PKK probleminin həlli üçün TARİXİ ŞANS

Natiq Miri: “PKK tək Rusiyadan deyil, Qərb dünyasından da ciddi dəstək alır”

Türkiyə-Rusiya yaxınlaşması dünya siyasətində qəfil dönüşə səbəb oldu.  Bu barışığın altında gizli məqamlar da yox deyil. Türkiyənin uzun illərdir davam edən PKK probleminin də əsas qaynağı elə Rusiyadır. Belə ki, PKK Rusiya xüsusi xidmət orqanlarının yaratdığı terror təşkilatıdır. Rusiya ilə Türkiyə arasında baş verən məlum təyyarə hadisəsindən sonra PKK-nın aktiv fəaliyyətə keçməsini siyasi şərhçilər məhz bu amillərlə bağlayırdırlar. Bir müddət öncə ABŞ Baş Qərargah rəisinin Türkiyə səfərində verdiyi bəyanat PKK-nın üzünü yenidən Rusiyaya çevirdi. Qərbin PKK-ya silah verməkdən imtina etməsi PKK rəhbərlərini silah üçün Rusiyaya müraciət etməyə vadar etdi. Bu da o anlama gəlir ki, Rusiya hələ də PKK-dan Türkiyə əleyhinə istifadə edir. Bəs Türkiyə-Rusiya yaxınlaşması PKK probleminin köklü həllinə rəvac verəcəkmi?

“Moskva hər zaman PKK-dan Türkiyə əleyhinə yararlanıb”

Məsələni şərh edən politoloq Natiq Miri bildirib ki, PKK artıq tək Rusiyanın tabeliyində olan terror təşkilatı deyil. Onun sözlərinə görə, Türkiyə-Rusiya münasibətlərinin bərpası PKK probleminin köklü həllinə təsir etməyəcək: “PKK yaranmasında Rusiya xüsusi xidmət orqanlarının çox böyük rolu olub. Çünki həm ideoloji, həm də maddi baxımdan PKK-nın komminist dövlətinə yaxınlığı birmənalı idi. Sovet İttifaqı PKK-dan hər zaman Türkiyə əleyhinə yararlanıb. Ancaq indiki şəraitdə PKK təkcə Sovet İttifaqının varisi olan Rusiya tərəfindən bəslənmir. Bu gün PKK artıq geosiyasi alətə çevrilib. Dünya gücləri Türkiyə əleyhinə bu alətdən istifadə edirlər. Ona görə də Türkiyə- Rusiya yaxınlaşması PKK ilə mübarizədə müəyyən mənada Türkiyəyə yardım edə bilər. Ancaq bütöv anlamda PKK-nın bitirilməsi üçün Türkiyə Rusiya yaxanlaşması yetərli deyil. Bu gün PKK bilavasitə Qərb dünyası tərəfindən həm Böyük Britaniya, həm Almaniya, həm də Amerika Birləşmiş Ştatları tərəfindən silahlandırılır, lojistik dəstək verilir və müəyyən mənada Türkiyə əleyihinə fəaliyyətdə istifadə olunur. Ona görə də Türkiyə- Rusiya yaxınlaşması PKK-nın bitirilməsi üçün bəs etməyəcək. Sadəcə bu yaxınlaşma çərçivəsində Rusiya müvəqqəti olaraq PKK-nı silahlandırmaqdan imtina edə bilər. Digər tərəfdən də Türkiyə xüsusi xidmət orqanlarına müəyyən kəşfiyyat məlumatları ötürər. Bu da PKK ilə mübarizədə Türkiyənin əlini qismən gücləndirə bilər. Ancaq böyük anlamda PKK-ya qarşı mübarizə Türkiyə hakimiyyətinin ciddi siyasi iradəsinə bağlıdır. Artıq belə bir siyasi iradə ortaya qoyulub deyə, PKK bitirilmək üzrədir. Baxmayaraq ki, PKK Qərb dünyasından ciddi mənada dəstək alır”.

“Türkiyə qalib gələcək”

Türkiyə hakimiyyətinin PKK ilə mübarizədə son günlər atdığı addımlara toxunan politoloq onu deyib ki, bu gün Qərb Türkiyə ilə razılaşmağa məcburdur. Onun sözlərinə görə, Türkiyə mövcud siyasətini davam etdirsə qalib gələcək: “PKK-nın siyasi dəskətçiləri olan Xalqların Demokratik Partiyasına (HDP) qarşı mübarizəni Türkiyə- Qərb münasibətləri kontekstində dəyərləndirmək lazımdır. Son zamanlar həm ABŞ, həm də Avropa Birliyi səviyyəsində Türkiyə ilə münasibətlər gərgin müstəvidə inkişaf edir. Artıq Türkiyə o dövlət deyil ki, Qərb dünya rahat şəkildə onlara siyasi təzyiqlər etsin. Türkiyə daha Qərbin təzyiqləri qarşısında geri çəkilmir. Türkiyə bu gün müstəqil siyasi qərarlar verməklər özünün strateji müttəfiqlərini də çətin vəziyyətə qoyur. Türkiyə müstəqil olduqca daha da güclənir. PKK-nın artıq cəmiyyətdə olan müəyyən dəstəkləri də azalır. Hətta HDP başqanları və bir çox deputatların həbs olunmağı türk toplumunda PKK-ya ciddi dəstək qazandıra bilmədi. Ona görə də bu gün Türkiyə hakimiyyəti Ərdoğanın rəhbərliyi altında doğru, müstəqil siyasət yürüdür ki, bu da sonunda Türkiyənin böyük qələbəsilə nəticələnəcək. Bu fonda ABŞ və Avropa Birliyi Türkiyənin tələblərilə ya razılaşacaq, ya da razılaşacaq. Çünki indiki şəraitdə Qərb dünyasının Türkiyə kimi çox güclü bir ölkəni itirməsi onlar üçün çox böyük faciə ilə nəticələnə bilər. Bu ilk növbədə Avropa Birliyinin parçalanmasına rəvac verə, ABŞ-ın Avrasiyadakı mövqelərini ciddi şəkildə zəiflədə bilər. Türkiyə bu cür dirəniş göstərəcəksə və müstəqil siyasət aparacaqsa hesab edirəm ki, qələbə də Türkiyənin olacaq”.

Vilayət Muxtar
(Cebhe.info)

15:59