Qarabağda müharibə siqnalı:”Baş verənlər Azərbaycana təhdiddir”

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Pedro Aqramunt qurumun sessiyasında Dağlıq Qarabağ münaqişəsindən danışıb. AŞPA sədri keçən ilin aprel ayında Ermənistanla Azərbaycan arasında ağır döyüşlərin baş verdiyini xatırladaraq, bölgədə vəziyyətin təhlükəli olduğunu, münaqişənin hər an alovlana biləcəyini vurğulayıb. Aqramuntun iddiasına haqq qazandıran analitiklərin fikrincə, Rusiya xarici işlər naziri Sergey Lavrov və Ermənistan prezidenti Serj Sarkisyanın “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın daxili işi deyil” bəyanatları vəziyyətin yenidən gərginləşməsində “qızışdırıcı katalizator” rolunu oynadıqlarını bildirirlər. Azərbaycan prezidenti İlham Əliyevin Sarkisyan və Lavrova BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini xatırlatması da situasiyanın gərgin olmasından xəbər verir. Üstəgəl Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun gözlənilməz Moskva səfəri də proseslərin çərçivəsindən çıxmağa yaxın olduğunun göstəricisidir.

“Stratfor”-dan xəbərdarlıq

Analitiklərə görə, vəziyyətin təhlükəli hal almasına səbəb Rusiyanın son zamanlarda açıq formada Ermənistanın mövqeyindən çıxış etməsidir. Xüsusilə, Lavrovun ermənipərəst mövqeyinin döyüşlərə səbəb olacağı da istisna olunmur. Azərbaycan prezidenti son bəyanatında da üstüörtülü şəkildə bunu dedi. Yəni, rəsmi Moskva Lavrovun açıqlamasını Rusiyanın rəsmi mövqeyi olmadığını sübut edə bilməsə, üstəgəl, Ermənistana verdiyi açıq dəstəyi davam etdirsə, proseslər müharibə həddinədək inkişaf edə bilər. Azərbaycanı alternativ variantlar haqda düşünməyə vadar edən Moskvanın tezisləri İrəvanı qane edir. Azərbaycan isə danışıqların bu məcrada davam etdirilməsinə qarşıdır. ABŞ-ın “Stratfor” Araşdırmalar Mərkəzinin 2017-ci il proqnozlarında da Rusiyanın Dağlıq Qarabağ münaqişəsində Ermənistan və Azərbaycan arasında “qızışdırıcı katalizator” rolunu oynayacağı diqqətə çatdırılır. Mərkəzin eyniadlı jurnalı Rusiyanın Qarabağ məsələsində yenə əsas hakim rolunu oynayacağını, öz mənfəəti üçün Azərbaycanla Ermənistanı bir-birinə qarşı oynadacağını yazır. Mərkəzin proqnozlarının artıq öz məntiqi nəticəsini tapdığını analitiklər hesab edirlər ki, Rusiya artıq bu planının icrasına başlayıb.

Moskvanın seçki planı

Münaqişə ətrafında cərəyan edən son hadisələrin Ermənistanda aprel ayında keçiriləcək parlament seçkiləri ilə əlaqədar olduğunu istisna etməyən analitiklər də var. Hesab olunur ki, Sarkisyanı hakimiyyətdə saxlamaq və bu məqsədlə də seçkilərdən qalib çıxarmaq istəyən Moskva “Qarabağ kartı”na əl atıb. Əsas hədəf də cəmiyyətin diqqətini münaqişəyə yönəltməklə seçkilərdən yayındırmaqdır. Çünki Rusiya və Ermənistanda Qərbin seçkilərə müdaxilə edəcəyinə və aprel döyüşlərindəki məğlubiyyətindən sonra Sarkisyanın nüfuzunun itirməsindən istifadə edən qərbmeylli qüvvələrin (Çiçəklənən Ermənistan Partiyası (Qagik Tsarukyan), Erməni Milli Konqresi (Levon Ter-Petrosyan)) fəallaşacağına inananların sayı az deyil. Hesab olunur ki, Qərbə bağlı siyasi dairələrin seçki ərəfəsində İrəvanda vəziyyəti qarışdıracağı ilə bağlı şübhələri olan Moskva təhlükəni rüşeymində öldürmək üçün seçkilər bitib - Sarkisyanın partiyasının (Respublika) qalibiyyəti rəsmiləşənədək münaqişə ətrafındakı vəziyyəti gərginlikdə saxlamağa çalışacaq.

“Əllər yenə tətikdədir”

Politoloq Qabil Hüseynli deyib ki, Sarkisyan və Lavrovun son açıqlamalarından sonra situasiya daha da gərginləşib. Q.Hüseynli qeyd edib ki, rusiyalı nazir Azərbaycanın suveren hüquqlarını heçə sayacaq qədər kobud səhvə yol verdi: “Sarkisyan da Lavrovun dediklərini başqa formaya salaraq bildirdi ki, Dağlıq Qarabağın gələcək taleyini burada yaşayan erməni xalqı müəyyən etməlidir. Lavrov da Rusiya siyasətində münaqişənin Ermənistanın lehinə həll olunmasını dəstəkləyən ermənipərəst diplomatdır. O, bir növ erməni lobbisi üzərindən çıxış edir. Son konfransda Ermənistanın xarici işlər naziri kimi danışdı. Beləliklə, vəziyyət yenidən gərginləşdi. Bunun da səbəbkarı Ermənistan və Rusiyadır, Azərbaycan deyil. Əllər yenə tətikdədir. Azərbaycan ordusu tam döyüşə hazır vəziyyətə gətirilib”. Qabil Hüseynlinin sözlərinə görə, Rusiya və Ermənistanın sərgilədikləri son mövqelərdən belə çıxır ki, Azərbaycan işğal edilmiş ərazilərini azad etmək üçün savaşa başlaya bilməz: “Rusiya və Ermənistan faktiki olaraq, vəziyyətin savaş həddinə çatdırılmasına səbəbkar oldu. Baş verənlər Azərbaycana qarşı təhdiddir. Azərbaycan prezidenti onlara layiqli cavab verdi. Prezident açıq formada dedi ki, Lavrov Rusiyanın adından danışa bilməz, Rusiya ilə münasibətlərimizi heç kəs korlaya bilməz. Sarkisyana da o mesajı verdi ki, Ermənistanın Azərbaycanın qarşısında dözəcək ordusu yoxdur. Azərbaycan ordusunun döyüş və psixoloji ruhu yüksəkdir”.

“Rusiya ilə aparılan gizli danışıqlar...”

Politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Sarkisyanın son açıqlaması, bundan iki gün əvvəl Lavrovun səsləndirdiyi fikirlərdəki detallar Rusiya və Ermənistanın ortaq mövqeyidir. M.Əsədullazadə hesab edir ki, bu kimi bəyanatlar münaqişənin həll prosesini uzadır və müharibəni şərtləndirir: “Hər iki tərəfin qarşılıqlı ittihamları və emosional bəyanatları fonunda Ermənistanın işğalı davam etdirməsi cəbhədə vəziyyəti gərginləşdirməklə yanaşı, istənilən vaxt döyüşlərin başlanmasını labüd edir”. Məhəmməd Əsədullazadənin sözlərinə görə, gərginliyin artmasının digər səbəbi ATƏT-lə bağlıdır: “Azərbaycan buna görə də ATƏT-in monitorinq qrupundan imtina etməlidir. Çünki monitorinq qrupunun üzvləri içərisində Ermənistana informasiya ötürən şəxslərin olması mümkündür. Bu baxımdan Azərbaycan hakimiyyəti ABŞ-ın yeni administrasiyasının Dağlıq Qarabağla bağlı hansı xətti tutacağını gözləyir. Rusiyanın hazırkı siyasəti isə danışıqları dayandırıb, prosesləri dalana dirəyib. ABŞ-ın Cənubi Qafqaz siyasəti bu baxımdan yeni imkanlar aça bilər”.

Mənsur Rəğbətoğlu
Cebhe.info

20:55