Pensiya yaşı: Dünyada 60, Azərbaycanda 65

Təqaüdə çıxdıqdan sonra neçə il yaşayacağıq?

Azərbaycanda “Əmək pensiyaları haqqında” Qanuna əlavə və dəyişikliklər gözlənilir. Bu barədə xəbər artıq xeyli müddətdir ki, müzakirə olunur və hər dəfəsində də narazılıqla qarşılayanların sayı razılıq ifadə edənlərdən dəfələrlə artıq olur. Əslində qanuna dəyişkliklər layihəsinin hələ 2016-cı ilin sonlarına qədər qəbulu gözlənilirdi. Ancaq barəsində məlumatın mətbuata çıxarılmasından sonra baş qaldıran narazılıqlar müzakirələri 2017-ci ilə ertələdi. İndi isə məlum olub ki, parlamentin yaz sessiyasında dəyişkliklər müzakirəyə çıxarılacaq. Layihədə hərbçilərlə bağlı əmək pensiyası üçün yaş həddinin artırılması məsələsi əks olunmayıb. Digər bütün peşələr üzrə pensiyaya çıxmaq üçün tələb olunan iş stajı isə müvafiq olaraq artırılır. Layihədə, ümumilikdə, pensiya yaşının artırılaraq əmək pensiyaları üçün tələb olunan yaş hədləri ilə diferensiallaşdırılma nəzərdə tutulur.
 

Dəyişiklikdə əsas məqam- çox yaşayırıq

Yeni dəyişikliklə Azərbaycanda qadınların və kişilərin pensiya yaşı 65-ə çatdırılacaq. Ümumilikdə isə layihə 98 dəyişiklikdən ibarətdir. Layihəyə əsasən, kişilər üçün pensiya yaş həddi 2021-ci ilə qədər hər il 6 ay artırılacaq. Qadınlar üçün isə 2027-ci ilə qədər pensiya yaşı hər il 6 ay artırılacaq. Bununla da qadınların və kişilərin pensiya yaşı həddi 65-ə çatdırılacaq. Qanun layihəsi qəbul olunarsa, 2017-ci il iyulun 1-dən qüvvəyə minəcək. Dəyişiklik təklif edən deputatların əsas arqumenti ölkəmizdə orta yaşın artması barədə statistik məlumatlardır. Onların fikrincə, Azərbaycanda orta yaşın həm qadınlar, həm də kişilər üçün artması pensiya yaşını artırmağı mümkün edir. Əslində dünya ölkələrində də pensiya yaşının artırılması barədə qərarların verilməsində əsas arqument məhz bu amil götürülür. Lakin Avropa ölkələrində yaşayış şəraiti və sosial təminat səviyyəsinin ölkəmizlə müqayisə edilməyəcək dərəcədə üstün olmasını nəzərə alaraq dəyişiklikyə ciddi etirazlar var.
 

8 ildə ləğv edilən imtiyazlar

Azərbaycanda müstəqillik dövründə pensiya yaşı ilə bağlı ilk dəyişiklik 2009-cu ildə olub. Həmin il oktyabrın 27-də Milli Məclisdə qəbul edilən «Əmək pensiyaları haqqında» qanuna əlavə və dəyişikliklərə əsasən çoxuşaqlı anaların pensiyaya çıxmaq üçün imtiyazları ləğv edilib. Qadın və kişilərin isə pensiya yaşı artırılıb. Qadınlar o vaxtadək pensiyaya 57 yaşında çıxırdısa, dəyişikliklə bu hədd 60 yaşa qaldırılıb. Dəyişiklik çoxuşaqlı anaları da əhatə edib. Əvvəl qüvvədə olan qanunla üç və daha çox uşağı olan analara güzəşt edilirdi. Ana hər uşağa görə bir il imtiyaz alırdı. Dəyişiklik bu imtiyazı aradan qaldırıb. Kişilərin isə pensiya yaşı 62-dən 63-ə qaldırılıb. Üstündən 8 il keçdikdən sonra təklif edilən yeni dəyişkliklərlə isə həm qadınlar, həm də kişilər üçün pensiya yaşı 65-ə qaldırılacaq.
 

Ömür azalsa, pensiya yaşı artırılmayacaq

Pensiya yaşının artırılması barədə müzakirələr və gözlənilən dəyişiklik dünya ölkələrində bu sahədəki vəziyyəti gündəmə gətirib. Araşdırmalar göstərir ki, bəzi ölkələrdə pensiya yaşı kimi 60 götürülür və bu zaman-qadın-kişi fərqi qoyulmur. 

Ancaq pensiya yaşının daha az olduğu ölkələr də var. Məsələn, Ukraynada pensiya yaşını artıraraq 60-a çatdırmaq nəzərdə tutulur. Ancaq bu 2021-ci ildə reallaşa bilər. Reallaşması üçün tələb edilən əsas şərt isə orta ömür həddinin azalmamasıdır. İndi orta hesabla 63 dollar pensiya alan ukraynalı kişilər pensiyaya çıxdıqdan sonra orta hesabla 6,3 il, qadınlar isə daha çox- 21,1 il yaşayırlar. 12,3 milyon nəfər pensiyaçının olduğu ölkədə 2021-ci ilə qədər orta yaşla bağlı ciddi tədqiqatlar aparılacaq. Əgər orta ömrün azalması müşahidə ediləcəksə, o zaman dəyişiklik edilməyəcək.

 

Prezidentdən qadınlara 2 il güzəşt

Başqa bir postsovet ölkəsi olan Belarusda pensiya yaşı ötən il 11 apreldə artırılıb. Prezident Lukaşenko pensiya yaşının artırılması barədə sərəncam imzalayıb. Artıq qüvvəyə minən yeni sərəncamla pensiya yaşı 3 il artırılıb. İndi qadınlar 58, kişilər isə 60 yaşda pensiyaya çıxarlar. Yeni qərara qədər isə pensiya yaşı qadınlar üçün 55, kişilər üçün isə 60 yaş müəyyən edilmişdi. Belarus təqaüdçüsü orta hesabla 134 dollar pensiya alır. Kişilər pensiyaya çıxdıqdan sonra 5,6 il, qadınlar isə 20,9 il yaşayırlar.

Qadınların 55 yaş hədiyyəsi əllərindən alınır

Rusiyada da pensiya yaşının artırılması üzərində iş aparılır. İctimaiyyət dəyişkliklərə ciddi etiraz etsə də, müzakirələr dayandırılmayıb. Ancaq hələlik konkret layihə hazır deyil. Sadəcə, hökumət hazırda iki variant üzərində işləyir. Təkliflərdən biri qadınlar üçün 63, kişilər üçün isə 65 yaş müəyyən edilməsidir. İkinci variantda isə hər iki cinsin nümayəndələri üçün pensiya yaşının 63-ə qaldırılması təklif edilir. Hələlik Rusiyada qadınlar 55, kişilər isə 60 yaşdan pensiyaya çıxırlar. Orta pensiya həddi isə 140 dollardır.

 

413 dollara 67 yaş sürprizi

Keçmiş SSRİ-dən fərqli olaraq Qərbdə və Avropada təqaüd yaşı və pensiyanın həcmi daha çoxdur. Məsələn, Polşada pensiyaçılar 413 dollar alır. Kişilər pensiyaya çıxdıqdan sonra 8,2 il, qadınlar isə 20,9 il yaşayırlar. Hazırda bu ölkədə kişilər pensiyaya 65,4 yaşında, qadınlar isə 60,4 yaşında çıxırlar. Bu ölkə də pensiya yaşını artırmağı düşünür. Ancaq bunun üçün hələ uzun müddət var. Hökumət 2040-cı ilə qədər reallaşması nəzərdə tutulan plan hazırlayb. 2040-cı ildə bu ölkədə həm qadınlar, həm də kişilər 67 yaşında pensiyaya çıxacaqlar.

Puldan şikayətlənməsələr də, yaşdan gileylənirlər

Fransa pensiyaçıları aldıqları puldan şikayətçi olmurlar. Burada orta pensiya 1142 dollardır. Kişilər pensiyaya çıxdıqdan sonra 19,4 il, qadınlar isə 25,4 il yaşayırlar. Bu ölkədə də 2013-cü ildə pensiya islahatı keçirilib. Pensiya yaşı 60-dan 62-ə qaldırılıb. Amma bu son deyil. İslahat 2018-ci ildə başa çatdırılacaq.

Pensiyası az olanlara dövlət dəstəyi

Amerikada təqaüdçülər ortahesabla 1200 dollaralır. Ancaq daha az alanlar da var. Bu isə ökədəki pensiya sistemi ilə bağlı məsələdir. Məsələ burasındadır ki, bu ölkədə pensiya şəxsin işlədiyi müddətdə aldığı əmək haqqı və ödədiyi vergiyə görə hesablanır. İşlədiyi müddətdə az maaş alanlar təbii ki, daha az pensiya alır. Onlara isə dövlət yardım edir və minimal pensiya ödəyir.Minimal pensiya məbləği 733 dollardır. Kişilər pensiyaya çıxdıqdan sonra 11,9, qadınlar isə daha uzun-16,5 il yaşayırlar. Bu ölkədə 62 yaşı tamam olan qadın və ya kişi pensiyaya çıxa bilər. Ancaq bu zaman o, pensiyasını tam məbləğdə almayacaq. Əgər tam məbləğ pensiya almaq istəyirsə, daha 3 il işləməli və 65 yaşını gözləməlidir.
 

Pensiya ancaq dövlət məmurlarına...

Dünyanın ən çox əhalisi olan və uzunömürlülərin də sayca az olmadığı Çində pensiya yaşı 60-dir. Bu yaşda pensiyaya çıxan şəxslər orta hesabla 160 dollar alır. Kişilər üçün orta ömür 76, qadınlar üçünsə daha uzun- 97,7-dır. Ancaq bu ölkədə heç də hamı dövlətdən pensiya dəstəyi almır.2007-ci ilə qədər pensiya ancaq dövlət qurumlarında çalışanlara verilib.Bu isə işləyənlərin cəmi 30 faizini təşkil edirdi.Ümumi narazılıqlar fonunda dövlət pensiya təminatı haqında qanuna dəyişklik edib.Bunun nəticəsində 2012-ci ildən pensiya yaşı çatanların 55 faizini dövlətdən bu təminatı almağa başlayıb.Bu ölkədə qadınlar və kişilər 60 yaşda pensiyaya çıxır.Digər Avropa dövlətlərinə də nəzər yetirəndə məlum olur ki, təqaüd yaşı bir-birindn kəskin fərqlənmir. Məsələn, Almaniyada 2007-ci ildə pensiya yaşı həm qadınlar, həm də kişilər üçün artırılaraq 65-dən 67-yə qaldırılıb. İslahat 2029-cu ildə yekunlaşacaq.

Pensiyaya çıxdıqdan sonra 12 il yaşamalıyıq, amma...

Rəsmi məlumatlara görə, Azərbaycan təqaüdçüsünün aldığı əmək pensiyalarının orta aylıq məbləği 6,8 faiz artaraq 189,9 manata, o cümlədən, yaşa görə pensiyaların orta aylıq məbləği 210,8 manata çatıb. Başqa bir rəsmi statistikaya görə, ölkəmizdə kişilərin orta ömür müddəti 72 yaş, qadınların 75 yaşdır. BMT-nin hesablamalarına görə, Azərbaycanda orta ömür müddəti ondan da az, cəmi 70 ildir. Dünya ölkələrdə üzrə qəbul edilən ümumi qaydaya görə şəxs pensiyaya çıxdıqdan sonra ən azı 12 il yaşamalıdır. Görünən odur ki, yeni dəyişiklik bu prinsipin Azərbaycanda da qüvvədə olmasına imkan verməyəcək.

Sevil Ağazadə

Cebhe.info

 

06:29