Qarabağ: ermənilər məscidi niyə bərpa edir? — VİDEO

Layihəyə Ermənistan, Qarabağ hakimiyyəti, İran fondu və Qazaxıstan oliqarxı cəlb olunub

Albert Voskanyan, Xankəndi

1992-1994-cü illərdə Qarabağ müharibəsi zamanı Qarabağın Şuşa şəhərində çox ziyan çəkmiş Gövhər Ağa məscidinin bərpası yerli camaatı sanki həyəcanlandırmalı idi. Yerli sakinlərdən çoxunun hər gün ora gəlib, işlərin gedişatını izləyəcəyini, Qarabağ üçün kifayət qədər qeyri-adi olan bu hadisəni müzakirə edəcəyini gözləmək olardı.

Amma JAMnews-un reportyoru ora gələndə hadisə yeri qətiyyən belə görünmürdü. İnşaat meydanında bir neçə inşaatçı, məscidin qarşısında iki velosipedli oğlan və yaxınlıqdakı beşmərtəbənin son mərtəbəsində iki nənənin açıq pəncərədən bir-biri ilə danışığı eşidilirdi.

Vəssalam. Elə təəssürat var ki, sanki yaşayış binası inşa edilir. Amma inşaat çəpəri arxasından minarələr ucalır və bu mənzərə tamamilə yenidir, müharibədən sonrakı Qarabağ üçün demək olar ki, unikaldır.

Gövhər Ağa məscidinin artıq uzun illərdir ki, camaatı yoxdur və məsələ onun 25 ildən çoxdur dağılmış vəziyyətdə qalmasında deyil. Bərpa işləri başa çatandan sonra orda ibadət edəcək kimsə qalmayıb.

Qarabağ: ermənilər məscidi niyə bərpa edir? - VİDEO

Qarabağ münaqişəsinin hərbi fazasına qədər 1990-cı illərdə Şuşi şəhərində əhalinin əksər hissəsi azərbaycanlılar idi. Amma müharibə zamanı onların hamısı öz evlərini tərk edib və artıq 30 ilə yaxındır ki, burada yalnız xristian ermənilər yaşayır.

O zaman niyə burada məscidin bərpasına pul xərcləyirlər? Əlavə yaşayış binalarına, ticarət mərkəzinə və ya kinoteatra yox?

Knar Babayan və Albert Voskanyan Şuşidə Gövhər Ağa məscidinin necə bərpa olunduğu haqda qısa film çəkiblər.

“Bizim üçün bu, dinindən və ya mədəni mənsubiyyətindən asılı olmayaraq tarixi-mədəni irsin qorunması məsələsidir”, – JAMnews-a Dağlıq Qarabağ Mədəniyyət və İdman Nazirliyinin Mədəniyyət Abidələri Şöbəsinin rəhbəri Arman Qriqoryan deyib.

Bərpa işlərinə görə Ermənistanın “Şərq Tarixi İrsinin Bərpası” fondu məsuliyyət daşıyır, amma işlər “İKOMOS-Ermənistan” və “İKOMOS-İran” təşkilatlarının dəstəyi ilə İran mütəxəssislərinin sıx əməkdaşlığı çərçivəsində həyata keçirilir.

Yerli sakinlər məscidi İrana məxsus hesab edirlər, İranın bərpa işlərinin maliyyələşdirilməsində fəal iştirakını da elə bununla izah edirlər. Amma layihənin maliyyəsi son nəticədə tamamilə fərqli mənbədən gəlib.

Qarabağ: ermənilər məscidi niyə bərpa edir? - VİDEO

Əvvəlcə Ermənistanın İnkişaf Təşəbbüsləri Fondu (IDeA Foundation), Dağlıq Qarabağ hökuməti və Ermənistanın Şərq Tarixi İrsinin Bərpası Fondu məscidin bərpası üzrə müştərək proqram başladıblar. Məscid təmizlənib və çəpərə alınıb.

2017-ci ildə İran mütəxəssisləri bərpa layihəsini sona çatdırıblar. 2018-ci ilin yanvarında isə əsas donorun qazaxıstanlı iş adamı Kayrat Boranbayev olduğu elan edilib.

Boranbayev Forbes-un 2019-cu ilin mayına olan məlumatına görə, Qazaxıstanın 50 ən varlı insanı arasında 13-cü yeri tutur, bütün başqa şeylərlə yanaşı Qazaxıstanda, Belarusda və Rusiyada McDonald’s şəbəkələrinə sahibdir. O, Qasaxıstanın keçmiş prezidenti, amma hələ də ölkənin mütləq hakimiyyətə sahib lideri olan Nursultan Nazarbayevin yaxın qohumudur: Boranbayevin qızı Alina keçmiş prezidentin nəvəsi Aysultan Nazarbayevin həyat yoldaşıdır.

Bərpa işlərinin maliyyələşdirilməsi birbaşa yox, Ermənistanın İnkişaf Təşəbbüsləri Fondu (IdeA) vasitəsilə həyata keçirilir. /JAMnews/

Qarabağ: ermənilər məscidi niyə bərpa edir? - VİDEO

 

Fedai.az Araşdırma Qrupu

P.S. İxtisarla verdiyimiz bu yazıda başlıqdakı suala cavab verilmir. Üstəlik məqalənin II hissəsində Şuşa/Şuşi yazan azərbaycanlı müəllifin yazısına əlavə edilməsi utancvericidir. Ermənilərin məscidə «canyananlığı» iki məqsəd daşıyır. Birincisi pul qazanmaq. İkincisi isə gələn qonaqlara saxta erməni «toleriantlığını» əyani olaraq təqdim etməkdən ibarətdir. Bir sözlə «gic müsəlmanı bic erməni tora salıb». Bu qədər bəsit bir açıqlama yetərlidir. Azərbaycan isə susur…

12:16