Paniranistlər "Türk Bölgələri Fraksiyası"na qarşı kampaniya başladıb

Oktyabr ayında 100 millət vəkilinin yer aldığı "Türk Bölgələri Fraksiyası"nın İran parlamentində təsisi edilməsi xəbərinin yayılmasından sonra paniranistlər geniş şəkildə kampaniya başladaraq fraksiyanın “İranın milli birliyinə qarşı təhdid” olduğunu irəli sürüblər.

Fars mərkəzli Tehran mediasının məlumatında və sosial şəbəkələrdə yayımlanan şəkillər və videolarda “paniranist”lər və “panfarsist” bəyanatlar yaymaq, sosial şəbəkələrdə kampaniya təşkil etmək və müxtəlif tədbirlərə qatılan Türk Fraksiyası liderlərinin yolunu kəsmək şəklində etiraz bildirirlər. Sosial şəbəkələr və internet portallarında nəşr edilən videoda noyabrın 5-də Tehranda keçirilən mətbuat sərgisinə qatılan Türk Bölgələri Fraksiyası başqanı Məsud Pezeşkiyanın bir qrup paniranistlər  tərəfindən əhatə edildiyi görünür. Kərəc şəhərində yaşayan tanınmış Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri olan yazar Həsən Raşidi mətbuat sərgisində yaşananların şahidi olub. O, bu haqda öz fcebook səhifəsində belə yazır: “Onlar Dr. Pezeşkiyanı əhatə etməklə yanaşı, ədəbsizcəsinə davranmaqla yanaşı, yüksək səslə ona hücum etdilər. Türk Fraksiyasının təşkilini qanun pozuntusu, milli bölücülük, ayrıçılıq təbliğatı və İranın milli mənafeyinə təhlükə olduğunu ifadə etdilər... Mən də bu fraksiyanın milli mənafeyə zidd olmayıb, əksinə ölkənin inkişafı üçün gərəkli olduğunu söylədim. Etnik cəmiyyətlərin tələblər və ehtiyaclarını nəzərə almadan milli mənafenin mənasız olduğunu anlatdım. Ancaq, onlardan biri hirslənərək “Siz Türkiyənin  casususunuz!” dedi...”
Təbrizin islahatçı millət vəkili və sabiq səhiyyə naziri Məsud Pezeşkiyan Türk Bölgələri Fraksiyasının başqanı olmaqla bərabər İran Parlamenti başqanının birinci müavinidir. Bir qrup tarixçi isə İran mediasında yayımladığı bəyanatda ölkə parlamentinin başqanı Əli Laricaniyə müraciət edərək Türk Fraksiyasının “Böyük və Bütov İranın” bölünməsinə zəmin yaradacağını önə çəkiblər. Kollektiv etirazlardan əlavə, çox sayda paniranist siyasətçi, yazar, siyasi fəal və jurnalist mətbuat və sosial şəbəkələrdə Türk Fraksiyasına qarşı mövqe bildiriblər.
Qeyd edək ki, İran Parlamentində "Türk Bölgələri Fraksiyası"nın yaranmasını Güney Azərbaycan və türklərin yaşadığı digər bölgələrdə yaşayan siyasətçilər, media mənsubları və milli fəallar tərəfindən müsbət qarşılanıb. Onlar bu fraksiyanın təsisini xüsusilə İranda Türk varlığının tanınması istiqamətində önəmli bir addım kimi hesab edirlər.

Xudaferin.eu

 

16:10