Pul və qızıl balınc altına: Banklara inamsızlıq oğurluğu artırır

 

Əkrəm Həsənov: “İnsanlar banklarda pul saxlamağa qorxurlar”

Son vaxtlar ölkədə evlərdən oğurluq və soyğunçuluq edilməsi kimi cinayətlərin artması müşahidə olunur. Daxili İşlər Nazirliyinin bu barədə yaydığı məlumatlardan aydın olur ki, oğurluq hadisələri zamanı evlərdən külli-miqdarda pul, xüsusilə dollar, qızıl-zinət əşyaları aparılır. Bu kimi hadisələrdən biri də paytaxtın Nərimanov rayonu, Aşıq Alı küçəsi 22 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1972-ci il təvəllüdlü Vüqar Məmmədov polisə müraciət edərək yaşadığı evdən seyfin sındırılaraq içərisindən 20 min ABŞ dolları və 80 min manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığını bildirib. Bu kimi xəbərlərə həftə ərzində bir neçə dəfə rast gəlmək olur. Xüsusilə də yay aylarında oğurluq hadisəsi daha intensiv baş verir. Belə ki, insanlar istirahət üçün uzunmüddətli səfərlərə çıxır, xarici ölkələrə, bölgələrə gedir, bağ evlərinə köçür, bu zaman evlər boş qalır. Təbii ki, səfərə çıxan insan külli-miqdarda pulu və qızıl-zinət əşyalarını özü ilə götürmür.
Məsələ burasındadır ki, külli miqdarda pul və zinət əşyalarını banka əmanət etməyən vətəndaş çox hallarda olan-qalanını soğunçulara qurban vermiş olur. Hansı ki, rahat şəkildə evində saxladığı pullarını və qızıllarını banka əmanət edə bilər. Son zamanlar vətəndaşlar banklara etimad göstərmədiklərinə görə bunu da etmirlər. Amma baş verə biləcək oğurluq, yangın və digər bədbəxt hadisələrdən heç kim sığortalanmayıb.

Məsələ ilə bağlı danışan bank üzrə ekspert Əkrəm Həsənov bildirib ki, prinsipcə pul kimi qızılı da banklara əmanət etmək olar: “Orada xüsusi yeşiklər olur ki, qızılı orada saxlamaq mümkündür. Pul isə əmanət olunur. Sadəcə bu banklarda etimadın sarsılmasının nəticəsidir. Yəni insanlar banklarda pul saxlamağa qorxurlar. Düzdür, son dövrlər dövlət bu istiqamətdə müsbət addımlar atıb. Bağlanan banklarda sığortalanmış əmanətlər qaytarılır. Amma sığorta olunmamış əmanətlər qayıtmır. Buna görə insanlar narahatdır”.

Alçina Amilqızı

Cebhe.info

 

09:47