Polşalı alim Azərbaycan Texnologiya Universitetinin tələbələrinə ustad dərsi keçir

Polşanın Silesiya Texnologiya Universitetinin alimi Maçi Volnı “Erasmus+” proqramı çərçivəsində Azərbaycan Texnologiya Universitetinin (ATU) tələbələrinə beş günlük ustad dərslərinə başlayıb.

Xudaferin.eu xəbər verir ki, ustad dərsləri “Excel” funksiyalarından istifadə edərək sadə statistik hesablama, məlumat təhlili, statistikanın əsas şərtləri və tədqiqatda istifadəsi, nəticələrin analizi, hipotez testlərinin aparılması, effektiv və məhsuldar tədqiqat işinin yazılması başlıqlarını əhatə edəcək.

ATU-ya səfərinin məqsədi haqqında danışan Maçi Volnı deyib: “Xarici təcrübəni ATU-nun tələbə və müəllim heyəti ilə paylaşmaq üçün buradayıq. Seçimimizin Azərbaycan Texnologiya Universiteti olması heç də təsadüfi deyil. Bu universitetin xarici əlaqələri çoxdur, 3 beynəlxalq proqramda iştirak edir, 11 xarici universitetlə daim tələbə-müəllim mübadiləsi aparır. Bu əlaqələr tələbənin sahib olacağı ixtisasın sirlərinə daha mükəmməl yiyələnməsinə şərait yaradır. Digər tərəfdən, ATU “Webometrics” reytinq cədvəlində ölkəniz üzrə ön sıralarda yer alıb. Bütün bunlar Azərbaycan Texnologiya Universitetində son illər aparılan islahatların, görülən işlərin nəticəsidir. Biz də sadalananlarla yerində tanış olmaq istədik. Açığı, universitetiniz mənim gözləntilərimin çox üstündədir. Bu, mənim Azərbaycana ilk səfərimdir və mən ölkəmə Azərbaycan haqqında ancaq xoş təəssüratlarla qayıdacağam. Ümid edirəm ki, mənim Azərbaycan Texnologiya Universitetinə bu səfərim ölkələrimiz və universitetlərimiz arasında əlaqələrin daha da genişlənməsinə öz töhfəsini verəcək”.

Qeyd edək ki, Azərbaycan Texnologiya Universitetində son illər peşəkarlar, eləcə də xarici mütəxəssislər tərəfindən keçirilən ustad dərslərinə xüsusi önəm verilir. Bu çərçivədə indiyədək Avropa İttifaqının (Erasmus+) və Türkiyənin Mövlanə Mübadilə Proqramı ilə 34 müəllim və tələbə mübadiləsi aparılıb.

Xudaferin.eu 

15:17