QARABAĞDA BAŞ VERƏNLƏR

 

Atəşkəs, yoxsa lokal müharibə?

Müdafiə Nazirliyinin cəbhədən verdiyi xəbərlərdən aydın olur ki, Ermənistanın terrorçu  silahlı qüvvələrinin snayper tüfənglərindən və iriçaplı pulemyotlardan, hətta qumbaraatanlardan istifadə etməklə atəşkəs rejimini mütəmadi pozurlar. Fevralın 20-də Azərbaycanın separatçı bölgəsi Dağlıq Qarabağda “konstitusiya referendumu” keçirildi. “Referendum”da qondarma Dağlıq Qarabağ rejimində “prezident idarəçiliyi”nin saxlanması və daha da gücləndirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, beynəlxalq aləm Dağlıq Qarabağ adında respublika və indiyədək orada keçirilən heç bir seçkini tanımayıb. Maraqlıdır, ermənilərin intensiv atəşkəsi pozması nəyə hesablanıb? Bu, ermənilərin diqqəti yayındırmaq üçün atdığı bir addımdır, yoxsa onlar lokal müharibəyə hazırlaşır?

Hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, Ermənistanda yaxınlaşmaqda olan parlament seçkiləri və digər məsələlərlə əlaqədar çox böyük gərginlik müşahidə olunur: “Aprel ayında öz çoxluğunu təqdim etmək istəyən Serj Sarksiyan hakimiyyəti hər vəchlə istəyinə nail olmaq üçün mümkün olan və olmayan variantlardan istifadə edir. Hesab edirəm ki, onun iki gün öncə Müdafiə Nazirliyində səsləndirdiyi fikirlər də adi deyildi. Onun güvənə biləcəyi güc polis idi. Polis də 2016-cı ildə ona bəzi problemlər yaşatdı. İndi onun yeganə ümid yeri özünün Prezident Administrasiyasının rəhbəri Vigen Sarkisyandır, hansı ki, onu müdafiə naziri vəzifəsinə təyin edib. Baxmayaraq ki, müdafiə nazirliyi rəhbərliyində böyük dəyişikliklər olub, amma ölümlərin sayı azalmaq əvəzinə daha da artıb. Bu nöqteyi-nəzərdən onun istənilən an cəbhədə vəziyyəti gərginləşdirə bilməsini diqqətdə saxlamalıyıq. Hesab edirəm ki, əgər Serj Sarksiyanın tərəfdarları parlamentdə üstünlüyə nail olmasalar, 2016-cı ilin aprel ayında cəbhə bölgəsində yaşanan gərginlikdən daha ağır və şiddətli gərginlik olacaq. Ermənistan prezidentinin verdiyi açıqlamaları bunu deməyə əsas verir. O, öz çıxışında bildirmişdi ki, bu dəfə insan tələfatı çox olacaq, biz buna hazırlaşmalıyıq. Hətta Azərbaycanı təxribata çəkmək üçün öz ağlına uyğun ifadələrdən də istifadə etmişdi. Bir sözlə, Ermənistan öz havadarlarının yəni, Fransanın, Rusiyanın sifarişini yerinə yetirir. Bu məsələdə Amerika hələ konkret mövqe nümayiş etdirmir. Biz son dərəcə diqqətli və ehtiyatlı olmalıyıq. Prinsipcə Azərbaycanın üzərinə böyük vəzifə düşür. Ermənilərin üzərinə o vəzifə düşür ki, status-kvonu dəyişmək fikrində deyillər və çalışırlar ki, buna maksimum nail olsunlar”.

Ekspert fevralın 20 -si və 21-də Ermənistanın xarici işlər naziri Moskvada görüşünə də diqqət çəkib. O qeyd edib ki, hər şey bir kənarda qalıb, amma onlar Sankt-Peterburqda və Vyanada razılaşdırılmış məsələləri müzakirə edirdi: “Sual olunur, Vyanada, Sankt-Peterburqda nə razılaşdırılıb? “Cəbhə xəttində kameralar yerləşdirilsin”, “insidentlərin mexanizmi işlənilib hazırlansın” kimi mənasız təkliflərdən danışırlar. Onlar başa düşmürlər ki, işğalçı işğal etdiyi ərazilərdən geri çəkilməlidir. Onlar ancaq vaxtı uzatmaq üçün bu cür hiylələrdən istifadə edir. Sarkisyanın “qan qardaşı” olan Sergey Lavrovun iştirakilə Azərbaycan nəyə ümid edir? O Lavrov ki, Dağlıq Qarabağlı bağlı öz fikrini söylədi. Doğrudur, Azərbaycan siyasi rəhbərliyi onun cavabını verdi, amma görünən odur ki, Ermənistan yalnız Rusiyaya arxalanır. Sarkisyan deyir ki, əgər Rusiya olmasaydı vəziyyətimiz həddindən artıq çətin olacaqdı. Biz bunu dəfələrlə demişik, indi də deyirik ki, Ermənistan məhz Rusiyanın sayəsində bu gün Azərbaycana dirəniş göstərir. Rusiya birdəfəlik anlamalıdır ki, Azərbaycan Dağlıq Qarabağlı bağlı qərarın verib və bu qərarı da qətidir”.

Üzeyir Cəfərov onu da vurğulayıb ki, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranmasına heç bir vəchlə imkan verilməyəcək: “Belə olan təqdirdə aprel ayında cəbhə bölgəsində vəziyyətin gərginləşməsini proqnozlaşdıra bilərik. Baxmayaraq ki, indi 20-30 dəfə atəşkəs pozulur, amma ermənilər sakitləşmək istəmir, təxribatlar törədir. Erməni öz həyasızlığından əl çəkmir. Belə olan təqdirdə bizim ayıq-sayıq olmağımız laızmdır. Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təmin etmək üzərimizə düşən ən ağır vəzifədir. Ermənilər isə çalışır ki, bu məsələ maksimum uzansın və öz mənfur məqsədlərinə nail olsunlar. Onsuz da ermənilər Dağlıq Qarabağla bağlı heç nə edən deyil. Sadəcə olaraq Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək üçün bir vasitədir. Ona görə də ermənilərin havadarları bu vassalın avamlığından istifadə edib qeyri-stabil vəziyyəti saxlamaqda davam edirlər”.

Yeganə Oqtayqızı

Cebhe.info

 

09:23