Özbəkfilm “Daşnaklar Fərqanədən Qarabağadək” adlı sənədli film çəkilib

 

Özbəkistandakı səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə özbək tarixçisi Şöhrət Barlasın “Türküstan və Güney Qafqaz XIX-XX əsrlərdə. Daşnaklar: Fərqanədən Qarabağa qədər” və “Qarabağ: ideyalar müharibəsi” kitabları əsasında “Daşnaklar Fərqanədən Qarabağadək” adlı sənədli film çəkilib.

Daşkənddəki “Ramsel-film” studiyası tərəfindən lentə alınan filmin ssenari müəllifi Şöhrət Barlas, rejissoru Eldar Məmmədov, redaktoru Samir Abbasovdur. Filmin hazırlanmasına Azərbaycanın Özbəkistandakı səfirliyi təşkilati dəstək göstərib.

Filmdə ötən əsrin 1918-1920-ci illərində Türküstanda yaradılan muxtariyyət və bu qurumun ləğv edilməsi məqsədilə daşnaklar tərəfindən törədilən qanlı qırğınlardan danışılır. İlk dəfə olaraq, arxivlərdə saxlanılan nadir video və foto materiallardan istifadə edilib 30 dəqiqəlik sənədli filmdə Özbəkistanın tanınmış tarixçilərinin Türküstan hadisələri ilə bağlı çıxışları verilir. Türküstanda törədilən soyqırımla yanaşı, filmdə 1918-ci ilin mart ayında Bakıda, Qubada və Azərbaycanın digər regionlarında daşnakların həyata keçirdiyi qətliamlar, talanlar, habelə ötən əsrin sonlarında azərbaycanlıların Ermənistandan deportasiyası, Qarabağda başlanan işğalçılıq və etnik təmizləmə siyasəti arasında paralellər aparılır. Sənədli filmdə XX əsrin sonlarında ermənilər tərəfindən Azərbaycanın Xocalı şəhərində törədilən soyqırımı haqqında da danışılır, faciənin qanlı, qeyri-insani terror hadisəsi olduğu kadrların dili ilə tamaşaçıya çatdırılır.

Dünyanın bir sıra dövlətlərinin Xocalı faciəsini soyqırımı aktı kimi tanımaları filmdə xüsusi vurğulanır. Özbəkistanın ilk prezidenti İslam Kərimovun Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqındakı mövqeyi, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi barədə fikirləri sənədli ekran əsərində öz əksini tapıb.

Xudaferin.eu
Özbəkistan, “Daşkənd Bürosu”

 

08:56