Putinin məkrli planı: Bu dəfə də “Kürdüstan tələsi”

Natiq Miri: “Putinin bu çıxışını kürdlərə bir jest kimi qəbul etmək lazımdır”

Suriya və İraq ərazisində yeni müstəqil “Kürdüstan dövləti”nin yaradılması planı hələ də ciddi müzakirə olunur. Belə ki, Türkiyənin bu məsələnin reallaşmasına qarşı sərt mövqe tutması Kürdüstanın yaradılması məsələsini bir növ tarixin arxivinə göndərdi.Ancaq bir neçə gün öncə Rusiya prezidenti Vladimir Putinin Kürdüstanla bağlı verdiyi açıqlamasına Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan sərt reaksiya gəldi.Belə ki, Putin “Kürd hərbi bölmələri terrorizmlə cəsarətlə və effektiv mübarizə aparırlar. Kürdlərin müstəqilliyinə gəldikdə isə onlar beynəlxalq hüquq çərçivəsində hərəkət etməlidirlər.Biz İraqın daxili işlərinə müdaxilə etməyi planlaşdırmırıq” -deyə bildirmişdi.Türkiyə prezidenti Ərdoğan isə birmənalı şəkildə Kürdüstan dövlətinin qurulmasına imkan verməyəcəklərini açıqlayıb.

“Moskva Suriyanın bütövlüyünü istəyir”

Məsələni “Cümhuriyət” qəzetinə şərh edən siyasi şərhçi Natiq Miri deyir ki, əslində Putinin bəyanatını daha çox kürdlərin xətrinə dəymək istəməməsi kimi dəyərləndirmək daha doğru olardı. Onun sözlərinə görə, Rusiya da Türkiyə kimi Suriyanın bütövlüyündən yanadır: “PKK-nın yaradılmasında Sovet İttifaqı çox mühim rol oynayıb. Bu təşkilatın təşkilatlanmasında, maliyyələşməsində, həm də silahlandırılmasında ciddi işlər görüb.Rusiya da Sovet İttifaqının varisi olduğu üçün bu gün PKK-ya münasibət birmənalı olaraq dəyişməyib.İndiki şəraitdə PKK-nın tamamilə gözardı edilməsi təbii ki, Rusiyanın maraqlarında deyil.Ona görə də birmənalı olaraq Rusiya Kürdüstanın yaradılmasının əleyhinə çıxış etmir.Hesab edirəm ki, Putinin dediklərini bu konteksdə dəyərləndirmək lazımdır.Açığı Putinin başqa cür bəyanat verməsi onların Suriya siyasətində anlaşılmazlıq yaradardı.Çünki, Rusiya da Türkiyə və İran kimi Suriyanın bütövlüyünü dəstəkləyir. Ancaq PKK-nın Suriya qolu olan PYD/YPG gücləri federasiya tərəfdarıdırlar. Ən azından federasiyadan sonra dənizə çıxış üçün bir kürd dəhlizi yaratmaq və bununla Mosul və Kərkükdən yeni xətt vasitəsilə enerji daşıyıcılarını Suriyadan çıxarmaq hədəflənir.Bu həm də Amerika Birləşmiş Ştatlarının strateji hədəfidir.Ona görə də, hesab edirəm ki, Rusiya bu baxımdan Suriyanın parçalanmasını birmənalı olaraq qəbul etmir.Ayrıca İraqın da parçalanmasının tərəfdarı olduğunu Rusiya bəyan etməz.Çünki bunu bəyan etməklə Rusiya İranla münasibətləri korlaya bilər.Bu baxımdan Putinin çıxışını kürdlərə bir jest kimi qəbul etmək lazımdır.Əslində Türkiyə prezidentinin buna ciddi reaksiya verməsi anlaşılandır.Çünki Türkiyə birmənalı olaraq kürdlər üçün müstəqillik yolunu bağladı.Bununla da Türkiyə ilə əmkdaşlıq etmək istəyən regional və qlobal güclər Türkiyənin maraqlarını qəbul etmək məcburiyyətində qaldılar.Ona görə də, Türkiyə Rusiyaya da başa saldı ki, bu məsələdə fikir birmənalıdır.Kürdüstanın yaradılması məsələsində Türkiyə heç bir güzəştə getməyəcək.Bu artıq Türkiyə üçün qırmızı xətdir”.

Vilayət Muxtar
Cebhe.info

12:34