Pambıqçılıqda “pripiska” dövrü qayıdır: 270 min ton məhsul necə tədarük ediləcək?

 

Rövşən Ağayev: “...belə pambıqçılığın 200 min insan üçün iş yerinə çevrilməsi real görünmür”

Martın 28-də Saatlıda prezident İlham Əliyevin sədrliyi ilə pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib. Müşavirədə çıxış edən prezident bildirib ki, bu il 22 rayonda pambıq əkiləcək: “Mənə verilən son məlumata görə əkin sahələri 136 min hektar olacaq. Rayonlar üzrə hektarların həcmi aşağıdakı kimidir.Mən istəyirəm bu rəqəmləri səsləndirim.Həm bunu ictimaiyyət, həm də zəhmətkeşlər bilsinlər ki, burada işləmək üçün çox böyük imkanlar yaranıb. Ağcabədi rayonunda 8 min 800, Ağdamda 3 min, Ağdaşda 3 min, Ağsuda 2500, Beyləqanda 8 min 500, Bərdədə 8 min 500, Biləsuvarda 11 min, Cəlilabadda 500, Füzulidə 2 min, Goranboyda 5 min, Hacıqabulda 1200, İmişlidə 18 min, Kürdəmirdə 4 min, Neftçalada 10 min, Saatlıda 17 min 100, Sabirabadda 15 min, Salyanda 7 min, Samuxda 30, Tərtərdə 3 min, Ucarda 2500, Yevlaxda 2 minə yaxın, Zərdabda 3100 hektarda pambıq əkiləcək. Bu, yaxşı göstəricidir, keçən illə müqayisədə təxminən 3 dəfə çoxdur.Biz əlbəttə, çalışmalıyıq ki, növbəti illər üçün əkin sahələrini genişləndirək”.

Prezident vurğulayıb ki, orta məhsuldarlıq 20 sentner ətrafında gözlənilir: “Əlbəttə ki, çox da ola bilər, az da. Misal üçün keçən il 17 sentner olub. Ancaq keçən il, biz bir qədər vaxt itirdik. Eyni zamanda, hava şəraiti imkan vermədi. Bu il bütün işlər vaxtında görülməlidir. Bütün hazırlıq işləri vaxtında və əsaslı görülüb. Səpinə artıq bu gün start verildi və yığım da vaxtında aparılmalıdır. Əgər biz hektardan orta hesabla 20 sentner götürsək, bu, 270 min ton pambıq tədarükü deməkdir.Əgər biz 2015-ci ildə cəmi 35 min ton pambıq yığıldığını nəzərə alsaq, bu, qısa müddət ərzində çox böyük göstəricidir”.
Ötən ilin göstəricilərinə nəzər salanda bu il 136 min hektardan 270 min ton pambıq tədarük ediləcəyini gözləmək olarmı?

İqtisadçı-ekspert Pərviz Heydərov açıqlamasında, prezidentin Saatlıda keçirdiyi müşavirədəki çıxışına toxunaraq qeyd edib ki, 2015-ci il bizim müasir tariximizdə pambıqçılıqda ən pis il olub. Belə ki, 18 min hektardan cəmi 35 min ton pambıq tədarük edilib: “Məsələ bundadır ki, keçən əsrin 70-ci illərində və 80-ci illərin əvvəlində ölkəmizdə 800-900 min ton pambıq tədarük olunub. 2015-ci ildə isə bu rəqəm güc-bəla ilə 35 min ton təşkil edib.Çünki bu sahə sonrakı illərdə diqqətdənkənar qaldı, əkin sahələri azaldı. Qeyd edim ki, ölkədə kənd təsərrüfatı bitkilərinin əkin sahəsinin strukturunda pambığın payı 1970-ci ildə 16 faiz, 1982-ci ildə isə 22 faiz təşkil edirdisə, 2015-də bu rəqəm cəmi 1,2 faiz olub. Ona görə də həmin ildə cəmi 35 min məhsul götürmək mümkün oldu. Keçən ilə bu sahəyə diqqət bərpaolundu.Hərçənd, bir qədər vaxt itirilsə də, qısa müddət ərzində texnika alındı, dövlət dəstəyi göstərildi, meliorasiya işləri aparıldı.Rəsmi məlumatlara görə, nəticədə 51 min hektarda əkilən pambıq sahələrindən 90 min tona yaxın məhsul götürüldü.2015-ci illə müqayisədə üç dəfə çox.Təbii ki, qarşıya konkret məqsəd qoyulanda, hər şeyə nail olmaq mümkündür. Rəqəmlərə diqqət yetirək: 2015-ci ildə cəmi 18 min 700 hektar əkilmişdisə, keçən il 52 min hektar, bu ilsə 138 min hektara pambıq toxumu səpilib. Az qala, 3 dəfəyə çox sahədə. Əlbəttə ki, 2016-cı ildə 2015-ci illə müqayisədə 3 dəfə çox - 90 min tona yaxın məhsul götürülübsə, bu il 140 min hektara yaxın sahədən 270 min ton plan real görünür. Hesab edirəm ki, məhsuldarlığı artırmaq burada əsas şərtlərdən birini təşkil etməlidir”.

 

“Aqrar sektorda keçmiş ənənələri bərpa etməliyik”

 

Bu gün pambıq istehsalının artırılmasına yüksək önəm verilir.Bu xammalın maya dəyərinə baxanda sizcə, bu qədər pambıq əkmək Azərbaycan iqtisadiyyatı üçün sərfəlidirmi? İqtisadçının qənaətincə, pambıq elə bir növ kənd təsərrüfatı məhsuludur ki, onun üçün bazar axtarmağa ehtiyac yoxdur: “Artıq xeyli müddətdir iqtisadiyyatımızda prioritet sahələr sənaye ilə kənd təsərrüfatı hesab olunur. Kənd təsərrüfatında bilavasitə keçmiş ənənələri bərpa etməliyik.Bura daxildir pambıqçılıq, tütünçülük, baramaçılıq və sair.Çünki, adlarını çəkdiyim kənd təsərrüfatı məhsulları üzrə “qapı-qapı düşüb" bazar axtarmağa ehtiyac yoxdur.Bunlar hamısı ixracyönümlü məhsullardır.Prezident də çıxışında bildirdi ki, pambığın və mahlıcın satışı üçün bazarları aramaq lazım gəlmir və bu, əlbəttə ki, böyük üstünlükdür.Digər tərəfdən pambıqçılıq əməktutumlu kənd təsərrüfatı sahəsidir.Təsəvvür edin ki, hər hektarda orta hesabla minimum 1-2 nəfər çalışarsa, pambıqçılığın bərpası və inkişafı istər-istəməz məşğuldarlığın artması deməkdir. Keçən il bu işə 10 minlərlə insan cəlb edilmiş oldu. Bu il daha çox olacaq. Nəzərə almaq lazımdır ki, Azərbaycanda əmək qabiliyyətli əhalinin 40 faizə yaxın hissəsi aqrar sektora məxsus ərazilərdə məskunlaşıb. 2016-cı ildən birinci növ pambığın bir tonu üzrə satınalma qiyməti 500 manat, ikinci növü üzrə 470 manat, üçüncü növü üzrə 440 manat, dördüncü növü üzrə isə 400 manat olub. Müqayisə üçün qeyd edim ki, 2015-ci ildə bu rəqəmlər müvafiq olaraq 410 manat, 390 manat, 370 və 350 manat idi. Dünya bazarlarında 1 ton pambıq lifinin qiyməti 1500-1600 ABŞ dollarından yuxarı təşkil edir.Dövlət sahibkara pul da verir, yol da açır.Sözügedən sahədə dünya bazarlarındakı qiymətlərlə bağlı tədarükçü şirkətlər ilə emal müəssisələri daha çox gəlir götürəcəklər.Odur ki, gəlirlərin bölüşdürülməsində istehsalçı, emalçı və dövlət əlaqələri, münasibətlərinin düzgün təşkil olunması olduqca vacibdir”.

“Bu sahənin inkişafına yüz milyonlarla dollar xərclənib”

Pərviz Heydərov qeyd edib ki, sahibkara diktə etmək olmaz: “Sahibkara şərait yaratmaq lazımdır. Hazırda dövlət özü, bu sahəni diqqətə götürüb. Dövlət başçısı hələ keçən il qeyd etmişdi ki, pambıqçılığın inkişafını bundan sonra, ancaq biznes qurumlarının öhdəsinə buraxmaq olmaz. Ona görə də, çox ciddi dövlət siyasəti yürüdülməli və dövlət bu sahənin bərpasında və inkişafında həlledici rol oynamalıdır.Lakin dövlət və hökumət tənzimləyici orqandır. O, yalnız dəstək göstərə bilər və göstərir də. Bu, müxtəlif istiqamətlərdə həyata keçirilir.Güzəştli kreditlər verilir, müvafiq qiymət siyasəti yürüdülür, stimullaşdırıcı tədbirlər həyata keçirilir və sair.Pambıqçılığın inkişafı üçün yüz milyonlarla dollar xərclənib”.

İqtisadçı-ekspert Rövşən Ağayev bildirib ki, ölkə prezidenti üçün pambıqçılıqla bağlı məlumatları və hesablamaları kimin, hansı strukturun hazırladığı çox maraqlıdır: “Bu faktları dinləyəndə ilk təəssürat bu olur ki, iqtisadiyyatımız qısa müddətdə pambıqçılıq sayəsində böhran üzərində qələbə çalacaq. Məsələn, rəqəmlərdən biri budur ki, pambıq əkinlərinin 100 min hektara çatdırılması hesabına bu il 200 min yeni iş yeri yaradılacaq. Heç əkinlərin 200 min hektara çatdırıldığı şəraitdə belə pambıqçılığın 200 min insan üçün iş yerinə çevrilməsi real görünmür. Əvvəla, hazırda pambıq əkinlərinin əsas hissəsi dövlət və bələdiyyə mülkiyyətində olan iriölçülü örüş və biçənək torpaqlarında həyata keçirilir.Yəni, 100 min hektarın əkilməsini ən yaxşı halda 10-15 min nəfər həyata keçirir.Bəs muzdla işləyənlər 100 min hektarda 170-180 min nəfər necə işləyə bilər?”

 

“Kəndli 2 ay işlədi, bəs qalan aylar nə etsin?”

 

İqtisadçı onu da qeyd edib ki, bu sahə ilə əlaqəsi olanlar bilir ki, hazırda pambıqçılıqda işçi əməyi ən yaxşı halda suvarma və yığım mərhələsində gərək olur: “Ötən ilin təcrübəsi göstərdi ki, 1 hektar sahədən yığılan pambığın təxminən üçdə ikisini texnika rahatlıqla yığır, sahələrdə qalan üçdə bir hissə üçün əl əməyi tələb oluna bilər. Bir sözlə, suvarma və yığımda tələb olunan işçi qüvvəsi xərci 1 hektar üçün ən yaxşı halda 300-400 manat təşkil edə bilər. Tutaq ki, indi rəsmi şəxslərin dediyi kimi 1 hektar pambıq sahəsində 2 nəfər becərmə ilə məşğul oldu və hər biri orta hesabı ilə maksimum 200 manat zəhmət haqqı qazandı (lap 300 manat qazansın). İşçi əməyi pambıqçılıqda maksimum 2-3 ay fəal şəkildə gərək olur. Lap hesab edək ki, bir nəfər bu müddətdə maksimum 500-600 manat qazandı, bəs ilin qalan ayları necə olsun? Beynəlxalq Əmək Təşkilatının metodologiyasından çıxış etsək, normal iş yeri odur ki, həmin iş yeri işçiyə ilin ən azı 11 ayı işləmək və qazanc əldə etmək imkanı təmin edir. Kənd təsərrüfatı bütün dünyada mövsümi sektordur.Ona görə inkişaf etmiş ölkələrdə iqtisadiyyat üzrə məşğulluq və işsizlik göstəriciləri təqdim ediləndə, həmin göstəricilər əsasən qeyri-kənd təsərrüfatı sektoru nəzərə alınmaqla bəyan edilir”.

Yeganə Oqtayqızı

Cebhe.info

 

05:50