Qarabağ probleminin həllinə ümid bəsləyirik - Zaoralek

 

Biz Azərbaycan və Ermənistan prezidentlərinin keçirilməsi planlaşdırılan görüşündə Dağlıq Qarabağ probleminin həlli istiqamətində müəyyən irəliləyişlərə nail olunacağına ümid bəsləyirik.
 

Bunu Avropa Şurasının Nazirlər Komitəsinin (AŞ NK) fəaliyyətdə olan sədri, Çexiyanın xarici işlər naziri Lubomir Zaoralek deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində vasitəçilik missiyasını həyata keçirən əsas qurum ATƏT-in Minsk qrupudur: "Həmsədrlər danışıqların real nəticələrlə yekunlaşması istiqamətində səylərini davam etdirirlər. Öz növbəsində, Avropa Şurası da sülh danışıqlarının daha intensiv və müsbət nəticə ilə yekunlaşması üçün daha demokratik mühitin formalaşmasına səlahiyyətləri çərçivəsində kömək göstərməyə hazırdır. Əsas niyyət məhz diplomatik vasitələrlə sülhün əldə edilməsi olduğundan bu gedişatda hər hansı tərəfin arzuolunmaz addımları prosesə yalnız mənfi təsir göstərə bilər".

O, eyni zamanda Ermənistanın Azərbayana təcavüzü, Dağlıq Qarabağ problemi, Ermənistanın atəşkəs rejimini tez-tez pozması və yeni təxribatlar törətməsini avropa  parlamentarilərin diqqətinə çatdırıb: "Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli üçün yaradılmış ATƏT-in Minsk qrupunun fəaliyyəti, yaxud daha dəqiqi fəaliyyətsizliyi uzun illərdir tam səmərəsizdir. Bu məsələnin diplomatik vasitələrlə həlli hər iki üzv ölkənin Avropa Şurası qarşısında əsas öhdəliklərindən olduğundan təşkilatımızın yaxasını kənara çəkməyə ixtiyarı yoxdur. Bir sıra xarici güclərə arxalanan Ermənistan son dövrlərdə intensiv olaraq atəşkəs rejimini pozur, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərini, Mingəçevir Su Elektrik Stansiyasını və Azərbaycanın digər mühüm strateji obyektlərini partladacağı ilə hədələyir. Cənubi Qafqazda kənar qüvvələrin də müxtəlif məqsədlərlə regiona müdaxiləsini mümkünləşdirəcək genişmiqyaslı müharibə təhlükəsi yaranıb. Avropa Şurası Nazirlər Komitəsi ümumi sözlərlə deyil, konkret təşəbbüslərlə işğalçı Ermənistanın əslində bütün Avropa üçün ciddi təhlükələr vəd edən, bu aqressiv hərəkətlərinin qarşısının alınması üçün nə kimi təcili tədbirlər görə bilər?”

Report.az

09:33