Oradur-sür-Qlan və Xocalı - “şəhid şəhərlər” VİDEO

Erməni faşistləri tərəfindən törədilən Xocalı qətliamını xatırladan Fransanın Oradur-sür-Qlan (Oradour-sur-Glane) “şəhid qəsəbə”si 1944-cü il iyunun 10-da alman faşistləri tərəfindən yandırılıb, 642 nəfər qətlə yetirilib. İkinci Dünya müharibəsi zamanı alman faşistlərinin Oradur-sür–Qlan qəsəbəsində törətdikləri qətliamı erməni faşistləri XX əsrin sonlarında Azərbaycanın Xocalı şəhərində, özü də bütün dünyanın gözü qarşısında təkrarlayıblar. Erməni vandalizmi nəticəsində şəhər yerlə-yeksan edilib, 613 azərbaycanlı qadın, uşaq və yaşlı insan amansızlıqla qətlə yetirilib.

Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, Oradurda kütləvi qırğının törədilməsinə rəhbərlik etmiş, 10 illərlə saxta ad altında yaşamış və 1983-cü ilə müharibə cinayətlərinə görə ömürlük həbs olunmuş faşist zabiti Heinz Barth məhkəmədə faciənin necə törədildiyini danışıb. Bildirib ki, alman faşistləri kimliklərini yoxlamaq adı ilə qəsəbə sakinlərini mərkəzi meydana toplayaraq, kişiləri qadın və uşaqlardan ayırıblar. Kişilər və yaşı 14-dən yuxarı olan gənclər 30 nəfərlik qruplara bölünərək qəsəbənin 6 müxtəlif hissəsində qətlə yetirilib. Onların öldüklərinə əmin olmaq üçün cəsədlər yenidən güllə yağışına tutulub. Sonra faşistlər cəsədlərə od vurub, yaralıları diri-diri yandırıblar.

Alman faşistləri 350 qadın və uşağı qəsəbənin kilsəsinə doldurub, qapıları bağlayaraq onları yandırıblar. Yanan kilsədən yalnız bütün ailə üzvlərini itirən 47 yaşlı Marqarita Rufanş xilas ola bilib. Oradur qətliamının qurbanları arasında 170 uşaq, 193 gənc və kişi, yaşı 14-dən çox olan 240 qız və qadın, eləcə də kilsə keşişi və onun köməkçiləri olub. Qəsəbə sakinlərinin hamısı eyni vaxtda - iyunun 10-da saat 16:00 radələrində qətlə yetiriliblər.

Qəsəbənin sağ qalmış sakinləri 1953-cü ilədək taxta evlərdə yaşayıblar. Yalnız 1953-cü ildən sonra yandırılmış qəsəbənin yaxınlığında yeni qəsəbə salınıb, 200 ev tikilib. Ötən əsrin 60-cı illərinin əvvəlinə qədər Oradur “ölü qəsəbə” kimi daim qəm və matəm içində olub. Qəsəbədə heç bir bayram əhval-ruhiyyəli mərasim və ya tədbir keçirilməyib. İnsanlar həmişə matəm rəmzi olan qara paltar geyiniblər. 1988-ci ildə ilk dəfə bir əczaxananın divarı sarı rəngdə boyanıb, sonra poçt, ictimai binalar da sarı rəngdə boyanılıb. Beləliklə, qəsəbə yavaş-yavaş matəmdən çıxmağa başlayıb. Qəsəbə normal həyata 1991-ci ildə qayıdıb, küçə və meydanlarda ağac və güllər əkilib.

Qəsəbədə kütləvi qırğının törədilməsinə səbəb kimi orada partizanların gizlənməsi göstərilsə də, aparılan tədqiqatlarla bu versiyanın səhv olduğu sübuta yetirilib. Tədqiqatçıların mülahizələrinə görə, faşistlərin məqsədi cəsədləri tanınmaz hala salmaq olub. Oradur faciəsi ilə faşistlər mülki sakinlər arasında qorxu yaratmaq, Müqavimət Hərəkatını iflic vəziyyətə salmaq istəyiblər.

Qeyd edək ki, hazırda Oradur-sür-Qlan qəsəbəsi açıq səma altında muzey kimi qorunub saxlanılır.

Oradur faciəsi hər bir azərbaycanlıya yaxşı tanışdır. Çünki xalqımıza qarşı oxşar qətliamı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə törədilib. Həmin gecə 106-sı qadın, 83-ü uşaq və 70-i ahıl olmaqla, ümumilikdə 613 mülki azərbaycanlı erməni faşistləri tərəfindən qəddarlıqla qətlə yetirilib. Qətliamın məqsədi də təxminən eyni olub – mülki əhali arasında qorxu hissi yaratmaq. Bu onu deməyə əsas verir ki, ermənilər də faşist xislətlidirlər. İkinci Dünya müharibəsi zamanı faşistlərə xidmət etmiş Qaregin Njdeyə Ermənistanda abidənin ucaldılması da onların xislətini açıq-aşkar nümayiş etdirir. Əgər XX əsrin ortalarında alman faşizmini məhv etmək üçün bütün dünya bir araya gələrək gücünü səfərbər etmişdisə, erməni faşizminə Azərbaycan özü təkbaşına son qoydu, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələri yerinə yetirdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti və əzmi, Azərbaycan Ordusunun rəşadəti sayəsində torpaqlarımız erməni işğalından azad edildi. Bununla da nəinki Azərbaycan, eləcə də bütün bölgə üçün təhdid olan erməni faşizminə son qoyuldu.

İnanırıq ki, İkinci Dünya müharibəsində alman faşizminin süqutundan sonra dünyada yeni inkişaf mərhələsinin başlandığı kimi, erməni faşizminin məhv edilməsindən sonra Cənubi Qafqaz bölgəsi də yeni tərəqqi dövrünə qədəm qoyacaq.

Xatırladaq ki, 2016-cı ildə Parisin Yelisey Çölləri xiyabanındakı Zəfər Tağının altında Oradur-sür-Qlan və Xocalı “şəhid şəhərlər”ində törədilmiş soyqırımı qurbanlarının xatirəsi birlikdə anılıb və onların xatirəsinə əbədi məşəl önünə əklil qoyulub.

Şəhla Ağalarova

Xudaferin.eu

 

14:42