Ordular üz-üzə: Səudiyyə-İran savaşı kimin qələbəsi ilə bitə bilər?

 

ABŞ prezidenti Donald Trampın Səudiyyə Ərəbistanına səfərinin gündəliyi geniş olsa da Ər-Riyadda aparılan müzakirələr daha çox İrana qarşı müsəlman dövlətlərin koalisiyasının yaradılması baxımından nəzərdən keçirilir. Ona görə də yaxın perspektivdə İranla bir çox sünni ərəb dövlətləri, o cümlədən, Səudiyyə Ərəbistanı arasında münasibətlərin gərginləşəcəyi proqnozlaşdırılır. Hətta İran və Səudiyyə Ərəbistanı arasında müharibənin baş verəcəyinə dair ehtimallar da səslənir. Siyasi müşahidəçilərin fikrincə, ABŞ-ın hazırda İrana qarşı hərbi zərbələr endirməsi real görünmür. Lakin Tramp administrasiyası Səudiyyə Ərəbistanı və digər Körfəz ölkələrinin hərbi koalisiyası vasitəsilə İranı Yəməndən, Bəhreyndən və Suriyadan vurub çıxarmaq planını işə sala bilər.

 

Faktiki olaraq, hazırda Yəməndə və Suriyada Səudiyyə Ərəbistanı ilə İran arasında bilavasitə müharibə gedir. İranın bölgədə genişlənən hərbi-siyasi təsirinin qarşısını almaq üçün ABŞ Səudiyyə krallığına hər cür siyasi və hərbi dəstək verəcəyini nümayiş etdirir. Bəzi siyasi müşahidəçilər İranla Səudiyyə arasında müharibə baş verərsə, Tehran rejiminin qələbəsinin qaçılmaz olacağını iddia edir. Bu mövqedən çıxış edənlər öz rəyini İranın hərbi qüdrətinin daha güclü olması ilə əsaslandırır. Qeyd edək ki, son illər Yaxın Şərqdə məzhəb savaşının artması İranın şiəliyin və ələviliyin mövcud olduğu ölkələrdə ideoloji mübarizə aparmaq imkanlarını gücləndirib. İraqda, Suriyada, Yəməndə, Bəhreyndə, Səudiyyə Ərəbistanının qərbində-Yəmənlə sərhəddə yerləşən Mədinə, Tabuk, Ciddə şəhərlərində yaşayan şiə müsəlmanlar İranın bu ölkəyə qarşı əsas ideoloji silahı hesab olunur. Əgər İran Suriyadakı silahlı qüvvələrini çıxartmalı olarsa, bu Əsəd rejiminin hakimiyyətdən getməsi ilə yanaşı, Səudiyyə Ərəbistanın Yəməndəki hərbi əməliyyatlarda da qələbə qazanmasına yol aça bilər.

Ər-Riyadda “Terrorizmə Qarşı Mübarizə Mərkəzi”nin açılmasını yüksək qiymətləndirən Tramp, İranın bölgədə yürütdüyü təxribatçı siyasətini qınayaraq, bütün müsəlman ölkələrini Tehran rejimini boykot etməyə çağırıb: “İran, on illərdir ki, regionda və digər yerlərdə terrorçulara təlim keçir, onları maddi və hərbi baxımdan təmin edir. İran, İsrailin məhv edilməsinin tərəfdarıdır. Bu ölkə Orta Şərqin sabitliyinə həmişə xələl gətirib, bunu indi də davam etdirir. Suriyada gedən savaşda isə biz bunun şahidiyik. Bu gün, Tehran rejiminin ən böyük qurbanları, İranın öz xalqı və əhalisidir. İran xalqı rəsmi Tehranın radikalizmə, ifratçılığa və terrorizmə verdiyi dəstəkdən əziyyət çəkir. İran hökuməti terrorçuları silahlandırır, onları maddi və hərbi baxımdan dəstəkləyir. Hazırda regionda, o cümlədən də, Livan, İraq və Yəməndə sabitliyin pozulmasının əsas günahkarı da İrandır. Suriyada Bəşər Əsəd rejimi məhz İranın dəstəyinə arxanaraq öz xalqına qarşı cinayət törədir. Elə buna görə də, hesab edirəm ki, İranı təcrid etmək üçün bütün millətlər bir-biri ilə həmkarlıq etməli, onun terrorçu qruplaşmalara pul və silah çatdırmasının qarşısını almalıdır”.

Konfransda çıxış edən Səudiyyə Ərəbistanı kralı Salman Bin Əbdüləziz əl Səud İranı beynəlxalq terrorizmə dəstək verməkdə, bölgənin ərəb ölkələrinin daxili işlərinə qarışmaqda, din və islam adından sui-istifadə edərək çaxnaşma yaratmaqda və regionda sabitliyi pozmaqda günahlandırıb: “Biz, 1979-cu ildən, yəni, Xomeyni inqilabından bu günə qədər dünya terrorizminin başında duran İran rejiminin din adı altında bölgədə törətdiyi cinayətləri onun xalqının hesabına yazmırıq. Biz, ümumiyyətlə millətlərin din və məzhəb əsasında bölüşdürülməsini qəbul etmirik. İrana hakim sistem, “Hizbullah”, “Husi”lər, İŞİD, Əl-Qaidə və digər terrorçu qruplaşmalar bir-birinə bənzəyir, terrorizmə dəstək verir. Donald Tramp Ər-Riyada səfəri zamanı Səudiyyə Ərəbistanına 10 il müddətinə 350 milyard dollar dəyərində silah müqaviləsi təklif edir. Təbii ki, söhbət ən müasir texnologiyaya malik ağır silahlardan gedir. Ona görə də İranın bəzi ortamənzilli raketləri istisna olmaqla daha çox Sovet texnologiyasına əsaslanan silahları ilə Səudiyyə Ərəbistanı kimi güclü hərbi potensiala malik dövləti məğlub edəcəyi real görünmür. Səudiyyə Ərəbistanı hazırda ABŞ və Çindən sonra hərbi büdcəsinin həcminə görə dünyada 3-cü yeri tutur. 2016-ci ildə Səudiyyə Ərəbistanı silahlı qüvvələrə ayrılan xərcləri 17 faiz artıraraq 80,8 milyard dollar və ya ümumdaxili məhsulun 13,7 faizi qədər vəsait ayırıb. Bu göstəriciyə görə, Səudiyyə Ərəbistanı ilk dünya beşliyində Rusiyanı və Böyük Britaniyanı qabaqlayır. 2017-ci ildə kral Salman bin Əbdül-Əziz əl-Səudun göstərişi ilə hərbi büdcə 5-7 faiz artırılaraq 95 milyard dollara çatdırılıb. Bu vəsaitin 56 faizi hərbi dəniz donanmasının gücləndirilməsinə, 8 faizi isə piyada qüvvələrinin ABŞ hərbçiləri tərəfindən təliminə ayrılıb. Hərbi xərclərin 23 faizi hədəfi yüksək dəqiqliklə vuran silahların alınması üçün nəzərdə tutulub. Bu silahların ABŞ-dan alınması Səudiyyəyə müharibə şəratində İrana qalib gəlmək üçün güclü potensial yaradır. Neftin ucuzlaşmasından sonra Səudiyyə dövlət büdcəsinə qənaət etmək məqsədilə qarşıdakı üç il ərzində dövlət aparatında çalışan məmurların 13-18 faizini, onların maaşını isə 25-30 faiz ixtisar etməyi nəzərdə tutur. Beləliklə, Səudiyyə Ərəbistanı 30 milyard dollar dövlət vəsaitinə qənaət etmiş olar. Ancaq bu qərar hərbi sahəyə aid edilməyəcək. Səudiyyə Ərəbistanı qarşıdakı 5 ildə hərbi büdcəni 150 milyard dollara çatdırmağı planlaşdırır.

Müqayisə üçün qeyd edək ki, 2017-ci ildə İranın dövlət büdcəsindən müdafiə xərcləri məqsədilə 10 milyard dollar həcmində vəsait ayrılıb. Bu 2016-cı illə müqayisədə 39 faiz artım deməkdir. İran İslam İnqilabı Keşikçiləri Qvardiyasının (SEPAH) saxlanılması üçün ayrılan hərbi vəsaitin də məbləği artırılaraq 6,9 milyard dollara çatıb. Ümumiyyətlə, analitiklər Həsən Ruhaninin 2013-cü ildə hakimiyyətə gəlişindən sonra İranda hərbi büdcənin sürətlə artırılmasına diqqət çəkir. Belə ki, 2013-2017-ci illərdə İranın müdafiə xərcləri 80 faiz çoxalıb. İranın silahlanmaya ayırdığı xərclərin artması həm də Suriyada və Yəməndə apardığı pərdəarxası müharibə ilə izah oluna bilər. Bundan başqa, İran "Hizbullah" terror təşkilatının, İraqda və Suriyada "Şiə milis dəstələri"nin da silahlanmasına maliyyə ayırır. Suriyada və Yəməndəki hərbi əməliyyatları isə SEPAH həyata keçirir. Əgər 2013-cü ildə SEPAH-ın büdcəsi 3,3 mlrd. dollar təşkil edirdisə, bu göstərici 2014-cü ildə 5 mlrd. dollar, 2015-ci ildə 6,1 milyard, 2016-cı ildə 4,5 mlrd.dollar təşkil edib. Yəni, İran dövlətinin SEPAHA ayırdığı vəsaitin xeyli hissəsi Suriyada, Yəməndə hərbi əməliyyatların həyata keçirilməsinə, eyni zamanda İraqda, Livanda və Fələstində silahlı qrupların saxlanılmasına sərf olunur.

İran üzrə tanınmış ekspert, Amerika Beynəlxalq Şurasının prezidenti, Harvard Universiteti Beynəlxalq Münasibətlər Şurasının üzvü Məcid Rəfizadə isə hesab edir ki, İranın hərbi büdcəsi daha çoxdur. Onun açıqladığı rəqəmlər İranın hərbi xərclərini gizlətdiyini deməyə əsas verir. Ekspert qeyd edir ki, İranın hərbi büdcəsi 2016-cı ildə əslində, 14,5 mlrd.dollar təşkil etdiyi halda 2017-ci ildə real olaraq 15,9 mlrd. dollara çatıb. Qeyri-rəsmi rəqəmlər barədə əldə edilən məlumatlar İranın müdafiə xərclərinin getdikcə artacağını göstərir: "Ölkədə sürətlə artan işsizliyə, yoxsulluğa qarşı mübarizənin vacibliyinə, pis infrastruktura, elmin və təhsilin aşağı səviyyədə olmasına baxmayaraq, İranın 106 milyard dollarlıq dövlət büdcəsinin 1/4-i ballistik raketlərin istehsalı və nüvə proqramı da daxil olmaqla hərbi sahəyə ayrılır. Ən böyük sıçrayış İran İslam İnqilabı Keşikçiləri Qvardiyasının maliyyələşməsində qeydə alınıb. 2016-cı ildə 4,52 mlrd. dollara yüksələn xərclər 2017-ci ildə 7,01mlrd. dollara çatıb. Bu artım təxminən 55% təşkil edir. Prezident Ruhani İranın müxtəlif hərbi və yarımhərbi sahələrinə 25 milyard dollar ayırmağın zəruri olduğunu deyib. Yaranmış vəziyyəti nəzərə alsaq, bu vəsait tezliklə ayrılacaq. Qeyd edək ki, mütəmadi olaraq ən çox maliyyə dəstəyini İİİKQ və onun aparıcı qüvvəsi olan, İranın ideoloji və siyasi maraqlarını xarici ölkələrdə həyata keçirmək məqsədilə yaradılmış "Əl-Qüds" alır. İran İslam İnqilabı Keşikçiləri Qvardiyasının tabeliyində hərbi büdcədən maliyyələşən və təbliğatla məşğul olan digər silahlı birləşmələrə Bəsic milisləri, İmam Hüseyn Universiteti, Mələk Əştar Universiteti və ali lider Əli Xameneyinin rəhbərlik etdiyi İİİKQ daxildir".

İkinci böyük vəsait İranın Müdafiə Nazirliyi üçün ayrılıb-6,6 mlrd.dollar. Hərbi büdcənin artırılmasında Kəşfiyyat Nazirliyi də mühüm rol oynayır. Cari ildə İran Kəşfiyyat Nazirliyinə 3,3 mlrd.dollar vəsait ayırılıb. 2016-cı və 2017-ci illərdə hərbi büdcənin məbləğinə görə, Səudiyyə Ərəbistanı dünya ölkələri arasında 3-cü yeri tutduğu halda, İran mövcud xərclər səviyyəsində 2016-cı ilin sonuna olan hesabatda 22-ci pillədə qərarlaşıb. Göründüyü kimi, Səudiyyə Ərəbistanının hərbi büdcəsi İrandan, rəsmi statistikaya əsasən 9 dəfə böyükdür. Eyni zamanda, Səudiyyə Ərəbistanı 650 min nəfərlik nizami, peşəkar orduya malikdir. Ehtiyatda olan hərbçilərin sayı isə 25 min nəfər təşkil edir. Ümumilikdə, Səudiyyə krallığı 670 min nəfərdən artıq qoşuna sahibdir. "Global Firepower" reytinq agentliyinin 2016-cı ilə dair hesabatına görə, ərəb ölkələri arasında 3-cü, dünyada isə 28-ci ən böyük ordu Səudiyyə Ərəbistanına məxsusdur. Bu ölkənin 233 500 nəfər peşəkar ordusu var. Hər il həqiqi hərbi xidmətə çağırılan əsgəri qüvvənin sayı 505 868 nəfər təşkil edir. Səudiyyə Ərəbistanın silahlı qüvvələrinin arsenalına 1210 tank, 5472 zirehli döyüş maşını, 675 hərbi təyyarə və helikopter, 55 hərbi gəmi və s.daxildir. Qeyd edək ki, Barak Obamanın prezidentliyi dövründə Səudiyyə Ərəbistanı ilə ABŞ arasında münasibətlərdə soyuqluğun müşahidə olunmasına baxmayaraq, hərbi əməkdaşlıq demək olar ki, zəifləməyib. 2009-20016-cı illərdə Amerika Səudiyyə Ərəbistanına 84 ədəd "F15SA Eagle" qırıcı təyyarəsi, dəyəri 29,4 milyard dollar dəyərində 70 ədəd raket və bombalarla təhciz olunmuş və təkmilləşdirilmiş "F-15S" bombardmançısı, 31, 1 mlrd. dollara 70 ədəd "AH-64 Apache", 72 ədəd "UH-60M Blackhawk", 36 ədəd "AH-6i" və 12 ədəd "MD-530 F" döyüş helikopterləri satıb.

Bundan başqa, Səudiyyə Ərəbistanı ABŞ-dan 71 milyon dollara "FGM-148 Javelin 150" tank əleyhinə raket sistemləri, 611 milyon dollara 155 ədəd yüngül zirehli maşın, 886 milyon dollara 90 ədəd haubitsa, döyüş vasitələri, batareya əleyhinə mübarizə üçün radarlar, 432 ədəd "Humvee" hərbi avtomobilləri, növbəti müqaviləyə uyğun olaraq, 33 milyon dollara daha 223 ədəd "Humvee", 257 milyon dollara "Link-16" hərbi-taktiki məlumatların mübadilə şəbəkəsi, 6,7 mlrd.dollara 20 ədəd "C-130J-30" nəqliyyat təyyarəsi və iki ədəd "KC-130J" yanacaqdolduran təyyarə alıb. 300 Zenit Raket Kompleksi "Patriot (PAC-2)"-nin xidmət müddətinin uzadılmasına 130 milyon dollar, Səudiyyə Ərəbistanı Milli Qvardiyasının 2742 ədəd tank əleyhinə modern "BGM-71E-4B-RF TOW" zenit raket qurğuları ilə təminatına 177 milyon dollar ödənilib. Həmçinin, ABŞ Səudiyyə Ərəbistanına 1,2 mlrd. dollar dəyərində 30 ədəd "Mark V" gözətçi katerləri satıb. Sonra Səudiyyə krallığı 1,07 mlrd.dollar məbləğində ABŞ istehsalı olan 750 ədəd "TOW-2B" və bu raketlərə qarşı 14 942 ədəd "TOW-2" ZRK alıb. 5 ədəd "Avaks" təyyarəsinin modernləşdirilməsi üçün ABŞ-a 2 milyard dollar ödənilib. ABŞ-dan 1,75 mlrd.dollara 202 ədəd "Patriot PAC-3" zenit-raket kompleksləri alınıb ki, bu atəş sistemləri İranın hərbi arsenalını darmadağın etməyə yetər. Birləşmiş Ştatlardan 20 ədəd "MH-60R" helikopterin və digər silahların alınması üçün 1,9 mlrd.dollar ödənilib.

Bu qədər ağır silahla kifayətlənməyən Səudiyyə Ərəbistanı ABŞ-dan 5,4 mlrd. dollar dəyərində 600 ədəd raket və "Patriot PAC-3" ZRK-ləri, 495 milyon dollara 9 ədəd "UH-60M Black Hawk" helikopterləri və onların mühərriklərini alıb. Bundan başqa, Amerikadan istehlak edilən hərbi ləvazimatlar sırasına 11,25 mlrd.dollarlıq 4 ədəd sahil zonası sinfinə aid edilən silahlı "Freedom" döyüş gəmisi, 1, 29 mlrd.dollar dəyərində 20 160 ədəd aviabomba, partlayıcılar, göstəricilər və s. daxildir. Səudiyyə Ərəbistanı silahlı qüvvələrinin 5 ƏDƏD "MK 15 Phalanx" zenit artilleriya kompleksləri ilə təchiz olunması üçün 154 milyon, "M1A2S" və "M1Al/A2" tanklarının və digər hərbi vasitələrin təkmilləşdirilməsinə 1,15 mlrd.dollar ödənilib. Səudiyyə Ərəbistanı 48 ədəd "ch-47 Chinook" nəqliyyat helikopterinin alınmasına da 3,51 mlrd dollar xərcləyib.
"Global Firepower"nin hesabatına əsasən İran silahlı qüvvələri hərbi gücünə görə, dünyada 23-cü yeri tutur. İran 545 min nəfərlik peşəkar orduya malikdir. Hər il həqiqi hərbi xidmətə çağırılanların sayı 1 392 483 nəfər təşkil edir. Ehtiyatda olan əsgər və zabit heyətinin sayı 1 milyon 800 min nəfərdir. İran silahlı qüvvələri 1658 tank, 1315 zirehli döyüş maşını, 471 təyyarə və helikopter, 397 hərbi donanma gəmisi və katerə malikdir. İranın Səudiyyə Ərəbistanından üstünlüyü sualtı gəmilərə malik olmasıdır. İranın 32 ədəd sualtı gəmisi olduğu halda Səudiyyə Ərəbistanının hərbi arsenalında bu texnikadan biri belə yoxdur. İranın hərbi arsenalında ən güclü silah orta və uzaqmənzilli raketləri hesab olunur. “Şahab-1”, “Şahab-2” raketlərindən sonra İranın istehsal etdiyi “Şahab-3” 1200 km məsafəni vurmaqla yanaşı, nüvə başlığı daşımaq imkanına malikdir. “Siccl-II” raketləri isə mobil platforma malik olduğundan “Şahab-3”-dən fərqli olaraq onu atışdan qabaq məhv etmək çətindir“. Hormuz-2” raketi 300 km uzaqlıqda olan hədəfləri dəqiq vura bilir. Ancaq ekspertlər hesab edir ki, İranın raketləri müasir texnoloji tələblərə cavab vermədyinidən onu məhv etmək asandır. Ona görə də İran hava hücumundan müdafiə sistemini Rusiyadan aldığı “S-300” raketləri ilə təmin edib. Səudiyyə Ərəbistanında olan "Patriot PAC-2” və “Patriot PAC-3” sistemləri İranın raketlərini yerində və havada zərəsizləşdirməklə yanaşı, hərbi bazalarını da məhv etmək gücünə qadirdir.

Müşfiq Abdulla

 

20:19