Pakistanın baş naziri: Azərbaycanın yanındayıq

Azərbaycanın Pakistandakı səfiri Əli Əlizadə bu ölkənin baş naziri Nasir-ul-Mulk ilə görüşüb.

Səfirlikdən Oxu.Az-a verilən məlumata görə, Azərbaycan Respublikası rəhbərliyinin salamlarını çatdıran səfir Azərbaycan prezidentinin Pakistanla əlaqələrə xüsusi önəm verdiyini, Pakistanın Azərbaycana yaxın dost və qardaş ölkə olduğunu bildirib. 

Səfir Pakistanın Dağlıq Qarabağ məsələsində ədalətli mövqeyinin və Azərbaycana göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd edib.

Pakistan İslam Respublikasının baş naziri Nasir-ul-Mulk Pakistan-Azərbaycan əlaqələrinin qarşılıqlı hörmət, inam və səmiyyət üzərində qurulduğunu bildirib. 

Pakistanın Dağlıq Qarabağ məsələsində prinsipial mövqeyinin bəlli olduğunu, Pakistanın həmişə Azərbaycanın yanında olduğunu qeyd edən baş nazir Azərbaycanın da Pakistana göstərdiyi dəstəyinin yüksək qiymətləndirildiyini bildirib, iqtisadi, ticari, enerji, investisiya sahələrində əməkdaşlığın daha da artırılması üçün səylərin davam etdiriləcəyini vurğulayıb.

Oxu.az

12:14