“Qaçqınkom”dan eyham: Hakimiyyət müavinətlərin hazırlığına hazırlıq görür

Məcburi köçkünlərin müavinətlərdən imtina etdiyi və məbləğin artırılmasını istədiyi açıqlanıb. Bir neçə gün qabaq ölkə prezidentinin göstərişi ilə qaçqınlara ayrılan vahid müavinətin məbləği artırıla bilər. Sonra deputat Vahid Əhmədov açıqlamasında belə bir gözlənti olduğunu etiraf etmişdi. Məcburi köçkünlər öz ailələrini dolandırmaq imkanına malik olduqlarını, sahibkarlıq fəaliyyəti ilə məşğul olduqlarını, yüksək vəzifədə çalışdıqlarını əsas gətirərək, vahid aylıq müavinətdən könüllü olaraq imtina etdiklərini bildiriblər. Onlar bu vəsaitin daha ağır vəziyyətdə yaşayan soydaşlarımıza verilməsini, həmçinin aylıq müavinətin məbləğinin gələcəkdə artırılmasına yönəldilməsini təklif ediblər. Bununla bağlı kütləvi informasiya vasitələrində gedən müzakirələr, səslənən fikirlər, edilən çoxsaylı yazılı və şifahi müraciətlər də bunu bir daha təsdiqləyir. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə əraziləri işğal olunmuş 10 rayondan bu günədək 300-dən çox belə müraciət daxil olub. Bu barədə komitənin mətbuat xidməti xəbər yayıb. Hakimiyyət bu zümrənin tələblərini nəzərə almağa hazırlaşır. Hazırkı 36 manat müavinətin artırılmasından əlavə, kommunal ödənişlərdəki limitin bu təbəqə üçün ayrıca artırılması nəzərdə tutulur. Mənbə qeyd edir ki, əhali üçün 1700 kub qaz və 300 kilovat elektrik enerjisi limiti müəyyən edilib. Bu limitin məcburi köçkünlər üçün artırılması gözlənilir. Əgər qərar qəbul olunsa, qaçqınlara ciddi dəstək olacaq. Hər halda hazırkı limit yetərli deyil. Köçkünlərin əksəriyyəti acınacaqlı vəziyyətdə yaşayır.

1-2 aydan sonra vəziyyətə uyğun qərar veriləcək. Vahid Əhmədovun sözlərinə görə, Prezident İlham Əliyev istənilən vaxt müavinətlərin artırılmasına göstəriş verə bilər: “Bu barədə mətbuatdan oxumuşam. Dövlət başçısının göstərişinə uyğun olaraq, vahid aylıq müavinət 36 manat təyin edilib. Amma bu məsələyə istənilən vaxt baxıla bilər. İndi görək ödəmələr necə həyata keçiriləcək, ondan sonra problem yaranarsa, cənab prezident yenidən bu məsələyə baxa bilər”.
Prezidenti İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərmana düzəliş oluna bilər. Məcburi köçkünlərin ehtiyaclarını qarşılamaq və onlara dövlət qayğısını artırmaq istiqamətində addımlar atılacağı bildirilir. Məlumata görə, bu il müavinətlərin məbləğinin 40-42 manata çatdırılması gözlənilir. Onu da deyək ki, hakimiyyət işğal edilmiş rayonlarımızdan millət vəkili seçilənlər qarşısında sərt tələblər qoyub. Deputatlardan məcburi köçkünlərlə təması artırmaq istənilib. Son günlər mediada məcburi köçkünlərlə bağlı müzakirələr gedir, müxtəlif fikirlər səslənir, təkliflər irəli sürülür. Qaçqınların heysiyyatına toxunan tezislər də mətbuat səhifələrində görünür ki, iqtidar kifayət qədər həssaslıq nümayiş etdirir. Məcburi köçkünlərə ayrılan vahid müavinətdən sonra deputatlara təlimat verilib ki, onlarla tez-tez görüşsünlər, problemlərini dinləsinlər.

Xudaferin.eu

11:19