Problemli kreditlərin izi oliqarxlara aparır

 

Əkrəm Həsənov: “Bank sahiblərinin, hətta vaxtilə Mərkəzi Bankın da bu işlərdə əli olub”

Azərbaycanda vaxtı keçmiş kreditlərin məbləği bu il mayın 1-nə 1 milyard 594 milyon manat təşkil edib. Mərkəzi Bankın statistikasına görə, bu, aprelin 1-i ilə müqayisədə 3,7 milyon manat və yaxud 0,2 faiz çoxdur. Problemli kreditlər ilin əvvəli ilə müqayisədə 121,4 milyon manat və yaxud 8,25 faiz, son 1 ildə isə 212,7 milyon manat və yaxud 15,4 faiz artıb. Qeyd edək ki, aprelin sonuna vaxtı keçmiş kreditlər ümumi kredit portfelində 10,3 faiz paya malik olub. Bu nisbət martın sonunda 10,2 faiz, ötən ilin sonunda 8,95 faiz, 1 il bundan əvvəl isə 7,4 faiz olub.

“Bu, elə bank sahiblərinin kredit adı ilə bankdan oğurladığı pullardır”

Bank üzrə ekspert, hüquqşünas Əkrəm Həsənov bildirib ki, problemli kreditlərin həqiqi həcmi elan olunandan çoxdur:  “Sadəcə banklar problemli kreditlərin həcmini gizlədirlər. Ona görə ki, bu halda onlar çoxlu ehtiyat yaratmalı və kapitallarından çıxarmalıdır. Bu isə onların çoxunun həqiqətdə müflis olduğunu göstərəcək. Banklar əlavə kapital qoymaq istəmirlər, eyni zamanda heç bir bank da istəmir ki, problemli kreditlərinin çox olduğunu etiraf etsin. Çünki bu zaman əhali və sahibkarlar onlara etibar etməyəcək. Buna baxmayaraq, hətta elan olunan rəqəm kifayət qədər böyükdür, tədbir də görülmür. Bu səbəbdən də problemli kreditlərin həcmi aybaay artır. Doğrudur, Maliyyə Bazarlarına Nəzarət Palatası dəfələrlə elan edib ki, guya mübarizə aparır. Amma heç nə etmir. Problemin həlli yolunu dəfələrlə demişəm. Bütün banklarda yoxlama aparılmalı və müəyyən edilməlidir ki, problemli kreditlər kimlərə verilib. Çünki problemli kreditlərin mütləq əksəriyyəti heç də adi vətəndaşlara və ya adi sahibkarlara verilməyib. Bu, elə bank sahiblərinin kredit adı ilə bankdan oğurladığı pullardır. Bank sahiblərinin, bankı idarə edən şəxslərin də, hətta vaxtilə Mərkəzi Bankın da bu işlərdə əli olub. Ən azı prosesə göz yumub. Niyə göz yumub?”
Ekspert onu da qeyd edib ki, ən iri bank olan “Bank Standart” 741 milyon kredit verib:

“Onun 432 milyonun heç təminatı yoxdur. Qalan 309 milyonun girovu heç 50 faiz deyil. Aydındır ki, belə kreditlərin verilməsində bankı idarəedən şəxslərin iradəsi olub. Banklara nəzarət edən Mərkəzi Bank isə buna göz yumub. Əgər bu gün banklarda yoxlama aparılsa, çox asanlıqla günahkarların kimliyi müəyyən olunacaq. Onlardan tələb olunacaq ki, gətirib oğurladıqları pulları yerinə qoysunlar”.

“Bank sistemini çox ağır nəticələr gözləyir”

 

Əkrəm Həsənovun qənaətincə, bütün problemli kreditlərə oğurlanan pullar demək olmaz:  “Problemli kreditlərin bir qismi adi vətəndaşların və sahibkarların götürdüyü kreditlərdir. Onların maliyyə durumları pisləşdiyinə görə ödəyə bilmirlər. Onlara da müəyyən güzəştlər olacaq. Çünki söhbət elə də iri məbləğlərdən getmir. Təəssüf ki, aidiyyəti dövlət orqanları nə bankları yoxlayırlar, nə də əhaliyə güzəşt etmək haqqında fikirləşir. Nəticədə problemli kreditlərin həcmi artır. Hətta indiyə qədər ödəyə bilənin də krediti artır. Ödəyə bilsə belə, o hesab edir ki, bu, ədalətsizlikdir. Əgər Maliyyə Bazarlarına Nəzarət Palatası yaxın müddətdə bu sahədə ciddi tədbirlər görməsə, bank sistemini çox ağır nəticələr gözləyir”.

Yeganə Oqtayqızı

 

16:31