PKK-dan “geri çəkilirik” MESAJI gəldi

Terror təşkilatı PKK liderlərindən Murad Karayılan Türkiyənin heç vaxt imkan verməyəcəyini açıqladığı, İraq Kürdüstan Regionu Administrasiyasının Baş naziri Neçirvan Bərzaninin də "Lazım olsa, gücdən istifadə edərik" dediyi Sincar zonasından gedəcəklərini açıqlayıb. Terror təşkilatına yaxınlığı ilə tanınan Stern TV-yə danışan Karayılan Bərzaninin sözlərinə istinad edərək "Onsuz da aramızda bu vəziyyət müzakirə mövzusudur. Biz aramızdakı bu mübahisələrin başa çatması ilə birlikdə adamlarımızı çəkəcəyik, onsuz da özlərinə açıq demişik. Bunu ilk dəfə burada açıqlayıram" deyib.

Qeyd edək ki, Neçirvan Bərzani PKK-nın Sincardan (Şenqal) çıxması lazım olduğunu söyləyərək, "Lazım olsa, güc istifadə etmək məcburiyyətində qalacağıq" demişdi. Bərzani "Şenqal xalqı gələcəyindən əmin deyil, buna görə də şəhərə geri qayıtmır. Şenqal xalqı narahatdır, çünki geri qayıdanda nə ilə qarşılaşacaqlarını bilmir. Yenidən başqa bir münaqişə ilə qarşılaşmaqdan qorxur. PKK-nın bunu anlaması lazımdır. Xalqın xeyri üçün bölgədən çıxması lazımdır" - deyə bildirib.
Digər tərəfdən Anadolu Agentliyinin verdiyi xəbərə görə, Mosulun Sincar rayonu Asayiş rəisi Kasım Derbo terror təşkilatı PKK-nın Sincardan çəkiləcəyini, PKK-lı terrorçuların indidən hazırlıq görməyə başladığını iddia edib. Derbo Sincardan yalnız Qəndildən PKK və Suriyadan gələn YPG-lilərin çəkiləcəyini bildirib: "Hamısı türkiyəli və suriyalılardır. Buna görə bu iki qrup Şenqalden çəkiləcək."
PKK-nın Sincardaki varlığına qarşı başda Ərbil olmaq üzrə beynəlxalq səviyyədə təzyiqin yaranmasından sonra, təşkilatın getmək üçün hazırlıqlara başladığını deyən Derbo "Bizim müşahidələrimizə görə Kandil və əllərindəki ərazilərə keçmək üçün Şenqaldakı silahlarını toplayırlar" - deyə bildirib.
Türkiyənin Xarici İşlər naziri Mevlüt Çavuşoğlu oktyabrın 26-da verdiyi bəyanatda PKK-nın İraqda yerləşməsinə imkan verilməyəcəyini bildirərək, "Sincarı ikinci bir Qəndil etmək istəyirlər. Beynəlxalq hüquqlarımızdan istifadə edərək PKK-nın İraqdakı formalaşmasına fəal müdaxilə edəcəyik" demişdi. ABŞ Xarici İşlər Nazirliyinin sözçüsü Mark Toner isə PKK-nın Sincardaki varlığına dair əvvəlki gün verdiyi açıqlamada "ABŞ-ın terror təşkilatı kimi tanıdığı PKK-nın Sincarda hər hansı bir rolu olmamalıdır. PKK-nın oradakı varlığını razılaşma qarşısındakı əsas maneə kimi görürük" deyib.

Məcid Həsənli
Cebhe.info

12:47