Pakistan 360 Hindistan vətəndaşını həbsxanalardan buraxmaq niyyətindədir

İslamabad xoşməramlı addım olaraq 360 Hindistan vətəndaşını, o cümlədən Pakistanın ərazi sularında balıq ovuna görə tutulan 355 balıqçını həbsxanalardan azad etmək niyyətindədir.

Xudaferin.eu NDTV telekanalına istinadla xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Məhəmməd Feysəl deyib.

“Biz bu addımı xoşməramlı jest qismində atırıq və Hindistanın buna cavab verəcəyinə ümid bəsləyirik. Pakistan 360 hindistanlı dustağı həbsxanadan azad edəcək, onların 355-i balıqçı, 5-i isə digər mülki şəxslərdir”, - deyə Feysəl bildirib.

Pakistan XİN-in məlumatına əsasən, hindistanlı dustaqlar aprelin 8-dən 29-dək bir neçə qrup halında azadlığa buraxılacaq. Bu, iki qonşu ölkə arasında vəziyyətin gərginləşməsindən sonra ilk belə jestdir.

Tərəflər hər ilin əvvəlində həbs olunan vətəndaşların siyahılarını açıqlayırlar. Həmin məlumatlara görə, hazırda Hindistan həbsxanalarında 347 Pakistan vətəndaşı saxlanılır ki, onların da böyük əksəriyyətini balıqçılar təşkil edir.

Xatırladaq ki, Nyu-Dehli və İslamabadın münasibətləri fevralın 14-də Cammu və Kəşmir ştatında Hindistan hərbçilərinin avtomobil karvanına hücumdan sonra gərginləşib. Həmin vaxt terrorçu- kamikadzenin törətdiyi partlayış nəticəsində 45 polis əməkdaşı həlak olmuşdu. Hücumun məsuliyyətini bölgədə fəaliyyət göstərən “Ceyş-ə-Məhəmməd” qruplaşması öz üzərinə götürmüşdü.

İslamabadı “Ceyş-ə-Məhəmməd” qruplaşmasına dəstək verməkdə ittiham edən Hindistanın Hərbi Hava Qüvvələri fevralın 26-na keçən gecə Pakistan sərhədini 80 kilometr keçərək Balakot yaşayış məntəqəsi rayonuna hava zərbəsi endirmişdi. Bundan sonra Pakistanın Hərbi Hava Qüvvələri ölkənin hava məkanını pozan iki Hindistan təyyarəsini vurmuş və pilotlardan birini əsir götürmüşdü. Həmin pilot martın 1-də öz ölkəsinə təhvil verilmişdi.

Cammu və Kəşmir ştatında vəziyyət uzun illərdir gərgin olaraq qalır. “Ceyş-ə-Məhəmməd” ştatın müstəqilliyi, həmçinin onun qonşu Pakistana birləşməsi uğrunda mübarizə aparan çoxsaylı qruplaşmalardan biridir.

Xudaferin.eu

14:19