“Qara cümə” ilə sərvətini 100 milyarda çatdırdı

 

ABŞ-da fond birjaları indeksinin yüksəlməsi dünyanın internet ticarəti nəhəngi "Amazon" şirkətinin sahibi Cef Bezosun (Jeff Bezos) sərvətini 100 mlrd. ABŞ dollarına çatdırıb.

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, "Amazon"un səhmləri ölkədə qeyd olunan "qara cümə" zamanı endirimli satışların gözləntiləri üstələməsi nəticəsində bahalaşıb.

Xatırladaq ki, 53 yaşlı C.Bezosun sərvəti bu il noyabrın 1-də 93 mlrd. dollar təşkil edərək "Microsoft" şirkətinin qurucusu Bil Qeytsin sərvətini keçib. Halbuki, indiyə qədər yalnız B.Qeyts 100 mlrd. dollarlıq sərvətə çata bilib. Bu, 1999-cu ildə baş verib. Tədricən "Microsoft"un sahibinin sərvəti azalaraq 83 mlrd. dollara düşüb. Xatırladaq ki, "Amazon" 1994-cü ildən internet üzərindən əmtəə və xidmətlərin satışı ilə məşğul olan ən iri qlobal şirkətdir. Ötən il onun dövriyyəsi 136 mlrd. dollar olub. Şirkətin "Nasdaq" fond birjasında tədavüldə olan səhmlərinin 1 ədədi ötən günün sonunda 1 186 dollardan alınıb-satılıb ki, bu da rekord göstəricidir.

Bakipost.az

 

10:21