Qarabağ: Rusiya oyundan kənarda qalır

 

Natiq Miri: “Rusiya yenidən prosesi öz nəzarətinə almağa çalışır”

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı 20 ildən artıqdır davam edən danışıqlar nəticə vermədi. Bu zamana qədər Rusiyanın canfəşanlığıyla aparılan danışıqlar prosesi yalnız Ermənistanın zaman qazanmasına xidmət edib. Bu günlərdə Rusiya xarici işlər naziri Sergey Lavrov yeni təşəbbüslə çıxış edib. O, Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Moskvada görüşünün keçirilməsi təklifi ilə çıxış etdi. Ancaq Azərbaycan tərəfi bunu eitrazla qarşılayıb. Azərbaycan XİN yaydığı bəyanatda bildirilir ki, əgər ciddi nəticəsi olmayacaqsa biz görüşdə iştirak etməyəcəyik. Ancaq Lavrov görüşün keçirilməsində israrlı görünür.

“Cümhuriyət” qəzetinə şərhində politoloq Natiq Miri deyib ki, Dağlıq Qarabağla bağlı xarici işlər nazirlərinin növbəti görüşü Ermənistanda keçiriləcək parlament seçkilərinə heç bir aidiyyatı yoxdur. N.Miri əlavə edib ki, Rusiya mənasız danışıqlarla vaxt qazanmağa çalışır: “Sadəcə olaraq ortada Rusiya və Azərbaycan arasında çox ciddi şəkildə gərginlik müşahidə olunur. Artıq hiss olunur ki, Azərbaycan aprel döyüşlərindən sonra Rusiyanın bizi aldatdığının fərqindədir. Bu baxımdan Azərbaycan artıq Qərbə inteqrasiya istiqamətində müəyyən addımlar atır. Azərbaycan prezidentinin son Brüssel səfəri də məhz bu kontekstdə dəyərləndirilməlidir. Ayrıca Cəbrayılın Cocuq Mərcanlı kəndinin bərpasının beynəlmiləlləşdirilməsi onu göstərir ki, Azərbaycan problemin həllinə yönəlik müstəqil addımlar atmağa başlayıb. Rusiya isə yenidən prosesi öz nəzarətinə almağa çalışır. Növbəti dəfə heç bir nəticəsi olmayacaq görüş keçirməklə zaman qazanmaq istəyir.

Növbəti görüşün siyasi nəticəsi olmayacağını Azərbaycan tərəfi yaxşı bilir. Çünki, hər hansı bir nəticənin olması üçün Ermənistan ciddi şəkildə güzəştə getməlidir. Bu da parlamanet seçkiləri öncəsi Sarkisyan hakimiyyəti tərəfindən mümkün deyil. Bu baxımdan bu protokol xatirinə keçirilən görüşlərdən biri olacaq. Rusiya özü də bilir ki, Azərbaycan Rusiyadan uzaqlaşır. Digər tərəfdən Sülh Platformasında da Azərbaycan müəyyən proseslər yürüdür. Bu da Rusiyadan kənar aparılır. Yəni, Rusiya birbaşa olaraq bu prosesin içində deyil. Bu da Rusiyanın prosesdən xarici edilmə istəyindən irəli gəlir. Ona görə də Rusiya növbəti dəfə belə bir görüşün keçirilməsi təklifi ilə çıxış etdi”.

Vilayət Muxtar

Cebhe.info

 

09:08