Özbəkistan portalı Ermənistanın vandalizm siyasətindən yazır

Özbəkistanın “interpress.uz” portalı Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində siyasi ekspert Arye Qutun Ermənistanın Qarabağda həyata keçirdiyi vandalizm siyasəti ilə bağlı fikirləri əsasında məqalə yayıb.

​Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, materialda Arye Qutun dostu, “İsrael HaYom” qəzetinin müxbiri Şmuel Din Elmas ilə birlikdə aprel ayında Qarabağın işğaldan azad olunan rayonlarına getməsi və orada gördükləri barədə söhbət açılır. Bildirilir ki, onlar ermənilər tərəfindən yerlə-yeksan edilən Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan şəhərlərində olublar.

Arye Qut İsrailə qayıtdıqdan sonra verdiyi müsahibəsində deyib ki, həmin rayonlarda gördükləri qədim romalıların israillilərə qarşı törətdiklərinə oxşar mənzərəni xatırladır.

A.Qutun müsahibəsində bildirib: “Biz 1350 kilometr yol getdik. Bu, praktiki olaraq İsrailin Livandan başlamış Eylata qədər bütün ərazisinə bərabərdir. Həyatımda ilk dəfə idi ki, bu ərazilərə getmişdim. Lap əvvəldən belə təsəvvür yaranırdı ki, bu ərazidə dəhşətli vəba xəstəliyi yayılıb. İşğaldan azad edilmiş ərazidə bircə salamat ev, uşaq bağçası və ya məktəb, kitabxana və ya muzey qalmamışdı. İşğalçı erməni ordusu vandalizm və qarətçiliklə məşğul olub. Xarabalığa çevrilmiş bu ərazi sanki çoxdan tarixə qovuşmuş bir imperiyanın qalıqlarına bənzəyirdi. Ağdam, Füzuli, Cəbrayıl və Zəngilan şəhərləri erməni işğalı dövründə dağıdılaraq kabusa çevrilib. Ermənistan Qarabağda törətdiyi vandalizm siyasətinə görə beynəlxalq məhkəmə qarşısında cavab verməlidir”.

Yazıda bildirilir ki, ermənilər bu ərazilərdə 12 muzeyi, 6 rəsm qalereyasını, tarixi əhəmiyyətli 9 sarayı qarət edib və yandırıblar. Nadir tarixi əhəmiyyət kəsb edən 40 min muzey eksponatı oğurlanıb, 44 məbəd və 18 məscid dağıdılıb. Yandırılan 927 kitabxanada dörd milyon altı yüz min nüsxə kitab və nadir əlyazma nümunələri məhv edilib.

Məqalə Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə dərc olunub.

 

Qulu Kəngərli

Xudaferin.eu

15:28