Piterin mars səyahəti

 

Yer kürəsində analoqu olmayan SSRİ adlı ölkəmizin “maraqlı” siyasəti vardı: siyasəti yox-daha doğrusu “süzgəc”in qapılarını bizi “yoldan çıxara biləcək” “yaramaz” kapitalist dünyasına bağlamaqla ürəyi soyumur, öz aləmində vətəndaşların “tərbiyəsinin pozulması” ehtimalını sıfra endirirdi. Amma bu o zaman çox gözəl alınırdı. Şəxsən məndə kapitalist dünyasına bəslədiyim nifrətlə yanaşı “niyə  Çexoslovakiya, Polşa, Yuqoslaviya.... gəlib yalvarıb SSRİ-yə daxil olmurlar?” sualı yaranırdı. Rəhmətlik Mirzə Cəlilin “Usta Zeynal”ında deyildiyi kimi: “niyə kafirlər dönüb müsəlman olmurlar?”

SSRİ adlı “maraqlı” ölkə“ 70 ildə yalnız “kapitalist”lərin iqtisadiyyatını, elm və kültür  sahəsindəki inkişafı və demokratiyanı deyil, “günah”ı olmayan incəsənətini inkar edirdi. Və bu səbəbdən “düşmən” tərəfin ekran əsərlərinin “süzgəcdən keçmiş”lərinə baxmaq şərəfinə nail olurduq: məhəbbət, ata-oğul, təbiət və s. mövzularda kapitalist dünyasına lənətlər oxuyan və sosializmi təbliğ edən ekran əsərləri böyük ilhamla rus dilinə tərcümə olunurdu. Yenə də süzgəcdən keçirilərək bizə ötürülürdü. “Üst-başı” yaxşıca yoxlanılan belə əsərlərdən “gömrük rüsumu” da tutulmurdu. Bu tendensiya cizgi filmlərindən də yan keçmirdi. Beləliklə Polşanın–yəni sosialist dövlətinin istehsalı olan “Piter Marsda” adlı cizgi filminə və bu kimi “sözəbaxan”, kapitalistlərə “qoşulmayan” filmlərə baxaraq əylənirdi. Filmdə Piter adlı oğlanın Marsda gördükləri təsvir olunurdu. Marsda hər şey tərsinə cərəyan edirdi: maşınlar, velosipedlər irəliyə yox, arxaya doğru gedir, insanlar geriyə addımlayır, su içiləndən sonra isə stəkan boşalmaq əvəzinə dolurdu...

Molla əmi, indi soruşacaqsan ki, bunun  müstəqil Azərbaycanın incəsənət aləminə nə aidiyyatı var? Mədəniyyət aləminə olmasa da, Mədəniyyət nazirliyinə birbaşa aidiyyatı var. Olmasa demərəm ki.

Deməli, il yarım ərzində  istedadlı aktyor ordusunu “tı ne moy aktyor” deyərək “əsaslı dəlil”lərlə “öz ərizəsi” ilə işdən azad edən, yalnız özünün quruluş verdiyi  tamaşalara “viza” verməklə gənc rejissorların üzünə qapıları bağlayan, etik normaları addımbaşı pozan və Azərbaycan Teatr Xadimləri İttifaqının sədri olmaqla yanaşı, Dövlət Akademik Milli Dram Teatrının direktoru kimi öz “sevimli”lərini xüsusi nəvazişlə əzizləyən, qarşısı boş qalan kassalarla heç bir irəliləyişə nail olmayan “Vətənə xidmətə görə” ordeninin daşıyıcısı A. Nemətovla əmək müqaviləsi işdə yol verdiyi nöqsanlardan sonra  daha 1 il müddətinə uzadılır. Xatırladaq ki, A. Nemətovla 2018-ci ilin yanvar ayında bağlanan müqavilənin müddəti  avqustda bitdikdən sonra bu maraqlı olay baş verdi.

Molla əmi, belə məlum olur ki, yanvarda yalnız avqusta kimi işləmək hüququ qazanmış Nemətovun ədalətsiz mövqeyindən xoşlanan Mədəniyyət  nazirliyi bu dəfə daha 1 il  Azərbaycan  teatrsevərlərinin əsəblərilə oynamaq  fikrində olduğunu açıq-aşkar bəyan etdi. Amma adam gərək insafla danışıb, vicdanını unutmasın: Nemətovu “obyektiv” səbəblərdən direktor kürsüsündə saxlayan nazirliyin  ciddi əsası var: deyilənə görə guya “əvəz” tapılmır.” Ay molla əmi, deyirlər əvəzolunmaz insan yoxdur, indi bu nə tövr olur?

Hə... Mədəniyyət Nazirliyində təkrarən “strateji” şöbələrdən birinin müdiri təsdiq olunan İsmayıl Hüseynovdan soruşmaq lazımdır. Əvəzolunmazları o, daha yaxşı tanıyır! Və Nemətovdan şikayətə gələnlərə hegemonluqla “dəyərli” tövsiyələrini əsirgəmir.  “Azdramaya kimin rəhbərlik etməsini Siz həll etmirsiniz! Direktor istəmədiyi halda orada necə işləmək olar?” Aydın olmadı: ÖlkəPrzidentinin  məmur özbaşınalığından şikayətə diqqətlə yanaşıb ədalətli olmaq barədə  tapşırıqlarına saymaz yanaşıb sənət adamları ilə kobud rəftar edən İsmayıl Hüseynov kimi məmurlar cəzalandırılmaq əvəzinə yenidən necə ixtiyar sahibi olur? Amma  bir məsələ də var axı: Marsda tərsinə işlər ola bilir, Mədəniyyət nazirliyində yox?.Piterin təsvir etdiklərini görmək üçün, Marsa uçmağa nə hacət? Mədəniyyət nazirliyinin “uzaqgörən” siyasətinin  at oynatdığı məmləkətimizdə yaşamaq kifayətdir.
Allah dahi Üzeyir bəyə rəhmət eləsin: o, bizi Afrikaya səyahət etməkdən çəkindirməklə  Məşədi İbada baxmağın kifayət olduğunu Rza bəyin dili ilə tövsiyə etmişdi. Zarafatı qoyduq bir kənara. “Komu na Rusi jit xoroşo” deyən Qriboyedov sanki Azdramanın direktorunun “sevimli”lərini nəzərdə tutubmuş. Bir məqalədə oxuduğum kimi “İstedadlı və ya istedadsız olmasından asılı olmayaraq” və həmin məqalənin müəllifinin tutduğu yolla “gedərək “sevimli”lərin adlarını çəkmək fikrindən daşındım. Çünki müşahidələrim göstərdi ki, “soyqırım” aktyorların arasına nifaq sala bilməmiş, onlar –yəni “sevimli”lərlə “repressiyaya uğrayanlar” öz aralarında səmimiyyəti qoryuyb-saxlamağı bacarmış, bir-birinin xeyir və şərində yaxından iştirak etməklə bu siyasətin “müəllif”i ilə razı olmadıqlarını açıq-aşkar nümayiş etdirirlər.

Gizli iclas, Azdramada soyqırım və son fərman – açıq məktub

 

Akademik Milli Dram Teatrının “uzaqgörən” direktoru Azərpaşa Nemətova açıq məktub:

Hörmətli Azər Paşa müəllim!

Ötən ilin mart ayında əməkdar artist, “ən yaxşı kişi rolunun ifaçısı” (Ukraynanın Dneprodzerjinski şəhəri, 2011) adını daşıyan, Azərbaycan tamaşaçısının (eləcə də dünya azərbaycanlılarının) İmran  kimi tanıdığı və sevdiyi İlham Hüseynova  təzyiq edərək işdən getmək barədə ərizə yazdıranda onun 1 ildən sonra  xəstəlik vərəqəsini-bülleteni gec təqdim edib “proqul” edəcəyini öncədən necə “görə” bilmişdiniz? Maraqlıdır...

Səbəbsiz yerə işdən azad etdiyiniz İlham Hüseynov heç vəchlə bizə müsahibə vermək istəmədiyini bildirəndən sonra sizinlə  haqqı tapdalanan adamın əvəzinə danışmaq istərdik: əvvəla onu qeyd edək ki, “səbəbsiz” sözünə reaksiyanız əvvəlcədən bəllidir: “proqul”dan danışacaqsınız: amma bunu sizə məsləhət görmürük. Teatr Xadimləri  İttifaqının sədri kimi gözəl bilirsiniz ki, teatrlarda nizam-intizam qaydaları belədir ki, aktyor yalnız tamaşa və məşq günlərində  işə gəlir. Yəni  aktyor barədə “proqul” sözü  hətta tamaşaçıda belə acı gülüş doğurur.

Yuxarıda qeyd etdik ki,İlham Hüseynov danışmaq istəmədi və yalnız “Qara məni basınca, mən qaranı basım” təbiri ilə Azdramanın mətbuat xidmətindən “sızılan” məlumatdan sonra özünü müdafiə etmək məcburiyyətində qaldı. Və təbii ki, təvazökar bir insan olan Hüseynov  heç yerə şikayət etməyəcək. Əgər belə olsaydı, araşdırma nəticəsində- konkret desək  xidməti girişdəki turniket aparatının məlumatlarının üzə çıxması nəticəsində məlum olardı ki, aylarla teatra gəlməyən aktyorlar var ki, bu da onların günahı deyil. Heç bir tamaşada rolu olmayan aktyor daxili qaydalara əsasən teatra gəlməyə bilər və o, özünə rol verə bilməz. Xatırladım ki,  İlham Hüseynov Nuşiçin “Nazirin xanımı” və E.Əfəndiyevin “Sənətkarın taleyi” tamaşalarında oynadığı rolda bülletendə olan müddətdə səhnəyə çıxanda zalda canlanma əmələ gəlirdi ki, bunu da tamaşaçılar təsdiq edə bilər.   

01.11.2012-ci ildən Azdramada çalışan İlham Hüseynov elə ilk günlərdən  təzyiqiniz altında çalışır. Amma maraqlı budur ki,  2 il öncə ona dəhlizdə  rast gəldiyiniz zaman  “Sən kimsən? Mən səni tanımıram” “müraciət”inizdən sonra sizinlə danışmaq şərəfinə nail olmayan İ.Hüseynov dəfələrlə qəbulunuza gəlib və ona qarşı ikrah hissinin səbəbini öyrənməyə çalışıb. Siz onu qəbul etməmisiniz. Niyə? Sizə həvalə olunan mədəniyyət müəssisəsinin rəhbəri kimi tabeçiliyinizdə olanları dinləmək vəzifə borcunuz deyilmi? İşçilər vasitəsilə “Səni komandamda görmürəm” deyib məcburən ərizə yazdırdınız. Heç zaman  ağsaqqalın üzünə ağ olmayan Hüseynov vasitəçinin vasitəsilə keçirəcəyi cərrahiyyə  əməliyyatına qədər möhlət istədi. Hamı bilsin ki, ”humanist” Nemətov o şərtlə razılaşdı ki, Hüseynov ötən ilin avqust ayının 1-dən ərizə yazsın. Beləliklə keçən ilin mart ayında İlham Hüseynov 1 avqust tarixindən “öz xahişi ilə” işdən çıxmaq barədə ərizə yazdı və bu tarixi  “gözləyərək” yaradıcılığına davam etdi. İyul ayında əməliyyat olunduğu üçün 6 ay müddətində bülletendə olan Hüseynovu işdən azad etmək mümkün olmadı. Amma bülletendə olduğu müddətdə o, Nuşiçin “Nazirin xanımı” əsərində rolunu ifa etmək üçün səhnəyə çıxdı. (30.X1.2017).

Hörmətli tamaşaçı! “İşə gəlmir, serialda çəkilir” deyən A. Nemətov onu  səbirsizliklə gözləyirdi: rol vermək üçün yox, işdən azad etmək üçün. Hüseynov sizin qəbulunuza gəlmək istədi-qəbul etmədiniz,  ona dəyər verən insanların vasitəsilə sizə “ağız” açdırdı və məsələ həll olunana kimi bülleteni özündə saxladı. Bu da oldu bəhanə-yəni onun “proqul”larının “obyektiv tarixçəsi”...  

Yenə sakitləşmədiniz: Həmkarlar İttifaqının iclası çağırıldı. İclasda məsuliyyət hissi ilə iştirak edən İ.Hüseynov “proqul” günlərinin ödənişinin əmək haqqından çıxılmasını xahiş etdi. Az-çox iş stajı olan insanlarda sual yaranır: “proqul”lara görə “Bəxtiyar” filmində Ağabala demişkən “töhmət, hətta şiddətli töhmət də” verə bilərdiniz. Amma yox, sizin “fərman” artıq imzalanmışdı. Legitim olmayan – “iclas”dakılar aktyora bildirdilər ki, onun səsi heç yerə çatmayacaq. “İclas”da “maraqlı” məqam da baş verdi və İlham Hüseynov XXI əsrdə-hüquqi dövlətdə yaşadığımızı bu insanlara xatırlatmaq arzusunu da boğdu: etika naminə. “İclas”da İlhamın “niyə hər gün işə gəlmək təkcə mənə şamil edilir?” sualına cavb verildi: “Hamı işdə sayılır, sənsə yox...” (sərhsiz)...

İlham Hüseynovun istedadlı aktyor olması heç kəsə sirr deyildir: “Aktrisa” bədii filminin (yazıçı R.Hüseynzadə), o cümlədən  “Sonuncu fəsil” (İlyas) və nəhayət “Vicdan haqqı” (İmran) teleseriallarının nümayişindən sonra kifayət qədər populyarlaşan aktyorun hər səhnəyə çıxışı tamaşaçı üçün bayrama çevrilir. Nəinki səhnəyə-Bakının (eləcə də Gəncənin) küçələrində sərbəst yeriyə bilməyən əməkdar artistlə şəkil çəkdirmək, söhbət etmək istəyənlərin arasında bu yazının müəllifi də var və etiraf edək ki, belə populyarlıq hər aktyorun nəsibi deyildir.

Hörmətli direktor, İ.Hüseynov artıq 3-cü dərəcəli əlildir və hərəkətlərində müvəqqəti  məhdudiyyətlərin olmasına baxmayaraq müəyyən tədbirlər görməklə səhnəyə çıxmaq iqtidarındadır və çıxır. Bəlkə budur ona Azdramada yer olmamasına səbəb? Xatırladım ki, Moskvanın “Lenkom” teatrının istedadlı aktyoru Karaçintsev 13 il öncə maşın qəzası nəticəsində ömürlük əlil arabasına məhkum olunduğuna görə yalnız mövsüm açılışında oraya gəlirdi. Amma, belə deyək, qanunpərəst ruslar humanistcəsinə qanunu “pozaraq” ona ömrünün son gününədək  həmin teatrdan əmək haqqı verirlər. Azdramaya rəhbərlik etməklə yanaşı, Teatr Xadimləri İttifaqının sədri kimi bir istedadlı aktyora dövlət dəstəyi göstərməyi lazım bilmədinizmi? Bəzi aktyorlardan fərqli olaraq rollardan imtina etməyən sənətkar şükürlər olsun ki, əlil arabasında deyildir!

Əlillik dərəcəsi olanlara xüsusi “diqqətlə” yanaşan A.Nemətov əməkdar artist, 3-cü dərəcəli əlilliyi olan Hicran Nəsirovanın istedadlı aktrisa olmasını “diqqətdən qaçıraraq” siyahıya bir daha “diqqətlə” baxmış və ailə başçısını itirmiş xanımı Prezident mükafatından məhrum etməyi “lazım bilmişdir”.

Müstəqil  Azərbaycan Respublikasının prezidenti İlham Əliyev cənabları məmur özbaşınalığına qarşı amansız mövqe tutmaqla, zəhmətkeşlərin şikayət və təkliflərini səsləndirməyi tövsiyə etmişdir.(Ölkə başçısının İsmayıllı rayonundakı çıxışından) .

Bəs elə isə, “QOSPODA! VI NE MOYİ AKTYORI!!!” (Cənablar! Mənlik deyilsiniz!”) deyən direktor necə olur ki, bu özbaşınalıqları edir? Axı bura dövlət teatrıdır və orada hamı həm də dövlətin qayğısı ilə əhatələnməlidir.

(ardı var)

Nəcibə İlkin,

“Azad Qələm” qəzetinin baş redaktoru
 

16:11