Pinəçilər büdcəni “yamaya” biləcəkmi?

Toylarda və digər mərasimlərdə iştirak edən müğənnilər, rəqqaslar, aparıcılar və şou-biznesin digər nümayəndələri sadələşdirilmiş vergi ödəyicisi olacaq. Bunu vergilər naziri Fazil Məmmədov Milli Məclisin İqtisadi məsələlər, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib. Müvafiq dəyişikliklər Vergi Məcəlləsində nəzərdə tutulub. Nazirin sözlərinə görə, bu sahənin nümayəndələri hər ay müvafiq əmsala uyğun sadələşdirilmiş vergi ödəyəcək. Onun sözlərinə görə, bu fəaliyyət növləri üzrə fiziki şəxslər sadələşdirilmiş vergi üzrə aylıq sabit məbləğ, yəni 30 manat ödəyəcək. Toylarda və digər mərasimlərdə iştirak edən müğənnilər, aparıcılar, rəqqaslar, aşıqlar, parodiyaçılar və digər oxşar peşə nümayəndələri eləcə də foto və video çəkilişləri, eləcə də audio yazı sahəsində fərdi fəaliyyət (fotostudiyalar istisna olmaqla) 30 manat; Pinəçilər və sənətkarlar 5 manat; Televizor, soyuducu və digər məişət əşyalarının təmiri 10 manat; Fərdi evlərdə xidmətçilər, ev təsərrüfatında təmizlik fəaliyyəti, xəstələrə, qocalara və uşaqlara qulluq, fərdi sürücü, bağban, aşpaz və digər oxşar peşələr 10 manat; Emalatxana işləri 20 manat ödəyəcək. Məlumat üçün bildirək ki, yuxarıda qeyd olunan şəxslər üçün sadələşdirilmiş vergi şəhərlər üzrə ayrı-ayrı əmsallarla hesablanacaq. Bütün bu fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər üçün aylıq verginin məbləği Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) 2, Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində 1,5, Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Şirvan, Mingəçevir, Naxçıvan, Lənkəran, Yevlax, Şəki və Naftalan şəhərlərində 1, digər rayon (şəhər) və qəsəbələrdə (kəndlərdə) 0,5 əmsalları tətbiq edilməklə müəyyən edilir.

Qeyd edək ki, hökumətin hesabatına görə, 2017-cilin dövlət büdcəsində qeyri-neft sektorunun payı, neft sektoru ilə müqayisədə üstünlük təşkil edərək 75,7 faizə çatacaq. 2017-ci ilin dövlət büdcəsinin gəlirləri 16 milyard 255 milyon manat məbləğində olmaqla cari ilin proqnozuna nisbətən 567 milyon manat və ya 3,4 faiz azdır. Neft sektorundan daxilolmalar üzrə proqnozların azalması fonunda dövlət büdcəsi gəlirlərinin 8,3 milyard manatı və ya 51,2 faizi qeyri-neft sektorundan daxilolmaların payına düşəcək ki, bu da cari illə müqayisədə 718 milyon manat və ya 9,5 faiz çoxdur.
Vergilər Nazirliyi xətti ilə dövlət büdcəsinə 7 milyard 510 milyon manat daxilolma proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 500 milyon manat və ya 7,1 faiz çox deməkdir. Dövlət Gömrük Komitəsi vasitəsilə isə büdcəyə 2 milyard 200 milyon manat vəsaitin daxil olacağı nəzərdə tutulub ki, bu da cari illə müqayisədə 390 milyon və yaxud 21,5 faiz çoxdur. Büdcə təşkilatlarının ödənişli xidmətlərindən 353 milyon manat vəsait proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 48 milyon manat və ya 15,7 faiz çoxdur. Digər daxilolmalar üzrə 92 milyon manat vəsaitin daxil olması gözlənilir. 2017-ci ilin dövlət büdcəsi xərcləri 16 milyard 900 milyon manat təşkil edəcək və bu da cari illə müqayisədə 1 milyard 595 milyon və ya 8,6 faiz azdır.
Maraqlıdır, vergidən büdcəyə proqnozlaşdırılmış daxilolma mümkün olacaqmı? İqtisadçı-ekspert Rəşad Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, ölkə iqtisadiyyatının real vergi potensialı kifayət qədər yüksəkdir: “Müxtəlif araşdırmalar göstərir ki, qeyri-neft sektorunun 35 faizindən artıq hissəsi passiv fəaliyyət göstərir. Vergi obyektini, əhatəliliyi genişləndirməklə vergi daxilolmalarının həcmini artırmaq mümkündür. Bu istiqamətdə 2015-ci ildən müəyyən addımlar atılır. Təbii ki, hələlik çox ciddi, amma illeqal dövriyyə mövcuddur. Bu sahədə atılan addımlardan biri də qeyd olunan fərdi vergilərin tətbiq edilməsidir. Bu da boşluğun hökm sürdüyü sahələrdən biridir. Eyni zamanda vergi yığımında ədalətsizliyə səbəb olur. Çünki bir çox insanlar öz fəaliyyətindən vergi ödəyir, amma digər qrup insanlar isə fəaliyyətindən vergi vermir. Bu düzgün deyil. Hesab edirəm ki, fərdi vergilərin tətbiq edilməsi müsbət addımdır və xüsusilə də illeqal fəaliyyətin genişlənməsinin qarşısını almağa öz müsbət təsirini göstərəcək. Bu, vətəndaşlar üçün əlavə xərc yaratsa da, amma onun əmək fəaliyyətini leqalaşdırmaqla növbəti dövrlər üçün pensiya təminatının formalaşmasına, sığortanın tətbiqinə şərait yaradır. Eyni zamanda kreditgötürmə problemi qiymətləndirilərkən təkmilləşdirmədə istifadə oluna bilər. Məsələyə bu baxımdan yanaşdıqda vətəndaş üçün də müəyyən mənada müsbət məqamdır. Öz fəaliyyətini leqallaşdırıb, öz əməyini qanuniləşdirmək baxımından. Dövlət gəlirləri baxımından isə əgər neft daxilolmaları azalırsa, bu zaman hökumət göstərir ki, büdcə gəlirlərinin böyük bir hissəsi qeyri-neft sektoru hesabına təmin edilsin. İndiki halda qeyri-neft sektorunda durğunluq, hətta bəzi hallarda geriləmə müşahidə olunur. Demək olmaz ki, bu, qanunauyğun olaraq qeyri-neft sektorundan vergi daxilolmaları artmalıdır. Bu, belə deyil. Amma onu qeyd etmək lazımdır ki, müəyyən qədər rasional qərarların qəbul edilməsi, illeqal dövriyyənin qarşısının alınması son nəticədə 2017-ci ildə Vergilər Nazirliyinin öhdəliyi yerinə yetirməsinə kömək göstərə bilər”.

Yeganə Oqtayqızı
Cebhe.info

11:37