"ORDA NƏİNKİ ERMƏNİ, HEÇ ONUN İYİ DƏ YOXDUR" - RÜSTƏM İBRAHİMBƏYOV

Ayaz Salayev: “Bu, çox primitiv izahatdır”

“O adam informasiya müharibəsində artıq o biri tərəfdədir”

Rejissor, ssenarist Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkilən “Qafqaz üçlüyü” filmi Azərbaycanda böyük hiddətə səbəb olub.

Ssenarist bu filmlə erməni dəyirmanına su tökməkdə, Azərbaycana xəyanətdə ittiham edilir.

Qeyd edək ki, 2015-ci ildə çəkilmiş “Qafqaz üçlüyü” filminin ssenarisi R.İbrahimbəyova, rejissor işi isə Eldar Şengelaya və Fuad İbrahimbəyova aiddir.

Filmlə bağlı ilk etiraz kinorejissor Ayaz Salayevdən gəlib. O, ekran əsərində R.İbrahimbəyovun Azərbaycan xalqını qəddar, mədəniyyətsiz, milli kökləri olmayan obrazda, ermənilər isə ailicənab, sülhsevər, “vəhşi türkün qurbanı” kimi təqdim etdiyini vurğulayıb.

Kinoşünasın fikrincə, filmdə uşaqların qayadan suya tullanma səhnəsində ssenarist azərbaycanlı uşağı qorxaq, ürəksiz, erməni azyaşlısını isə cəsur, heç nədən çəkinməyən biri kimi təqdim edib. Daha sonra həmin cəsur Bakı ermənisini səxavətli, işinin peşəkarı olan həkim kimi göstərib. Ardınca da qəddar azərbaycanlı kənd uşaqlarının aktyoru kəhrizə atıb onu daşlamaq səhnəsini canlandırıb: “Vəhşi kənd uşaqları bədbəxt aktyorun etnik köklərini incələyib onu kəhrizə atırlar- ekranda türk vəhşilərinin əzablarına düçar qalan erməni intilegensiyasının ümimiləşdirilmiş obrazı canlanır”.

Filmin ssenaristi Rüstəm İbrahimbəyov isə Hurriyyet.org-a verdiyi açıqlamasında bu haqda deyilən fikirləri təkzib edir. Onun fikrincə, film haqda bilərəkdən yanlış təbliğat aparılır:“Ayaz Salayevin filmlə bağlı yazdıqları yalan, böhtandır. “Qafqaz üçlüyü” haqda belə bir məqalə yazmaq ona sifariş olunub. Burda filmin qəhrəmanı gözəl bir insandır, o, hökumətin iqtisadi siyasətindən razı deyil, ona görə çıxışlar edir. O, böyük bir institutun rəhbəridir. Onu vəzifədən çıxarmaq üçün yanına qəflətən erməninin gəlməyindən istifadə edirlər. Bu isə bizim məmurların xoşuna gəlməyib və bu səbəbdən də belə bir məqalənin yazılmasını tapşırıblar”.

“Film təbliğat vasitəsidir. Siz bununla ermənilərin əlinə tutarqa vermisiz” fikrinə isə ssenarist belə cavab verdi: “Mən ermənilərə, konkret bizim Qarabağ probleminə münasibətimi həmişə açıq bildirmişəm. Həmişə demişəm ki, mən Ermənistan hökumət rəhbərləri və radikal dairələri xalqdan ayırıram. Hər ermənini düşmən görmək istəmirəm. Onların rəhbərləri, hakimiyyəti bizim düşmənimizdir. Onlar aqressorluq edib. Onların höküməti bizim torpaqları zəbt edib. Burda hər ermənini günahlandırmaq doğru deyil. Biz məqsədimizə çatanda, Azərbaycanın bütövlüyünü bərpa edəndə ermənilər yenə Qarabağa qayıdacaq. Çünki bu, beynəlxalq normadır. O zaman bunlar Azərbaycan vətəndaşı kimi qayıdacaqlar. Biz hamıya düşmən kimi baxsaq, onlarla necə bir yerdə yaşayacağıq? Filmlə təbliğat aparılmasına gəlincə, deyim ki, bu ekran əsəri 3 il qabaq çəkilib. İniyədək bir nəfər də olsa, erməni bu filmi öz xeyrinə təbliğat kimi hallandırmayıb. Bunlar hamısı uydurma fikirlərdir. Film 2015-ci ildə çəkilib və hər yerdə də göstərilib. Haqqında neçə-neçə resenziyalar yazılıb. Bir adamın ağlına belə şey gələ bilməz. Yenə deyirəm, filmi belə hallandırmaq, bu şəkildə təqdim etmək məmurların sifarişidir. Yazıq Salayevi məcbur ediblər, o da bu işə qol qoyub. Filmdə onun yazdığı məqamların heç biri yoxdur”.

Filmin kim tərəfindən maliyyələşdirildiyi haqda sualı isə R.İbrahimbəyov belə cavabladı:“Mənim Moskvada kompaniyam var. Maliyyə məsələsi belə həll olunub. Sonrası da ki, biz o filmi gürcülərlə bir yerdə çəkmişik. Orda bir dənə də olsa, erməni iştirak eləməyib. Hətta erməni roluna da mən rus aktyorunu çəkmişəm.Orda nəinki erməni, heç onun iyi də yoxdur. Anlamıram ki, necə belə inanırsız? Bəyəm bilmirsiz ki, bizim televiziyalar ancaq belə təbliğat aparır?”

Rejissor Roman Babayanla işbirliyi, yeni film çəkməsi haqda da danışdı: “Onunla 20 il bundan qabaq film çəkmişəm. Bu vəziyyətdə mən heç bir erməni studiyası, erməni kompaniyasıyla birgə heç nə çəkə bilmərəm. Amma erməni rejissorla Ukraynada, Rusiyada, yaxud da Amerikada işləyə bilərəm. Çünki yenə deyirəm, mən hər ermənini düşmən görmək istəmirəm, heç kimə də bunu məsləhət görmürəm. Çünki bu, bizi vəhşi kimi göstərir. Biz özümüzü elə aparsaq, bununla erməni təbliğatına yardım etmiş olacağıq. Onlar da deyir, görürsüz, necə millətdir? Biz ora necə qayıda bilərik? Qarabağda necə yaşaya bilərik?! Siz belə deyirsiz, amma bu gün mənə 10 nəfər Azərbaycandan zəng eləyib deyir ki, filmə baxmışıq, çox gözəldir. Qoy filmlə bağlı şübhəsi olan hər kəs ona baxıb sonra bu haqda qərar versin”.

Картинки по запросу Ayaz Salayev

Kinoşünas Ayaz Salayevsə Hurriyyet.org-a açıqlamasında R.İbrahimbəyovun bu açıqlamasının çox primitiv olduğunu bildirir: “Mən ömrümdə heç nəyi sifarişlə eləməmişəm. 57 yaşım var, bu yaşa qədər heç vaxt tapşırıqla iş görməmişəm. Mən o yazını ürəklə yazmışam. O filmlə özümü təhqir olunmuş hesab etdiyim üçün bu fikirləri qələmə almışam. Əgər o mənim haqqımda belə deyibsə də, çox yanlış fikirdədir. Bu, çox primitiv izahatdır. İkincisi də, o filmi görənlərin hamısı dedilər ki, siz hələ çox yumşaq yazmısız. Onlar da mənim kimi bu filmlə özünü təhqir olunmuş hesab edir. Deyirlər ki, çox sağ olun ki, bu haqda yazıb bizim də düşüncələrimizi əks elətdirmisiz. İndi dünyada informasiya müharibələri gedir. Düşünürəm ki, o adam artıq informasiya müharibəsində o biri tərəfdədir”.

Altunay, Hurriyyet.org

18:54