Parisdə Vaqif Səmədoğlunun kitabı

 

Parisdə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizin Fransadakı səfirliyinin, Azərbaycan Evinin birgə təşkilatçılığı və Səməd Vurğun ev-muzeyinin maliyyə dəstəyi ilə Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri, xalq şairi Vaqif Səmədoğlunun fransız dilində nəşr olunmuş “Bir gün təbəssüm olmuşdum” kitabının təqdimatı keçirilib.

 

Təqdimat mərasimində səfir Elçin Əmirbəyov Vaqif Səmədoğlunun yaradıcılığından söz açıb, onun xalqımızın tarixini və kimliyini sevən şəxs olduğunu bildirib. Qeyd edib ki, V.Səmədoğlunun yaradıcılığı sovet dövrünə - yaradıcı insanların düşündüklərini azad ifadə edə bilmədikləri dövrə təsadüf edib. Şeirlərinin birində “Doğuldum 1939-da, 1937-də tutuldum” deyən şair hələ doğumundan əvvəl repressiya yaşadığını söyləyir. Bununla o, 1937-ci il repressiyalarını xatırladır. Vaqif Səmədoğlu daim ölkəsinin yenidən müstəqilliyə qovuşması arzusu ilə yaşayır və şeirlərində şifrələnmiş mənalarla bunu ifadə edir. O, bir gün onun da ölkəsinin öz rəngi ilə dünya xəritəsinə yazılacağına ümid edirdi. Azərbaycanın müstəqilliyi arzusu ilə yaşayan şair nəinki ölkəsinin müstəqilliyinin bərpa olunmasını gördü, o hətta 2000-2005-ci illərdə müstəqil ölkənin parlamentinin deputatı oldu. Şairin fransız dilinə tərcümə edilmiş “Bir gün təbəssüm olmuşdum” kitabının tərcüməçisi və redaktoru nəşrin ərsəyə gəlməsindən söz açıb və onun şeirlərini səsləndirib.

Səməd Vurğun ev-muzeyinin direktoru Nüşabə Vəkilova Vaqif Səmədoğlunun yaradıcılığından söz açaraq, onun keçən əsrin 60-cı illərindən yazmağa başladığını, amma şeirlərinin ölkəmizin müstəqilliyini bərpa etdikdən sonra işıq üzü gördüyünü bildirib. Qeyd edib ki, Vaqif Səmədoğlu haqqında nə yazılıbsa, onun şəxsiyyəti həmişə ön planda olub. Şair zarafatları, sərbəstliyi və daxili azadlığı ilə özünü hamıya sevdirib.

V.Səmədoğlunun şeirlərinin özəllikləri haqqında danışan direktor onun müasir Azərbaycan ədəbiyyatında xüsusi yeri olduğunu vurğulayıb. Sərbəst şeirə xas olan bir çox özəl keyfiyyətlərin onun poetik təfəkkürünün zənginliyini nümayiş etdirdiyini bildirib.

Fransa Yəhudi İnstitutları Təmsilçiliyi Şurasının (CRIF) icra bürosunun və Azərbaycanın Dostları Assosiasiyası inzibati şurasının üzvü Jan-Pyer Allali və tarixçi, şair Payen Appenzeller Azərbaycan poeziya tarixindən danışaraq şairin şeirlərini səsləndiriblər.

Tədbirin sonunda şairin nəticəsi, gənclər üçün Prezident mükafatı laureatı, Paris Musiqi Akademiyasının tələbəsi Vurğun Vəkilov fortepianoda Azərbaycan və xarici bəstəkarların musiqilərini ifa edib.

UNESCO-nun “Sülh naminə incəsənət xadimi” xanım Hedva Ser AZƏRTAC-a bildirib ki, şair cümlələr yox, sözlər vasitəsilə bütün təsəvvürləri yaradıb, hissləri, emosiyaları əks etdirib. V.Səmədoğlunun şeirlərini dinlədikcə müasir poeziyanın əhəmiyyətini anladıq, hər söz, hər ifadə vasitəsilə şairin sonsuz və dərin daxili aləmi ilə tanış olduq. Şeirləri vasitəsilə şairin incə musiqi duyumu, mötəbər incəsənət xadimi olduğunu gördük.

Avropanın ən böyük şəhərlərindən biri olan Parisdə Azərbaycanın tanınmış şairi Vaqif Səmədoğlunun fransız dilində dərc edilmiş “Bir gün təbəssüm oldum” kitabının təqdimatının keçirilməsi ədəbiyyatsevərlərə ən böyük hədiyyədir.

Bu fikri Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının prezidenti Sevil Yusifova söyləyib. Qeyd edib ki, Vaqif Səmədoğlu yaradıcılığı çoxşaxəlidir. O, istər dramaturgiya sahəsində, istərsə də poeziya sahəsində sözünü demiş ədiblərdəndir. “Azadlıq mənim doğma anam”, - deyən şairin gücü şifahi xalq yaradıcılığından gəlirdi. O, bəxti gətirmiş şairlərdən idi. Bəstəkarlar ən çox onun yaradıcılığına müraciət ediblər. Şairin sözlərinə bəstələnmiş musiqilər onun adını uzaq diyarlara aparıb çıxarıb.

“Bu gün dünyada informasiya müharibəsi aparılır. XXI əsrdə ən güclü silah mədəniyyətdir. Dağıdıcı kimyəvi silahlar belə sənətin, mədəniyyətin yanında gücsüzdür. Hər xalqın dilində dərc edilən bədii əsərlər o xalqın insanlarının qəlblərini fəth edərək zəfər bayrağını ucaldır. Ona görə müxtəlif dillərə tərcümə edilən əsərlərin sayı nə qədər çox olarsa, bir o qədər dünya ictimaiyyətinə tariximiz, mədəniyyətimiz, ədəbiyyatımız haqqında məlumat vermiş, onları tanıtmış və dostlar qazanmış olarıq. Bu gün Vaqifin kitabınin fransız dilinə tərcümə edilməsi Azərbaycan ədəbiyyatının təbliğatı sahəsində təqdirəlayiq haldır”, - deyə S.Yusifova bu işlərin davamlı olmasını diləyib.

Fransız tarixçisi, şairi və yazıçısı Payen Appenzeller qeyd edib ki, eyni əsrdə yaşayırıqsa bir-birimizi tanımadan bir-birimizə çox yaxınıq. Bu gün Azərbaycan şairi V.Səmədoğlunun şeirlərini dinləyəndə sanki qardaşımla görüşdüm. Roman yazanda yazıçı başqasının dili ilə danışır, amma şair öz dili ilə danışır. Şeirdə sual işarəsi çox vacibdir, o, sonsuzluğu göstərir. Şair bu işarə ilə poemanın bitmədiyini bildirir.

“V.Səmədoğlunun şeirlərində hər söz, hər ifadə bir tablodur. Onlar şairin mədəniyyətini, tarixini göstərir”, - deyə P.Appenzeller diqqətə çatdırıb.

Xudaferin.eu
“Avropa Bürosu”

16:47