“Özümü 60 deyil, 25 yaşımda hiss etdim"

Rəssam-heykəltaraş Sait Rüstəmin 60 yaşı münasibətilə keçirilən sərginin açılışında Azərbaycanın Türkiyədəki Səlahiyyətli və Fövqəladə səfiri Faiq Bağırov, Türksoyun Baş katibi Düsen Kaseinov, müavini Fırat Purtaş, Türksoyun Azərbaycan nümayəndəsi Elçin Qafarlı, Azərbaycan Diasporunun Türkiyə təmsilçisi Əflatun Nemətzadə, Türkiyə və Azərbaycan ziyalıları, ölkənin media qurumları, TRT Avaz çəkiliş qrupu, o cümlədən, rəssamın yaxınları iştirak edirdi.

Türksoyun Baş katibi Düsen Kaseinov açılış nitqində Türkiyənin bir çox bölgələrini Səid Rüstəmin heykəllərinin bəzədiyi, müxtəlif ölkələrdə sərgilərinin keçirildiyi və Türkiyədə onun adının “Azərbaycan əsilli heykəltəraş” kimi tanındığından danışdı. Çıxışının sonunda rəssama ümumtürk dünyasına göstərdiyi xidmətlərə görə Türksoyun ödülünü  təqdim etdi. Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov da öz növbəsində rəssamın yaradıcılığına toxundu: “Səid Rüstəm Azərbaycanın Türkiyədə fəxr ediləsi yaradıcı insanlarından biridir. 24 ildir ki, qardaş ölkədə böyük heykəllərin yaradılması və qoyulması ilə tanınır. Səid Rüstəm bizim üçün həm də ona görə qiymətlidir ki, nə qədər işləri olsa, durmadan çalışsa da, yaşadığı Ankarada və Türkiyənin digər şəhərlərində keçirilən, Azərbaycan adı gələn və dəvət olunan bütün tədbirlərdə ürəkdən iştirak edir. Bu gün biz – Azərbaycanın Türkiyədəki Səfriliyi də ona öz mükafatımızı təqdim etməkdən qürur duyuruq. Eyni zamanda, ona Azərbaycan bayraqlı saat hədiyyə veririk.”  Azərbaycan Diasporunun Türkiyə təmsilçisi Əflatun Nemətzadə çıxışında rəssam-heykəltaraşın əsərlərinin estetik tərəflərinə toxundu, bu yaradıcı nümunələrdə türklüklə beynəlmiləl atributların sintezindən, dünyəvi xarakterindən danışdı. Nemətzadə onu da nəzərə çatdırdı ki, “Səid Rüstəm böyük heykəlləri yaradarkən Türkiyənin də rəssam və heykəltaraşlarını cəlb edir. Ankarada Rəsm-Heykəl Muzeyində çalışaraq Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin sifarişlərini yerinə yetirən Saitin heykəltaraşlığının Türkiyədə böyük və şərəfli nümunələri çoxdur. Ona qədər ölkədə İtaliya və Almaniyadan çox sayda rəssam və heykəltəraş çalışmışdı. Bir azərbaycanlı olaraq Türkiyədə yaranan heykəltaraşlıq məktəbinə bizim Səid Rüstəmin də xüsusi payı oldu. Ankaranın Polatlı rayonunda, Əskişəhər istiqamətində “Dur, yolcu” adlı Mehmetçik abidəsi. Bu məkan Qurtuluş savaşının, Sakarya döyüşünün dönüş nöqtələrindədir. Həmin abidə Saitin Türkiyədəki ilk ən böyük əsəridir. Və ya İzmirdə Çeşmədə “Barış” adlı əlində göyərçinlər olan bir qadın heykəli. Nevşəhərdə Yunus Əmrə, Ankarada İbn Sina, İstanbulda Mehmet Fatehin heykəlləri. O, Türkiyənin qəhrəman qadınlarını da unutmayıb, belə fədakar igid qadınlardan biri olan Yanğın Əminəyə heykəl ucaldıb. Biz bu əziz gündə Azərbaycan-Türkiyə qardaşlığını möhkəmləndirən canlı nümunələrdən biri olan Sait Rüstəmi 60 yaşı münasibətilə təbrik edir, ona daha böyük yaradıcılıq uğurları arzu edirik”.
Türkiyə ziyalılarından sonra sonda səbəbkarın özü – Səid Rüstəm çıxış etdi və dedi: “Haqqımda o qədər gözəl sözlər deyildi ki, mən özümü 60 deyil, 25 yaşımda hiss etdim. Çox sağ olun yaradıcılığıma bu dəyəri verdiyiniz üçün. Amma bunu da mütləq qeyd etməliyəm ki, o ki deyirlər “hər güclü kişinin arxasında bir güclü qadın var”, bu doğrudan da belədir. Mənim bu ağır işlərimin əziyyətini bölüşən, məni olduğum kimi anlayan, həm mənəvi, həm də fiziki dəstək göstərən həyat yoldaşım Flora olub ki, bu gün yenə ona dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm. Azərbaycan qədər sevdiyim Türkiyəyə də mənə verdiyi yüksək qiymətə görə təşəkkür edirəm”.  

Xudaferin.eu
 

15:21