Prezident Donald Tramp erməniləri məyus etdi

 

Natiq Miri: “Ona daha dürüst məlumatlar verilsəydi, ermənilərin əleyhinə daha kəskin ifadələr işlədərdi”

 

ABŞ prezidenti Donald Tramp da qondarma “erməni soyqırımı”nı “böyük fəlakət” (“Meds Yeghern”) adlandırıb. Tramp 1915-ci ildə baş verən hadisələrlə bağlı hər il aprelin 24-də ABŞ prezidentlərinin verdiyi ənənəvi açıqlamada “soyqırım” ifadəsini işlətməyib. Xatırladaq ki, Osmanlı İmperiyasında soyqırıma məruz qaldıqlarını iddia edən dünya erməniləri hər il aprelin 24-də “soyqırım”ın ildönümünü qeyd edirlər. Maraqlıdır, Amerika prezidentinin bu cür açıqlaması ənənəvi Amerika siyasətidir, yoxsa, Donald Trampın ermənilərə olan münasibətidir? Politoloq Natiq Miri məsələ ilə bağlı şərh verib. O, deyib ki, Trampın ermənilərə münasibəti digər prezidentlərdən fərqlidir: “Tramp öz seçki mübarizəsində əsasən erməni diasporuna söykənəcək konkret addımlar və təhdidlər üzərinə götürməyib. O baxımdan hesab edirəm ki, Trampın prezident olaraq erməni lobbisi qarşısında öhdəliyi və məsuliyyəti yoxdur. Sadəcə olaraq Trampa daha dəqiq informasiyalar və faktlar verilmiş olsaydı düşünürəm ki, Amerika prezidenti bu məsələyə hətta fəlakət səviyəsində də yanaşmazdı. Çünki tarixdə ABŞ-ın prezidenti olmuş Ronald Reyqan təcrübəsi var. O, hüquq üzrə müşavirinə konkret olaraq göstəriş vermişdi ki, “erməni soyqırımı” məsələsi tarixi sənədlər əsasında araşdırılsın. Bu müşavir bilavasitə bir neçə ölkədə eyni zamanda ABŞ-ın özünün arxivlərində yatan sənədləri qaldırıb araşdırandan sonra bəlli olmuşdu ki, həqiqətən də belə bir soyqırım hadisəsi olmayıb. Bununla bağlı prezident Reyqana konkret arayış yazılmışdı. Həmin arayışın sonuncu cümləsi ondan ibarət idi ki, Türkiyədə nəinki erməni soyqırımı olmayıb, əksinə Türkiyədə başsız qalmış türk qadın və uşaqları kütləvi surətdə qətlə yetiriblər. Bu cür araşdırma nəticəsində Trampa konkret faktlar, sənədlər təqdim olunsaydı, inanın ki, o, ermənilərə və 24 aprelə yönəlik tamamilə fərqli addım atardı. Ona görə də bu vacib məqamı qətiyyən diqqətdən qaçırmaq olmaz. Bu yöndə Türkiyə rəhbərliyi Tramp Administrasiyası və prezidentin şəxsən özü ilə iş aparmalıdırlar. Fikrimcə, Türkiyənin və bütövlükdə türk dünyasının bu yöndə çox böyük perspektivləri var. O mənada ki, indiyədək ABŞ prezidenti hansısa yolla da müəyyən qədər erməni diasporası ilə əlaqələri vardı. Çünki seçki mübarizəsində ortada həm siyasi, həm də maliyyə dəstəyi olduğu üçün erməni diasporu qarşısında müəyyən məsuliyyət daşıyırdılar. Amma Trampın belə bir məsuliyyəti yoxdur. Əksinə, Trampın rəqibi olan Klintonun çox ciddi məsuliyyəti vardı. Ona görə də bunun əleyhinə olaraq Trampla bu məsələdə daha tez dil tapmaq olar, nəinki digər prezidentlərlə... Bu Azərbaycan və türk dünyası üçün şansdır”.

Politoloq qeyd edib ki, Trampın məsələyə soyqırım səviyyəsində deyil, sadəcə fəlakət səviyyəsində yanaşmasının səbəbləri ona verilən qeyri-dəqiq informasiyalar əsasındadır: “Əmin olun ki, komandası ona daha dürüst məlumatlar vermiş olsaydı, Tramp bu soyqırım haqqında ermənilərin əleyhinə olan daha kəskin ifadələr işlədə bilərdi. Ancaq hər bir halda gələcəkdə bu yolda perspektivlər mümkündür”.

Alçina Amilqızı

Cebhe.info

06:30