Qalib Ağayevin tutuqlanması siyasi sifarişdir

Azərbaycan Milli Diasporunun liderlərindən birinə çamurlar atan gizli hədəf kimdir?

Rusiya Federasiyasının paytaxtı Moskva şəhər və vilayəti “Regional Azərbaycan Mədəniyyəti Muxtar Mərkəzi”nin sədri, tanınmış diaspor lideri Qalib Ağayev qondarma “maliyyə fırıldağı” iddiası ilə həbs olunub. Hətta bu məsələyə heç bir aydınlıq gətirilmədən bir sıra KİV-lər dərhal informasiyalar yaymışlar.
“XUDAFERİN.EU”-ya daxil olan məlumatlarda qeyd olunur ki, Rusiya Federasiyasında ən güclü Azərbaycan Diaspor təşkilatının neçə illərdir sədri vəzifəsində fəaliyyət göstərən Qalib Ağayevə qarşı aparılan “ənənəvi ittiham siyasəti”nin arxasında tamamilə başqa motivlər dayanır.
Redaksiyamıza daxil olan məlumatlarda o da bildirilir ki, Moskva şəhərində və eləcə də Rusiya Federasiyası boyunca mövcud olan Azərbaycan Diaspor təşkilatlarını öz inhisarına alaraq şəxsi “ruporu”na çevirmək istəyən, daha sonra isə “kriminallaşmış” hədəflərə söykəmli siyasətlə idarəetmə sistemini ortaya atanlara qarşı bir neçə il bundan öncə ən böyük mübarizə məhz Qalib Ağayevin liderliyində aparıldı. Qalib Bəy Moskva şəhər və vilayətində fəaliyyət göstərən diaspor təşkilatları ilə birlikdə Azərbaycan Respublikasının baş nazirinin sabiq müavini Abbas Abbasovun və onun “zopası” rolunda çıxış edən, istefada olan polis polkovniki, kriminallaşmış şəbəkələrdə adı hallanan və bütövlükdə Azərbaycan Diasporunu şəxsi məqsədləri üçün vasitəyə çevirmək siyasətini yürütmək istəyən Asif Məhərrəmova qarşı barışmaz mövqe tutmuşdu. Rusiya Federasiyasında yaşayan və fəaliyyət göstərən soydaşlarımızın ən böyük təşkilatı kimi tanınan “AzərRoss”un “şəriksiz lideri”nə çevrilmək istəyənlərin məqəsədlərinin baş tutmasının əsas səbəblərindən biri də məhz Qalib Ağayevin sədri olduğu diaspor təşkilatının apardığı mübarizə olmuşdur. 
O da bəllidir ki, qürbətdə intellektual və qanun çərçivəsində fəaliyyət göstərməyi hədəf seçən Qalib Ağayev Azərbaycan Milli Diaspor siyasətini Rusiya və Azərbaycan arasında dostluq körpüsü müstəvisinə gətirən liderlərdən biri kimi tanınıb. Belə bir təfəkkür tərzi milli diaspor quruculuğu tarixində ilk addım sayılır.
Görkəmli alim Lev Qumilyovun “Avrasiya Slavyan-Türk dualizmi” konsepsiyası əsasında milli diaspor quruculuğu hədəfi Qalib Ağayevin həyatının mənası deməkdir. Bunu onun avtobioqrafiyası da sübut edir. Zəngin həyat təcrübəsi, savadı və elmi potensialı sayəsində Qalib Ağayevin milli diaspor quruculuğunda və onun inkişafı üçün verdiyi əməyin mənası da bu ali dəyərlərlə ölçülür. Qalib Ağayev Rusiyada tək diaspor lideridir ki, Rusiya-Türkiyə-Azərbaycan dostluğunu təbliğ edirdi. Ən kritik məqamlarda belə, bu üç dövlət arasında öz üzərinə götürdüyü bu missiyanı yaşadıbdır. Qara və xain əllərin sayəsində bu üç dost dövlət arasında gərəksiz uçurumların dərinləşməsinə qarşı çıxıb. Bu gün hər üç dövlət arasında davam edən dostluq tellərinin inkişafı yönündə Qalib Ağayev xalq diplomatiyasına söykəmli bir sıra layihələr həyata keçirib. Yeni nəsli təmsil edən gəncliyin adına Rusiya, Türkiyə və Azərbaycan arasında dostluq tellərinin irəli getməsinə çalışıb. İndi ona çamurlar atmaqla heç kim gerçəkliklərin üstünü tozla örtə bilməz.      
Bu gün belə bir görkəmli ziyalını, diaspor liderini əsassız ittihamlarla həbs etdirmək əslində gizli siyasi sifarişin həyata keçirilməsi deməkdir. Ona qarşı irəli sürülmüş ittiham təsdiq olunmayıb. Təəssüflər olsun ki, Azərbaycandakı bəzi KİV-lər öz komprador maraqlarına uyğun şəkildə bu yalnış addımı tirajlamaq hədəfi ilə çıxış edirlər.
Ən böyük və ədalətli mühakimə zamanın özüdür. İnanırıq ki, çox qısa bir zamanda Qalib Ağayevin suçsuz olması haqqında gerçəklər ortaya çıxacaq. Bax o zaman milli diaspor hədəflərimiz üçün həyatını vermiş Qalib Ağayev haqlı olmasını da sübut edəcək. Onu sifarişlə, saxta ittihamlarla həbs etdiriənlər görəsən hansı üzlə xalqımızın bu layiqli övladının gözünə baxacaqlar? Bu sual nə qədər adi görünsə də, həm də bəşəri mənada çox vacibdir.

Xudaferin.eu  

23:03