Peru mətbuatı: Azərbaycan azad edilmiş ərazilərinin bərpası və məcburi köçkünlərin geri qayıdışı üçün səylərini artırır

Perunun ən nüfuzlu KİV-lərindən olan “La Razón” qəzetində 44 günlük Vətən müharibəsinin yekunları, regionda münaqişə sonrası yaranmış vəziyyət, işğaldan azad edilmiş ərazilərin erməni vandalizminə məruz qalması, azərbaycanlı məcburi köçkünlərin evlərinə qayıtması üçün mövcud maneələr və Azərbaycan tərəfindən burada aparılan yenidənqurma işləri haqqında bu ölkədəki səfirimiz Məmməd Talıbovun müsahibəsi dərc olunub.

Bu barədə AZƏRTAC-a Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən məlumat verilib.

Müsahibədə 44 günlük müharibənin yekununda Azərbaycanın 30 ilə yaxın erməni işğalında olan ərazilərinin böyük hissəsini azad etdiyi, 10 noyabr tarixli üçtərəfli bəyanatla Ermənistan silahlı qüvvələrinin digər ərazilərimizdən çıxarıldığı, bölgədə Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin yaradıldığı və Rusiya sülhməramlı kontingentinin yerləşdirildiyi barədə məlumat verilib.

Hazırda Azərbaycanın başlıca hədəfinin işğal dövründə Ermənistan tərəfindən qovulmuş 1 milyona yaxın məcburi köçkünümüzün geri qaytarılması olduğu və bu məqsədlə genişmiqyaslı yenidənqurma işlərinin aparıldığı, ancaq bu məqsədin həyata keçirilməsi üçün bir sıra maneələrin mövcud olduğu, bu xüsusda azad edilmiş şəhər və qəsəbələrdə yaşayış infrastrukturunun ermənilər tərəfindən tamamilə dağıdıldığı, ölkəmizə aid tarixi-mədəni irsin məhvinə cəhd edildiyi, burada geniş sahələrin kütləvi qaydada minalandığı, Ermənistanın beynəlxalq humanitar hüquqa zidd olaraq bu minaların yerləşmə xəritəsini verməkdən imtina etdiyi və mülkü vətəndaşların təhlükəsizliyini təmin etmək üçün beynəlxalq ictimaiyyətin bu məsələyə ciddi münasibət bildirməsinin gərəkliliyi qeyd olunub.

Bölgədə sabitliyin bərqərar olmasına qarşı digər bir təhlükənin Ermənistanda münaqişənin bitdiyini qəbul etməyən, yeni hərbi qarşıdurmaların yaranmasını təşviq edən qisasçı və radikal milliyyətçi qüvvələrin meydana çıxması olduğu bildirilib və regionda davamlı sülhün təmin edilməsi üçün Ermənistanın bu kimi yanaşmalardan, ərazi iddialarından və təcavüzkar siyasətindən əl çəkməli olduğu söylənilib.

Sonda Azərbaycanın onilliklərlə davam edən işğal vəziyyətinə rəğmən əldə etdiyi iqtisadi uğurlar, bölgədə Türkiyə və Gürcüstanın da iştirakı ilə reallaşdırdığı irimiqyaslı enerji və infrastruktur layihələri haqqında məlumat verilib, bu günə qədər ölkəmiz tərəfindən bu sahədə həyata keçirilən uğurlu təşəbbüslərin regionun münaqişədən sonrakı inkişafına öz töhfəsini verəcəyi bildirilib. Həmçinin pandemiya ilə mübarizə istiqamətində ölkəmizdə görülən tədbirlər və cari ildən etibarən aparılan peyvəndləmə prosesi haqda danışılıb.

Xudaferin.eu

10:37