"Qarabağ münaqişəsinin yenidən alovlanması və Avropanın qorxusu" seminarı

Rəhim Sadıqbəyli
İsveç, Stohkolm

"Qarabağ münaqişəsinin yenidən alovlanması və Avropanın qorxusu" seminarı

İsveçin Stokholm (ABF Hüset) şəhər konfrans zalında, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr edilmiş seminar keçirildi. İsveçdə fəaliyyət göstərən "OSSE-NÄTVERKET I SVERIGE" ( ATƏT-in qəbul etdiyi qərar və öhdəliklərin həyata keçirilməsini dəstəkləmək üçün) yerli QHT tərəfindən təşkil olunan seminarın aparıcıları: isveçli jurnalist və yazıçı - Torgny Hinnemo və sabiq diplomat, Lund Universitetinin Yaxın Şərq Araşdırmalar Mərkəzinin tədqiqatçısı, münaqişə zamanında ATƏT-in Minsk qrupunun sabiq üzvü - Matias Mossberg idilər.
Münaqişə tərəflərinin fikirlərinin öyrənilməsi üçün Stokholma Azərbaycandan sülh və münaqişə məsələləri üzrə elmi işçi, İsveçin Uppsala Universitetinin məzunu -  Bəxtiyar Aslanov, Ermənistandan isə Qafqaz Institutu analitika Mərkəzinin rəhbəri - Aleksandr İskandaryan dəvət olunmuşdular. Münaqişənin tarixindən söz açan Torgny Hinnemo tədbir iştirakçılarına konfliktin mahiyyəti barədə qısa məlumat verdi. Daha sonra çıxış edən Matias Mossberg münaqişənin başlanması, SSRİ-nin parçalanması, müharibənin aktiv fazası, münaqişə tərəflərinin "Xalqların öz müqəddəratını müəyyən etmə prinsipi" və "ərazi bütövlüyü prinsipinə" arxalanaraq, oz çıxışını iki müxtəlif yanaşma prizmasından quraraq münaqişə haqqında məlumat verdi. Sonra çıxış edən Bəxtiyar Aslanov sülhsevər nöqteyi-nəzərdən danışaraq: münaqişənin həlli yollarının axtarışı, atəşkəs zonasında yaşayan insanların çəkdiyi əziyyət, münaqişənin iki ölkəyə vurduğu ziyandan danışdı. Öz nitqində Bəxtiyar Aslanov keçirilən rəy sorğusuna əsaslanaraq, Azərbaycan əhalisinin bir nömrəli düşmən qismində erməni xalqının deyil,  Rusiyanı gördüyünü bildirərək, bu ölkənin münaqişə tərəflərinin hər birinə silah satdığını və əlində olan təzyiq vasitələrindən həm Ermənistanf, həmdə Azərbaycana qarşı istifadə etdiyini bildirdi.

B.Aslanov habelə Rusiya Xarici İşlər naziri Serqey Lavrovun münaqişə ilə bağlı son iki çıxışını  xatırlayaraq, onların biri-birinə zidd olduğunu qeyd etdi, bu kimi halların isə münaqişənin həllinə neqativ təsir etdiyini nəzərə çatdırdı. Münaqişənin hər anda yenidən aktiv fazaya keçə biləcəyini bildirən B.Aslanov bunun baş verməməsi üçün Avropa ölkələrinin bu məsələyə daha çox diqqət ayırmalı olduqlarını nəzərə çatdırdı. Daha sonra çıxış edən Aleksandr İskandaryan, özünü sülhsevər kimi qələmə vermək istəsə də, iki ölkənin tutduğu siyasi mövqelərin bir-birinə zidd olduğunu bildirdi, Azərbaycan tərəfinin isə Ramil Səfərov kimi insanları azadlığa buraxmasının, cəbhədə baş verən toqquşmalar kimi məsələlərin, erməni tərəfinin haqlı iradlarına səbəb olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.
Çıxışını Azərbaycana qarşı ittihamlar və populist fikirlər üzərində quran Aleksandr İsgəndəryan, bu gün bir nəfər belə erməninin Azərbaycana səfər edə bilmədiyini özünün belə son dəfə 2000-ci ildə Bakıda olduğunu qeyd edərək, rəhbərlik etdiyi İnstitutun son zamanlara qədər hər il Azərbaycan nümayəndə heyyətlərini qəbul etdiyini vurğulayaraq dedi: “Yalnız son iki ildə Azərbaycandan qonaqlarımız olmayıb, çünki Ermənistana səfər edən azərbaycanlılar sonradan mühakimə olunaraq həbsə atılırlar”. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırki mərhələdə həllinə inanmadığını bildirən İskandaryan, sülh danışıqlarının nəticələnməsi üçün hər iki ölkənin və cəmiyyətlərin problemə yanaşmasının dəyişməli olduğunu bildirdi.

Çıxışlardan sonra seminar iştirakçılarına sual vermək üçün zalda əyləşən qonaqlara müraciət olundu. Onu da bildirmək lazımdır ki, tədbirdə qonaq qismində olanların sayı 100-150 nəfər təşkil edirdi ki, burada həm yerli İsveç ictimaiyyətinin nümayəndələri, həm də azərbaycan və erməni diasporalarının təmsilçiləri var idi. Bir məqam daha diqqətə çatdırılmalıdır ki, zaldan verilən sualların böyük əksəriyyətinin Aleksandr İskandaryana qarşı olmasına baxmayaraq o suallara cavab verərkən məsələnin mahiyyəti üzrə danışmaqdan hər zaman bacardıqca yayınırdı. Suallar isə daha çox Xocalı qətliamından, bir milyondan çox soydaşımızın departasiya olunmasından və girovluqda olan azərbaycanlıların müqəddəratından bəhs edirdi. Sonda onu qeyd etməyi vacib bilirik ki,  bu münaqişədə məhz Azərbaycanın haqlı olduğunu İsveç ictimaiyyətinə çatdıra bildik.   

Xudaferin.eu

19:53