“Qarabağ atlarının nəsli kəsilmək üzrədir…” – Təlimçi-məşqçi Günay Rəhimbəylidən həyəcan təbili (Fotolar)

“Qarabağ atlarının nəsli kəsilmək üzrədir.”

Bu haqda Avropa.info-ya açıqlamasında Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər İdman Məktəbi üzvü  Günay Rəhimbəyli məlumat verib.

Atçılıq Məktəbində təlimçi-məşqçi kimi fəaliyyət göstərmiş Günay xanım hal-hazırda Qarabağ atlarının nəslinin kəsilməsindən, bu sahədə vəziyyətin acınacaqlı olmasından şikayət edib.

Günay Sabir Rəhimbəyli Mədəniyyət və İncəsənət Universitetini bitirib. 2001-ci ildə tələbə ikən İranda azərbaycan  dilində çəkilən ilk filmə dəvət alıb. Baş rolda çəkilib. Atlara olan sevgi də oradan yaranıb. İncəsənət universitetini bitirdikdən sonra Bakı Bələdiyyə Teatrında, Akademik Milli Dram Teatrında işləyib. Atlarla münasibəti də teatr fəaliyyətindən başlayıb:

“Kinostudiyada işlədiyim vaxt ssenari gərəyi at çapmağa ehtiyac oldu. Bizi Bakı Cıdır Meydanına göndərdilər. Orada məşqlərə başladıq. Mən orada qaldım və öz üzərimdə işlədim. Respublika Atçılıq Məktəbində təlimçi-məşqçi kimi fəaliyyət göstərdim. Yaxın vaxtlaradək orada işləmişəm. Sonra Almaniyanın Ştutqart şəhərinə dəvət aldım. Almaniya “Karabach 3” at təşkilatı var ki, almanlara məxsusdur. Ancaq atlar Qarabağ atlarıdır. Atlar Almaniyaya SSRİ dövründə Moskva tərəfindən satılıb”.

Günay Rəhimbəyli Almaniyada atlara necə yüksək qayğı göstərildiyini də qeyd edib:

“Mən orada bizim Qarabağ atlarına necə dəyər verdiklərini gördüm. Atların yemlənməsi, lazımi vitaminlərin verilməsi və s. Onlar böyük düzənliklərdə, meşə ətrafında saxlanılıb, çoxaldılırlar. Avropada 30-40 baş Qarabağ atı var. Avropalılar Qarabağ atını çox sevirlər. Sərgilərə çıxarırlar, mükafatlar qazanırlar”.

Günay Rəhimbəyli  Qarabağ atlarının hüquqi cəhətdən qeydə alınması probleminin də olduğunu qeyd edib:

“Atların bəzisinə Azərbaycandan pasport lazımdır. Atların pasportu olmalıdır. Alman qanunlarına görə at harada doğulubsa, orada pasport verilməlidir. Almanlar bizim atlara pasport verə bilməz. Qarabağ Azərbaycanın əzəli, əbədi qədim torpağıdır. Pasportu biz verməliyik və bu qəbildən problemlər var. Müraciət olunub, amma nədənsə gecikir”.

O, atların təbliği ilə bağlı gördüyü işlər haqda da danışıb:

“Atların təbliği ilə bağlı Latviyanın məşhur rəssamı Datsşe Ştrausa materiallarla bağlı mənə müraciət etdi. O, özü İtmək Təhlükəsi olan Atların Komissiyasının üzvüdür. Moskvada Aqrar Universiteti bitirib. Rio-de-Janeyroya kimi gedib. İtməkdə olan atları bərpa edib. Biz onunla Ağdamın Quzanlı kəndində yerləşən atçılıq zavoduna  getdik. Ağdam İcra Hakimiyyəti bizə iki dəfə şərait yaratdı. Atçılıq zavodu əvvəl Ağdamda yerləşirdi. 1993-cü ildə işğaldan sonra ermənilər atları da ələ keçirmək istəsə də, Ağdam camaatının səyi nəticəsində Qarabağ atları oradan çıxarılıb. Hal-hazırda həmin atlar Ağcabədi ilə Bərdə arasında yerləşən Lənbəran qışlağındadır. Biz iki dəfə orada olduq”.

Müsahibimiz atların vəziyyətinin, onlara diqqətin çox acınacaqlı vəziyyətdə olduğunu qeyd edib:

“Atların sayı getdikcə azalmaqdadır. Qarabağ atı qədim at cinsidir. Tarixçi Herodot belə onlar haqda yazıb. Ərəb atlarının seleksiyasında da ondan istifadə olunub. Qarabağ xanları dövründə hər il iki min baş at balası alınırdı. İndi isə vəziyyət çox acınacaqlıdır. Cənab prezident İlham Əliyev Qarabağ atlarının inkişafı üçün 7 milyon manat pul ayrılıb. Qarabağın işğal olunması o, demək deyil ki, biz o atları yetişdirə bilmərik. Bu bizim milli sərvətimizdir. Dilboz atlarımız da var. Həmin rəssamla biz Şəkinin Daşüz kəndində olduq. Orada da biz başqa yerdən kömək ala bilmədik. Ağdam İcra Hakimiyyəti və ailəmin Qarabağda döyüşməsini öyrəndikdə Veteranlar Cəmiyyəti kömək etdi”.

Günay Rəhimbəyli atların xilası ilə bağlı Vyana Veterinar Universitetinin Atçılıq fakültəsində oxumaq istədiyini də bildirib. O, atların xilası ilə bağlı ictimaiyyəti diqqətsiz qalmamağa və kömək etməyə çağırıb.

“İmkanlı şəxslərdən xahiş edirəm ki, mənim Vyanada yerləşən bu Universitetdə oxumağıma və Qarabağ atlarının xilas edilməsində mənə yardım etsinlər”.

22:26