“Qanlı 20 Yanvar” Almaniyada anıldı

Yanvarın 20-də Almaniyanın Mainz şəhərinin baş meydanı „Gutenbergplatz“-da adı çəkilən şəhərdə fəaliyyət göstərən “Azərbaycan-Türk Cəmiyyəti”nin təşkilatçılığı ilə 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr edilmiş anım mərasimi keçirilib. Bu barədə mətbuata məlumatı “Azərbaycan-Türk Cəmiyyəti”nin başqanı Sarvan Rizvanov bildirib. Onun sözlərinə görə, tədbirdə 20 Yanvar faciəsini əks etdirən fotosərgi nümayiş etdirilib, Sovet ordusunun dinc yerli əhalini vəhşıcəsinə qırması haqqında məlumatların olduğu vərəqələr paylanıb. Tədbirdə gənclərimiz xüsusi fəallıq nümayiş etdiriblər. 20 Yanvar faciəsindən danışan insanlar bildirib ki, dünya ictimaiyyəti, beynəlxalq qurumlar Azərbaycanın haqlı tələblərini dəstəkləyəcək, bu qanlı aksiya insanlıq əleyhinə cinayət kimi tezliklə beynəlxalq hüquqi qiymətini alacaq, cinayətkarlar cəzasız qalmayacaq.

Eyni zamanda bu hadisənin Azərbaycanın Azadlıq mübarizəsində bir Qəhrəmanlıq səhifəsi olduğu vurğulanıb. Qərara alınıb ki, dinc əhaliyə qarşı Sovet imperiyasının qoşun birləşmələrinin törətdiyi qanlı cinayətlərin tezliklə beynəlxalq hüquqi qiymətini alması üçün beynəlxalq qürumlara yeni müraciətlər göndərilsin.

Xudaferin.eu
Almaniya, “Berlin Bürosu”

10:56