Özbəkistanda tanınmış soydaşlarımızın adları əbədiləşdirilir

Azərbaycanın Özbəkistandakı səfirliyi və onun nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi Özbəkistanda tanınmış soydaşlarımızın adlarının əbədiləşdirməsi istiqamətində mühüm iş görür. Özbəkistan Yazıçılar İttifaqının üzvü, tanınmış azərbaycanlı şair İxtiyar Rza və Özbəkistan Rəssamlıq Akademiyası Səmərqənd bölməsinin rəhbəri olmuş heykəltəraş Eynulla Əliyevin xatirələrinin əbədiləşdirilməsi, onların yaşadıqları binaya xatirə lövhələrinin vurulması istiqamətində işlər aparılır. Ötən il Mədəniyyət Mərkəzinin layihəsi ilə azərbaycanlı rəssam, Özbəkistan Rəssamlıq Akademiyasının həqiqi üzvü mərhum Yusif Hüseynovun yaşadığı binaya onun barelyefi vurulub, Mərkəzdə rəssamın fərdi sərgisi keçirilib.

Qeyd edək ki, Özbəkistanda böyük Azərbaycan şairi Nizami Gəncəvinin adını daşıyan Daşkəndə Dövlət Pedaqoji Universiteti fəaliyyət göstərir. XVI yüzil dünya miniatür rəssamlıq məktəbinin dahilərindən biri olan Kəmaləddin Behzadın adına Daşkənd Dövlət Rəssamlıq Akademiyası mövcuddur. Çağdaş özbək ədəbiyyatının banilərindən biri, əslən Azərbaycanın Qazax rayonu II Şıxlı kəndindən olan Maqsud Şeyxzadənin, Səməd Vurğunun, Üzeyir Hacıbəylinin və digər ünlü azərbaycanlıların adlarını daşıyan küçə və prospektlər mövcuddur. Min dəfələrlə təəssüflər olsun ki, Azərbaycanda özbək xalqınının bu qədər sevgisinə layiq Əmir Əlişir Nəvaidən savayı hansısa özbək dahisinin adı əbədiləşdirilməyib.

Xudaferin.eu   

 

14:00