistanın mövqeyinin dəyişmədiyini, guya Azərbaycanın buna mane olduğunu iddia edib.Halbuki, Ermənistan Rusiyanın vasitəçiliyi ilə İlham Əliyev və Serj Sarkisyanın Sankt-Peterburqda keçirilmiş görüşündən sonra danışıqları faktiki dayandırıb.Yalnız 2017-ci ilin fevral ayında Münhendə xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyan bir araya gəlsələr də danışıqlar nəticəsiz başa çatıb.Hələ 2016-cı ilin noyabr ayında ATƏT-in Minsk Qrupu həmsədrlərinin prezidentlərin görüşünü təşkil etmək təşəbbüsünə rəsmi İrəvan razılıq verməmişdi.Ona görə də indi Ermənistan hakimiyyətinin məsuliyyəti rəsmi Bakının üzərinə atması daha çox siyasi spekulyasiya məqsədi daşıyır. Çox güman ki, danışıqlar prosesində üstünlüyü əlində saxlamağa çalışan Rusiya münaqişə tərəfləri arasında daha yüksək səviyyədə müzakirələrin təklifi ilə çıxış edəcək.Danışıqlar prosesində yaranmış uzunmüddətli fasilə və cəbhə xəttində gərginliyin artması hərbi əməliyyatların yenidən başlanması riskini artırır.Bu isə status-kvonun saxlanılmasında maraqlı olan Rusiyanı görünür, prosesi yenidən nəzarətə götürmək üçün diplomatik səyləri artırmağa vadar edib.Serj Sarkisyanın müharibənin başlanacağı barədə beynəlxalq vasitəçilərə müraciət etməsi də daha çox Rusiyaya ünvanlanmış addım hesab olunmalıdır.Rusiya bu prosesdə Sankt-Peterburq görüşünün nəticələrinin yerinə yetirilməsinin vacibliyini bəyan edir.Xatırladaq ki, xarici işlər naziri Sergey Lavrov da fevral ayında verdiyi açıqlamada danışıqların Sankt-Peterburq prinsipləri əsasında davam etdirilməsinin vacibliyini söyləmişdi. Ancaq Rusiya prezidenti Putinin vasitəçiliyi ilə ötən il iyunun 22-də keçirilmiş həmin müzakirələrdə konkret razılaşmanın əldə olunmasına dair heç bir məlumat yoxdur. Həmin görüşdən bir neçə gün sonra Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov Sankt-Peterburqda işğal altındakı beş rayonun Azərbaycana qaytarılmasına dair razılaşma əldə olunduğunu bildirmişdi. Ancaq həmin məlumat sonradan Rusiya və Ermənistan tərəfindən rəsmən təkzib edildi.Ona görə də Vyana və Sankt-Peterburq görüşünün nəticələrinin yerinə yetirilməsi dedikdə sadəcə olaraq, atəşkəsin davam etdirlməsi və hərbi əməliyyatlara başlamamaq barədə öhdəliyin Azərbaycana qəbul etdirilməsindən söhbət getdiyi şübhə doğurmur.

Müşfiq Abdulla

 

20:28