Prezident İlham Əliyev: Bizim birgə layihələrimiz regionun siyasi, iqtisadi, nəqliyyat və energetika xəritəsini dəyişib

Azərbaycan və gürcü xalqları arasında münasibətlər uzun tarixə əsaslanır, əsrlər boyu davam edən yaxşı qonşuluq və dostluq tarixinə əsaslanır. Hesab edirəm ki, bu, böyük dinamikanı nümayiş etdirən və faktiki olaraq bir çox sahələri əhatə edən cari münasibətlərimizin inkişafı üçün çox yaxşı zəmindir.

​Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, bu fikirləri Prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini qəbul edərkən söyləyib.

İki ölkənin birgə enerji və nəqliyyat layihələrini dəyərləndirən dövlətimizin başçısı deyib: “Bu layihələr regionun siyasi, iqtisadi, nəqliyyat və energetika xəritəsini dəyişmişdir. Ölkələrimiz arasında güclü tərəfdaşlıq olmasaydı, bu layihələrin icrası mümkün olmazdı. Ötən ilin sonuncu günü Cənub Qaz Dəhlizi layihəsinin icrasının sonuncu günü idi. Bu layihə təkcə Cənubi Qafqaz regionunda yox, daha geniş Avrasiya regionunda ümumi inkişaf, sabitlik, proqnozlaşdırma, əməkdaşlıq üçün mühüm əhəmiyyət kəsb edir. Bir daha qeyd edirəm, bizim əməkdaşlığımız olmasaydı bu, mümkün olmazdı. Buna görə, bu vacib layihənin icrasına davamlı dəstək göstərdiyinə görə Gürcüstan hökumətinə dərindən minnətdaram. Bizim birlikdə start verdiyimiz bütün digər təşəbbüslərin də yaxşı uğur hekayəsi var. Əminəm ki, gələcəkdə də belə olacaq”.

Prezident bildirib ki, Azərbaycan Gürcüstan iqtisadiyyatında ən böyük investorlardan biri olmağa davam edir. “Bu da, həmçinin çox müsbət və əlverişli investisiya mühitinin yaradılmasında sizin hökumətinizin həyata keçirdiyi islahatların yaxşı göstəricisidir. Bilirəm ki, daha da çox Azərbaycan şirkəti sizin ölkənizdə çalışmaq istəyir və əminəm ki, bu, baş verəcək, - deyə Prezidenti İlham Əliyev vurğulayıb.

Xudaferin.eu

15:18