Özbəkistanla Qazaxıstan ondan çox sənəd imzaladı

 

Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Özbəkistanda rəsmi səfərdədir.

Özbəkistan Prezidenti Şavkat Mirziyayevin Prezident Nursultan Nazarbayev ilə görüşündə yeni dövrdə ölkələr arasında ticarət-iqtisadi, tranzit-nəqliyyat, hərbi sənaye, sərmayə qoyuluşu, mədəni, humanitar və digər sahələrdə əlaqələrin daha da dərinləşdirilməsi məsələləri müzakirə edilib. Prezident Şavkat Mirziyayev deyib ki, bu il ölkələr arasında iqtisadiyyatın bütün sahələrində ciddi irəliləyiş olub. Özbəkistan Prezidenti qeyd edib ki, ötən bir il ərzində bu, prezidentlər arasında keçirilən altıncı görüşdür və bu danışıqlar artıq öz bəhrəsini verir.

“Bu görüşlərdə biz bir çox problemli məsələləri həll etmişik. Bizi ümumi din, dil, mədəniyyətlərin birliyi birləşdirir”,- deyən Qazaxıstan Prezidenti regionda və iki ölkə arasında əməkdaşlığın daha da inkişaf etdirilməsində Şavkat Mirziyayevin xüsusi rolu olduğunu vurğulayıb.

Prezident Nursultan Nazarbayevin Özbəkistanın nüfuzlu “El-yurd hörməti” ordeninə layiq görüldüyünü bildirən Şavkat Mirziyayev ordeni Qazaxıstan Prezidentinə təqdim edib.

Sonda ölkələr arasında əlaqələrin daha da genişləndirilməsi ilə bağlı ondan çox sənəd imzalanıb.

Xudaferin.eu
Özbəkistan, “Daşkənd Bürosu”

09:25