Poeziyanın pıçıltısında döyünən ürək

 

Şair Ələsgər Talıboğlu çağdaş Azərbaycan poeziyasında özünün özgür düşüncəsi ilə kimsəyə bənzəməyən ədiblərimizdən biridir. Onun yaradıcılığının ümmanı və ruhuna hakim kəsilən duyğularının nə sınırları bəllidir, nə də ənginlikləri. Ələsgər Talıboğlu nədən və necə yazmasından asılı olmayaraq, yazdığı şeirlərində özümlü biçimlərinin palitrasına əzəmətli boyalar qatan bir sənətkardır. Bəzən ədəbiyyatda elə yazarlara və ya şairlərə rast gəlirsən ki, onların ədəbi düşüncəsinin kimin və nəyin ruhundan qaynaq tapdığının fərqinə vara bilmək mümkün olmur. Onların yaradıcılığının coğrafiyası sanki çağdaş robotlaşmanın bir düzəni olaraq görülür. Bir də var, ruhunun mənbəyi və mənsəbi anındaca bilinən könül duyğularının ədəbiyyatı. Əslində gerçək ədəbiyyat və poetika belə olmalıdır. Onsuz da əsil ədəbi əsərlər heç zaman coğrafi üfüqlər tanımamışdır. Böyük qırğız yazıçısı Çingiz Aytmatovun bütün ədəbi yaradıcılığı sadəcə mənsub olduğu soyun ruhunu yazmırdı. Onun əsərləri həm də qırğız kimliyinin ədəbi və estetik duyumları ilə dünyanın özü ilə bir bütün oldu. Mirzə Cəlil və Hüseyn Cavid kimi ünlü qələm sahibləri öz zamanlarının ruhunu böyük milli simfoniyaya çevirə bildilər. Eynilə XIX yüzildə böyük alman bəstəçisi Rixard Vaqner kimi. Vaqner kilsənin yüzillər boyu unududurduğu və yaddaşlardan silidiyi əski alman əsatirlərini, mifologemlərini simfonizmə gətirməklə möhtəşəm alman ruhunu, kimliyini yaratdı. Beləliklə kilsə tərəfindən param-parça olmuş, kiçik şəhər dövlətlərinə bölünmüş alman xalqının milli birliyinin simgəsini ucaltdı. Bundan sonra nəhəng Almaniya yarandı. O Almaniya ki, iki dünya savaşı görsə də, hər iki savaşda milyonlarla insanlarını itirsə də, minlərlə şəhər və qəsəbələri darmadağın olunsa da, bu gün yenə də möhtəşəmdir. Çünki, Rixard Vaqnerin simfonizminin estetik və duyum, mifologemlərinin və dəyərlərinin hər biri alman dühası üçündür.
Çağdaş Azərbaycan ədəbi prosesi çox təəssüflər olsun ki, özünün dəyərini ədəbi tənqid tərəfindən hələ də almamışdır. Ona görə ki, bu gün ədəbi tənqid deyil, “ədəbi tərif” hakim rolunda çıxış edir. Bunun əsas səbəbi isə, “kapitalist ədəbiyyatı”nın gündəmdə olması, həm də hakim mövqedə qalmasındadır. Ona görə də, çağdaş Azərbaycan ədəbi prosesinin öz estetik dəyərlərinə sahib çıxması bir qədər “ədəbi bürokratiya”nın basqısı altındadır. Ona görə də, Ələsgər Talıboğlu kimi ədiblərimiz ədəbi prosesdə uzun illərdir öz dəyərlərinə sahib çıxa bilmirlər. Bizim fikrimizcə ötən yüzilin 80-ci illərindən üzü bu yana “unutdulmuş ədəbi nəsil” öz qiymətini almağa daha çox haqlıdır. Onlar heç bir zaman mənsub olduqları ədəbi nəslin adına ədəbi bürokratiyanın yaxasından sallanaraq, bayağı və ucuz şöhrətin xəstəsi olmadılar. 1980-2017-ci illər ədəbi nəsli yox kimi davranmaq ədəbi bürokratiyanın milli ədəbiyyatımıza vurduğu ən böyük ziyanlardan biridir. Ona görə də, Ələsgər Talıboğlu kimi dərin poetik duyumlu və özgür düşüncəli şair və yazarlarımız cəmiyyətdə çox az tanınırlar. Şair kimi Ələsgər Talıboğlu heç zaman ədəbi bürokratiyanın yanında yer almadı. O, bütün istedadını və bacarığını yazdığı şeirlərinə, poetik duyğularının misralarına sərf etdi. Ona görə də, Ələsgər Talıboğlu çağdaş Azərbaycan ədəbiyyatında özümlü yeri olan qələm ustalarımızdan biridir. Sadə və bəsit bir dildə poetik duyğularını ifadə etmək nə qədər çətindirsə, bu həm də çox çətin bir işdir. Şair Ələsgər Talıboğlunun şeirlərində ucuz və bayağı şəkildə filosofluğa yer yoxdur. Zatən onun duyğularının ifadəsində yer alan şeirlərinin anlamları milli varlığımızın fəlsəfi pıçıltılarıdır. Səsli-küylü, bayağı və ucuz deyim onun şeirlərinə tamamilə yaddır. Şair sanki milli fəlsəfəmizin poetik dillə bir rəssam kimi möhtəşəm tablolarını yaradır. Buna elmi dillə Türkün genetik kodlarının poetik pıçıltısı deyilir. Milli varlığımızın ənginliklərinin poetik duyumlarını şeirə çevirməklə özümlü və ərdəmli olmağımızı təlqin edir. Kimsənin qapısını döyməyən, kimsədən heç nə ummadan milli ədəbi prosesimizdə şair Ələsgər Talıboğlunun imzası hər şey deməkdir. Sadəcə onun duyğularının pıçıltısı olan şeirlərinə sevə-sevə oxumaq gərəkdir.

Ələsgər Talıboğlu

Azərbaycan övladıyam

 

Sormayın siz kimliyimi-

Kiməm, nəyəm, nə karəyəm?

Arxalıyam, arxam vardır,

Yainki bir biçarəyəm?

Kimə lazım, nəyə lazım.

Mən insanam, pak əməllər,

Xeyirxahlıq yolçusuyam.

Məğrurluğun, dəyanətin,

Mətanətin timsalıyam,

Mən azadlıq aşiqiyəm,

Onun üçün doğulmuşam.

Bu torpağın nər oğluyam,

Bu torpaqdan yoğrulmuşam-

Budur arzum.

Bu vətəndir mənə ana.

Mənsə onun vuran əli,

Quran əli, dayağıyam.

İstəyirəm, bilsin bunu

Yer, göy, bütün dünya-

Azərbaycan övladıyam!

Azərbaycan övladıyam!!

21 may 1981-ci il.

Şərur, Kərimbəyli kəndi.

 

Ana kəndim

Nə müddətdir, düşdüm səndən aralı,

Ana kəndim, ağuşuna gəlmişəm.

Həsrətindən yaralıyam, yaralı

Atəşinin işığına gəlmişəm.
 

Sevdan məni gül qoynuna gətirib,

Həsrətimin vüsalına yetirib.

Neçə-neçə ünvanına götürüb,

Böyüyünə, uşağına gəlmişəm.
 

Körpəlikdən sənə aşiq olmuşam,

Axşam-sabah qol boynuna salmışam,

Min bir şirin xəyallara dalmışam,

Vüsalının qovuşuğna gəlmişəm.
 

Səni sən tək, sevən bilin, mənəm, mən,

Hər dərdinə, əzabına tənəm,tən.

Könlümdəcə bir mələk sən, sənəm sən,

Min çeşidli yaraşığna gəlmişəm.

Həsrətinə dözəmmədim, tükəndim,

Sinən üstə mənə yer ver, a kəndim.

Ələsgərəm, hər sevdana bələndim,

Günahkaram, barışığna gəlmişəm.

27 yanvar 2012-ci il.

Bakı.

 

Аzərbaycan
 

Mərd oğlunam,sənsə anam,

Dil-dil ötən tar-kamanam .

Hər sevdana qorsuz yannam,

Asta-asta, Azərbaycan!
 

Zərrə-zərrə bölünərəm,

Ələyində ələnərəm.

Mamırına bələnərəm

Sinən üstə,Azərbaycan!

Çoxlarına budaq-budaq,

Ucalaram bayraq-bayraq.

Gözlədiyim şah Qarabağ,

Könlüm səsdə, Azərbaycan!..

 

Sən varsansa,mən də varam,

Ad-sanınla ucalaram .

“Tək sən” deyə pıçıldaram,

Son nəfəsdə, Azərbaycan!..

24-25 may 2012-ci il

Bakı şəhəri,Hövsan qəsəbəsi

 

Sən varsan Vətən

 

İstərsə yüz yerə parçalasınlar,

İstərsə min rəngdə fırçalasınlar,

İstər zərrə-zərrə xıncalasınlar,

Nə qədər könlümdə Vətən sevgisi,

Nə qədər qanımda yurd həsrəti var,

Demək ki,sən varsan,sən varsan,Vətən!

Göydə Günəş varsa,göydə Ay varsa,

Yerdə sənə laiq oxşar,tay varsa,

Tanrıdan sənin tək inci pay varsa,

Nə qədər könlümdə Vətən sevgisi,

Nə qədər qanımda yurd həsrəti var,

Demək ki,sən varsan,sen varsan,Vətən!

 

26-27 may 2012

Bakı şəhəri,Hövsan qəsəbəsi

 

Sən varsan Vətən

İstərsə yüz yerə parçalasınlar,

İstərsə min rəngdə fırçalasınlar,

İstər zərrə-zərrə xıncalasınlar,

Nə qədər könlümdə Vətən sevgisi,

Nə qədər qanımda yurd həsrəti var,

Demək ki,sən varsan,sən varsan,Vətən!

Göydə Günəş varsa,göydə Ay varsa,

Yerdə sənə laiq oxşar,tay varsa,

Tanrıdan sənin tək inci pay varsa,

Nə qədər könlümdə Vətən sevgisi,

Nə qədər qanımda yurd həsrəti var,

Demək ki,sən varsan,sən varsan,Vətən!

26-27 may 2012

Bakı şəhəri,Hövsan qəsəbəsi.

 

Mən şair deyiləm

Mən şair deyiləm-şeir acıyam,

Bir elin,obanın ozan oğluyam.

Bu xalqın,bu yurdun ağrı-acısın,

Onun öz dilində yazan oğluyam.

Ən ağır dərdini öz dərdi bilən,

Onunla ağlayan,onunla gülən,

Axan göz yaşını qəlbiylə silən,

İlmə tək naxışa duzən oğluyam.

Mən şair deyiləm – sısqa bulağam,

Qəlblərə su səpib soyuda billəm.

Həzin pıçıltılı nəğmələrimlə

Bir az ürəkləri ovuda billəm.

Mən şair deyiləm-dəli aşiqəm,

Hər qarış torpaqçün candan keçərəm.

Vətən bayrağını ucaltmaq üçün

Ölümü şərəfli yol tək seçərəm.

17-19 iyul 2012-ci il

Bakı,Hövsan qəsəbəsi.

 

Bəslədim

Ramiz Qusarçaylıya

İllərdir dərd əkdim... həsrət göyərdi,

Bağrımda bir Araz qəmi bəslədim.

Qatar dərdlərimi düzüb səf-səfə,

Gözümdə bir Samur nəmi bəslədim.

Nisgillər ürəkdə bax qalaq-qalaq,

Dərd üstdən neçə dərd vurulur calaq,

Fəryadlar göylərdə... tutulur qulaq,

Zilini unutdum, bəmi bəslədim.

“Kəsmə şikəstə” dir, “Yetim segah” dır,

Yanan ürəklərdə nalədir, ahdır,

Araz köks dolusu qəmli dəsgahdır,

Hayqıran Samur tək zəmi bəslədim.

Təbrizi, Dərbəndi andım yuxumda,

Göyçə başdan-başa yandı yuxumda,

Qəmli Qarabağım qandı yuxumda,

Dərd göyə dirənib... kəmi bəslədim.

Könlümdə Savalan, ürəkdə Şahdağ,

Qanımda İrəvan, canda Qarabağ,

Yurdum paran-parça, taleyə bir bax,

Ruhumda çağlayan dəmi bəslədim.

14 aprel 2012-ci il

Bakı şəhəri

 

Haqqı var dağların bizdən küsməyə

Xalq şairi Məmməd Araza

Biz ona gərəkli oğul olmadıq,

Haqqı var dağların bizdən küsməyə.

Qoynunda əfsanə,nağıl olmadıq,

Haqqı var dağların bizdən küsməyə.

Hər gecə yuxuda səsləsək də biz,

Qərib duyğularla süsləsək də biz,

Nisgilli sevgiylə bəsləsək də biz,

Haqqı var dağların bizdən küsməyə.

Verdik o yerləri yağıya,yada,

Belə də nankorluq olar dünyada?..

Odur ki,bu yurddan getməyir qada,

Haqqı var dağların bizdən küsməyə.

Qəm,kədər asılıb başımız üstdən,

Nalə,fəryad yağır hər ötən səsdən.

Yardım diləyirik bir özgə kəsdən,

Haqqı var dağların bizdən küsməyə.

4 iyul 2012

Bakı şəhəri,Hövsan qəsəbəsi.

 

İtirdik

Çalışma həyatda sən itirməyə,

İtirmək hər şeydən asandır,asan.

Nə vaxtsa,nə vaxtsa itirdiyini,

Çalış axtarasan,çalış tapasan.

 

İtirmək ən böyük faciəmizdir,

Bundan ağır bir dərd,bil ola bilməz.

Dolmuş bir buluda bənzəyən ürək,

Boşalsa yenidən o dola bilməz.

İtirdik tapılmaz bir itik kimi,

İtirdik min odu,min ocağı biz.

İtirdik say seçmə nər oğulları,

Bu yurda açılan min qucağı biz.

İtirdik Təbrizi,Dərbəndi belə,

İtirdik nə qədər şanlı torpağı.

Muğam dünyamızın beşiyi olan,

İtirdik müqəddəs o Qarabağı.

İtirdik Göyçə tək incə gözəli,

Qədim Borçalını, Xan İrəvanı.

Babam Xətaidən yadigar qalan

Qiblə saydığımız yurdu,yuvanı...

 

Çalışma həyatda sən itirməyə,

İtirmək hər şeydən asandır,asan.

Nə vaxtsa,nə vaxtsa itirdiyini,

Çalış axtararsan,çalış tapasan.

16-17 sentyabr

Bakı-Hövsan qəsəbəsi

 

Ayrılıq həsrəti

(Məcburi köçkünlərin dilindən)

Hər il ağ örpəkli qış

elə ki,öz köçünü

çəkib aparardı,

qış yuxusundan oyanan..

son beşiyimiz olan torpaq

cana gələrdi..

Ana təbiət tüğyana gəlib

ruhumuzda

tufan qoparardı...

Elə ki,çərşənbələr

durna qatarı kimi

səfə durardı

hər kəsin qəlbində,

qayım-qayım qaynayan

gözlərində

Novruz atəşi tutuşar,

Novruz sevinci şölən qurardı...

Yerdən,göydən insanın varlığına

bir təzəlik,bir təravət sızardı,

mənimsə ruhum

sızım-sızım sızlardı...

Yağı düşmən tapdağında

qoyub gəldiyim

o dağlar,o dərələr üçün

ürəyim əsim-əsim əsərdi,

iyirmi illik ayrılıq həsrəti

qınında pas atan qılınc kimi

səbrimi kəsərdi.

Elimizdən,obamızdan,

o yallı-yamaclı kəndimizdən ötrü

burnumun ucu

göyüm-göyüm göynəyərdi

sanki göyün,yerin

min bir ağrı-acısı

içimə hopar,

köksümə ələnərdi.

Novruzlu günlərimiz

birər-birər yadıma düşərdi.

Xəyal quşum qanadlanıb

o yerlərə uçar,

qəlbimi sarsıdan duyğularım,

bir anlığına

at oynatdığım

o doğma oylaqlar

gözlərimin önündən ötüşərdi...

İsti ölkələrdən uçüb gələn,

bu yerləri özünə həmdəm bilən

köçəri quşlar isə

könlümü daha çox

heyrətə gətirərdi,

Əllərimdən bərk-bərk tutub

məni allı-güllü

o dünyama götürərdi,

O quşlara qibtə edərdim..

çünki onlar məndən

çox-çox bəxtiyarıydı,

İstər orda,istər burda-

olsalar da harda,

sığınacaqları bir el,bir oba,

heç olmasa,

tapına biləcəkləri

isti bir yuvaları varıydı.

Mənim isə

bu iyirmi ildə sığındığım

keçmiş bir tələbə yataqxanasının

iyirmi kvadratmetrlik

dörd divarından,

içindəki bir-iki taxta-tuxtadan

və cır-cındırdan başqa

(heç bunlar da olmasaydı keşkə)

nəyim vardı ki...

Axı mənim kimilərinin

nəyi də ola bilərdi ki...

Görəsən Vətən dediyimiz bu məmləkətdə

daşıdığımız vətənsizlik damğasını

alnımızdan

kimlər silərdi ki,

Heç nəyi bilməsəm də..

bircə şeyi bilirəm..

ancaq...və ancaq..özümüz.

Bəlkə onda

geri dönərdi

əvvəlki qeyrətimiz,layaqətimiz,

şərəfimiz

...Və çağlayan göz yaşlarımızdan

kor olmazdı

çağlayan gözümüz...

1-3 avqust 2012-ci il

Bakı,Hövsan qəsəbəsi.

 

Kəsilmiş umud

Umud kişi üçün artıq

bu həyatda yaşamağın

yox idi bir mənası,

Çünki onun varı-yoxu

əlindən alınmış-

evindən-eşiyindən,

ata-babalarının

“rahatca” uyuduğu

müqəddəs beşiyindən,

elindən-obasından,

yurdundan-yuvasından

didərgin salınmış

tarımar edilmişdi

könül dünyası...

Çilik-çilik olmuşdu

həyat aynası...

Ömür taleyinin

astarı çevrilmişdi üzünə...

Yamanca kövrək olmuşdu

Umud kişi-

ürəyində qəm-qüssə

yuva qurmuş,

kirpiyindən qəm asılmış,

nəm qonmuşdu gözünə...

Odur ki,

bir yumanda min tökərdi...

Yurd həsrəti

içini didib-dağıdar,

talan olmuş könlündə

ilmə-ilmə,naxış-naxış

nisgil əkərdi...

Hər gecə yuxusunda gördüyü

yağı düşmən tapdağında

qalmış o yerlər

onu göyüm-göyüm göynədərdi,

Axşam-sabah

inim-inim inlədərdi,

Dərdini isə

kimsəyə deyə bilməzdi...

Desəydi belə,

Nə mənası vardı ki...

Korun-korun

yanmaqda olan qəlbini

kimlər uyudardı ki?..

Möhürlənmiş ağzında

arzusu-istəyi

qaysaq bağlamışdı sanki...

Bunca illik yalanlardan

bıxmışdı artıq...

BMT-sinin,ATƏT-nin,

NATO-sunun ağ yalanlarıdan...

Hələ özümüzünkülərin

dediyi yalanları heç demirəm...

Daha baş çıxara bilmirdi

Olanlardan,qalanlardan.

Umud kişinin yerdən-göydən

daha kəsilmişdi umudu,

Başının üstündən

bayraq kimi asılı qalmışdı

qəm buludu...

Odur ki,

Allah-taladan istədiyi

bircə şey idi-ölüm...

O da ki...

nə zaman gələcəkdi...

nə blim...

25-30 iyun 2012

Bakı şəhəri,Hövsan qəsəbəsi.

 

O yerlərin sevgisiylə...

(Dədə baba torpaqlarından zorla qovulmuş

qaçqın qardaşlarımın dilindən)

Öz yuvası vardır

hər bir quşun -

sərçənin,göyərçinin,

leyləyin,qaranquşun....

istərsə də bayquşun...

Hər quş da

çalışar ki,özünə

əzəmətli,möhtəşəm

bir bina hörə,

hər quş da öz yuvasını

görüb-götürdüyü,

alıb-gətirdiyi

pardan-palçıqdan,

çördən-çöpdən,

ilmə-ilmə toxuyardı.

Qurduğu binanın şövqüylə

oz dilində pəsdən

könül nəğməsini oxuyardı....

Hər bir insanın da eləcə

öz evi-eşiyi,

əbədi beşiyi..

yurdu-yuvası,

eli-obası olmalıdır...

Dişimizlə,dırnağımızla,

daşımızla,torpağımızla,

yeməyib-içməyib,

günü-gündən seçməyib,

çalışdıq...çabaladıq..

Yaranışdan o torpaqların

əzəli sahibi olan

ata-babalarımız kimi

ev tiktik,eşik tiktik,

yurd tiktik,yuva tiktik.

Özümüzü öyə-öyə,

sinəmizə döyə-döyə,

taki bizdən sonrakılar

rahatca yaşasınlar deyə..

Sən demə,boşuna...

axı o torpaqları

bəzi üzdən iraq babalarımız

bundan yüz il öncə..

altdan-altdan..incə-incə,

vermişdilər qarı düşmənə,

yarı zoruna...yarı xoşuna..

İndi isə hər şey

gözlər önündə...

Kim deyə bilərdi ki,

bizi qovmayacaqdılar,

yurdumuzu-yuvamızı

sovurmayacaqdılar,

bu da sonu..

Başlandı,

dost dediyimiz,qardaş sandığımız

qarı düşmənin

min bir fitnə fəsadı,

min bir oyunu...

...Başlandı...nə başlandı..

Millət öz yurdundan...

yuvasından...daşlandı...nə daşlandı..

bizi bir gecədə qovdular

dədə-baba torpağımızdan,

aranımızdan,dağımızdan,

obamızdan,oymağımızdan..

...Kimimizi asdılar..

kimimizi kəsdilər..

kimimiz də

başımızı götürüb qaçdıq -

Ayaqyalın...başı açıq

Köksümüzdə

min bir nalə..min bir hıçqırıq..

Üz tutduq

qibləmiz saydığımız

Ana Vətənə..

Səsimizə səs verib,

ünümüzə yetənə..

Min bir əzab əziyyətlə

tikdiyimiz o evdən –eşikdən

o yurddan-yuvadan

götürdüyümüz isə

sadəcə ahu-fəryadı

uca göylərə yüksələn

dolu bir ürək..

O isə..eh...kimə gərək...

İndi nə zamandır

geri dönə bilməyəcəyimiz,

həsrətimizi,nisgilimizi

heç nə ilə siləməyəcəyimiz,

o yerlərin sevgisiylə

yaşayırıq....

Doğan hər sabahımızı,

batan hər günəşimizi

o ellərin..obaların

adı ilə başlayırıq..

...Yaşayırıq -

Bir gözümüzdə sevinc,

o birində qəm..

Yaşayırıq..

Könlümüzdə həsrət.

yanaqlarımızda nəm.

Budurmu tanrının

bizə etdiyi sitəm?..

..Bənzəyirik..sanki

öz isti yuvasından

perik düşmüş

qərib bir quşa...

O yerlərin,obaların

həsrəti ilə

axşam –sabah nalə çəkib,

fəryad qoparan

tənha bayquşa...

Hələ bunlar azıymış kimi

bir ad da qoyduıar

adımızın üstünə...

Elə bil,çarxı dönmüş fələk

durmuşdu ömrümüzün qəsdinə...

kimisi `qaçqın` dedi,

kimisi `YERAZ`...

Gözümüzdə qaldı

Hər arzu, muraz

Sinəmizə çəkilən,

könlümüzdə əkilən

bütün bu

çalın-çarpaz dağlardan sonra

gəl,insan kimi,

yaşa görüm,necə yaşayırsan...

Həyatını yenidən..və..haradan

başla görüm... necə başlayırsan....

1-8 oktyabr 2012-ci il

Bakı,Hövsan qəsəbəsi.

 

02:31